Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyəyə səfəri çərçivəsində İstanbulda yerləşən Özyeğin Universitetini (ÖZÜ) ziyarət edib.
2007-ci ildə yaradılan və 2011-ci ildən müasir standartlara cavab verən kampusda fəaliyyət göstərən ÖZÜ Türkiyənin yeni dövr universitetlərindən biri hesab olunur.
ÖZÜ-nün rəhbər heyəti ilə görüşən Ş.Bayramov yaşıl kampusda yerləşən tədris binaları, tələbə ofisləri, biznesin inkişafı və sənaye 4.0 kompetensiyaları mərkəzi, kitabxana, qapalı və açıq idman meydançaları, yeməkxana, yataqxana və digər infrastruktur obyektləri ilə tanış olub. Kampus yaradılması və idarəçiliyi sahəsində ÖZÜ təcrübəsindən faydalanmaqda maraqlı olduqlarını qeyd edən Ş.Bayramov müasirləşməkdə olan MDU-da həyata keçirilən yeniliklər və qarşıya qoyulan strateji hədəflər barədə danışıb.
Qonaqlara ÖZÜ-də Biznesin inkişafı və sənaye 4.0 kompetensiyaları mərkəzinin fəaliyyəti, startapların təşkili və inkişafı mexanizmi, kiçik və orta sahibkarlığın inkişafına dəstək alətləri, dövlət qurumları və biznes strukturları ilə işbirliyinin yaradılması təcrübəsi, Avropa İttifaqı layihələrində iştirak və digər məsələlər barədə ətraflı məlumat verilib. Görüş çərçivəsində Greenmetric reytinqinə görə Türkiyənin ən “yaşıl universitet”Iəri sırasında yer alan ÖZÜ-nün bərpa olunan resurslar hesabına elektrik enerjisi ilə tam təminat, enerjinin kampusdakı binalar arasında səmərəli paylanılması, avtomatlaşdırılmış havalandırma, isitmə və soyutma sistemləri üzrə modern təcrübələri barədə təqdimatlar nümayiş etdirilib.
Qarşılıqlı maraq doğuran məsələlərin geniş müzakirə olunduğu görüşdə müvafiq infrastrukturun yaradılması və inzibati heyət üzvlərinin bacarıqlarının inkişaf etdirilməsi sahəsində MDU-ya köməklik göstərilməsinə dair ilkin razılıq əldə olunub.
Görüşdə Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşı Nəcibə Nəsibova, MDU rektorunun müşaviri Hamiz Mahmudov və ÖZÜ-nün müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, yeni dövrün tələblərinə uyğun ali təhsil xidmətləri göstərmək məqsədilə MDU-da mövcud infrastrukturun modernləşdirilməsi və kadr potensialının gücləndirilməsi diqqət mərkəzində saxlanılır, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi əhəmiyyət verilir.
Şərhlər bağlıdır.