2021-ci il 15 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov cari tədris ilinin yaz semestrinin başlanması ilə əlaqədar olaraq bakalavr və magistratura səviyyəsində təhsil alan tələbələrlə görüş keçirib.
“Microsoft Teams” platforması üzərindən onlayn təşkil edilən görüşdə payız imtahan sessiyasının uğurla yekunlaşmasını və yaz semestrinə start verilməsini qeyd edən rektor mövcud qaydalara uyğun olaraq məsafədən təşkil edilən dərslərdə tələbələrin üzərinə düşən vəzifələrdən danışıb, onlara universitet həyatında daha fəal olmağı, bilik və bacarıqlarını inkişaf etdirməkləri üçün yaradılmış imkanlardan maksimum faydalanmağı tövsiyə edib.
Görüşdə tələbələr çıxış edərək MDU-da onların inkişafı üçün yaradılmış əlverişli təhsil mühitindən məmnun olduqlarını bildiriblər, mövcud pandemiya şəraitində göstərilən yüksək diqqət və həssaslığa görə universitet rəhbərliyinə təşəkkürlərini çatdırıblar.
Sonra, köçürülmə, ixtisasdəyişmə, təcrübə, laboratoriya dərsləri, magistraturaya qəbul, xaricdə təhsil, startaplara dəstək və digər məsələlərlə bağlı tələbələrin müraciətləri dinlənilib, onların sualları cavablandırılıb, rəy və təkliflərinə münasibət bildirilib.
Qeyd edək ki, mövcud həssas dönəmi nəzərə alaraq MDU-da dərslərin məsafədən təşkilinin səmərəliliyinin artırılması, tədris prosesinə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə tələbə və müəllim kollektivi ilə müntəzəm olaraq görüşlər keçirilir.
Şərhlər bağlıdır.