Bizimlə həyatınız həmişə işıqlı olacaq!

700 yumurta tutan inkubator avadanlığı nasaz çıxdı

208

Mingəçevir sakini Məmmədova Ruzigar Nadir qızı düşdüyü çətin problemlər içərisində batdığını deyir. Bu xanım səhərin “Şəfa” bağlar massivində 34 yaşlı oğlu ilə birlikdə yaşadığını deyir. Bildirir ki, uzun illər bundan öncə qəza nəticəsində həyat yoldaşını itirib: “O zamandan ailəmizin dolanışığı tamamilə çətinləşib. 2000-ci ildən heç bir yerdə daimi işim yoxdur. Səhhəti narahat olan oğlum da iş tapa bilmir”.

Bu gün ailə borc içərisindədir. Ruzigar xanım vəziyyətdən çıxmaq üçün Məşğulluq Mərkəzinin xəttilə özünəməşğulluq proqramına qoşulub. Kurslara da qatılıb. Hətta kursu keçdikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inkubator avadanlığı ilə təmin olunub. Avadanlığı aldıqdan sonra sevinib ki, artıq kasıbçılığın daşını atacaq. Lakin nə biləydi ki, yağışdan çıxıb, yağmura düşəcək. Belə ki, inkubator avadanlığı nasaz çıxıb.

“700 yumurta tutan inkubator verdilər mənə. Çox sevinirdik. Borc pul alıb, 700 yumurta aldıq, inkubatora yerləşdirdik. Lakin bütün məhsul zay oldu. Təzədən üstümüzə borc yığıldı. Aidiyyatı qurumlara müraciət etdim ki, verdiyiniz bu avadanlıq xarab çıxıb. Rəsmi şikayət etdim. Avadanlığı aparıb düzəltirib gətirdilər. Amma yenə işləmədi. Bununla da çox ziyana düşdüm. Bu gün nasaz aparat mənə baxır, mən də aparata. Adımda aparat olduğuna görə verilən 190 manat müavinətdən də məhrum oldum.  Yaşım da çatmır ki, pensiyaya çıxım. Bu yaşda da heç bir yerə işə götürmürlər. Üstəlik oğluma da iş tapılmır. Səsimizə səs verən də yoxdur”.

Şərhlər bağlıdır.