Bizimlə həyatınız həmişə işıqlı olacaq!

60+ yaşlı müəllimlər üçün yeni təklif: Sertifikasiya nəticəsi məcburi olmasın

Ekspert: “Təqaüd yaşına çatan pedaqoqlar üçün imtahan nəticəsi əsas meyar sayılmamalıdır”

15

Sertifikasiya müəllimlərin bilik və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün tətbiq edilən əsas mexanizmlərdən biridir. Son dövrdə bu proseslə bağlı ən çox müzakirə edilən məsələlərdən biri 60 yaşdan yuxarı pedaqoqların imtahanlarda könüllü şəkildə iştirak etməsi və yüksək nəticələr göstərməsi fonunda yaranan hüquqi boşluqdur.

Hazırda gündəmdə olan əsas təkliflərdən biri yaşlı müəllimlərin 65 yaşdan sonra da müəyyən müddətlik işdə saxlanılması, əmək müqavilələrinin yenilənməsi ilə bağlıdır. Bu ideya həm təhsil sisteminin təcrübəli kadrlara olan ehtiyacını, həm də müəllimlərin peşə fəaliyyətini davam etdirmək hüququnu nəzərə alaraq irəli sürülür.

Təhsil eksperti Ramin Nurəliyev bildirir ki, əgər müəllim təqaüd yaşına çatıb, 60-dan yuxarıdırsa və yüksək nəticə göstərsə belə, sertifikasiya imtahanının nəticəsi onun fəaliyyətinin davam etdirilməsi üçün əsas meyar olmamalıdır. Onun fikrincə, təkcə imtahan balına əsaslanmaq müəllimin digər peşə keyfiyyətlərini kölgədə qoyur.

Ekspertin sözlərinə görə, yaşlı müəllimlərin hamısının eyni səviyyədə pedaqoji aktivliyə sahib olduğunu demək düzgün deyil. Bəziləri enerjili və fəal ola bilər, lakin ümumi yanaşma olaraq gənc kadrların irəli çəkilməsi vacibdir:

“Gənc müəllimlər daha dinamikdir, öyrənməyə açıqdır və sinifdə daha aktiv fəaliyyət göstərə bilir. Bəzi hallarda müəllim sertifikasiyadan yüksək bal toplasa da, sinfi idarə etmə, şagirdlərlə ünsiyyət və digər praktiki bacarıqlar baxımından çətinlik yaşayır”.

Ramin Nurəliyev vurğulayır ki, sertifikasiya imtahanı yalnız nəzəri bilikləri ölçür və müəllimin bütün pedaqoji qabiliyyətlərini tam əhatə etmir. Onun fikrincə, müəllimlik fəaliyyətinin əsas hissəsi sinif idarəetməsi, şagirdin psixoloji durumunu anlamaq və təlim prosesini effektiv qurmaqdır:

“Bu keyfiyyətlər nəzərə alınmadan yalnız yüksək sertifikasiya balına görə müəllimin təqaüdə göndərilməməsi gələcəkdə sui-istifadə hallarına səbəb ola bilər”.

Ekspert bildirir ki, yüksək bal toplamış müəllimi 3–5 il əlavə işdə saxlamaq həm də gənc kadrların qarşısını kəsmək deməkdir:

“Mövcud vakant yerlərin sayına baxanda görürük ki, gənc müəllimlər üçün kifayət qədər imkan yoxdur. Odur ki, bu məsələ diqqətlə tənzimlənməlidir”.

O əlavə edib ki, gənc müəllimlərin məktəblərə cəlb olunması üçün daha çox stimullaşdırıcı addımlara ehtiyac var:

“Enerjili, öyrənməyə və öyrətməyə həvəsi olan gənc kadrlar təhsilin gələcəyidir. Bu səbəbdən onların sistemə daxil olması üçün şərait yaradılmalıdır”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.