Bizimlə həyatınız həmişə işıqlı olacaq!

31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

13

2022-ci ilin martın 29-da Mingəçevir Dövlət Universitetində (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Xalqın tarixi yaddaşından silinməyən qanlı səhifə” mövzusunda mühazirə keçirilib. Mühazirədə universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Əvvəlcə, soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mühazirəni giriş sözü ilə açan MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova 1918-ci ilin mart-aprel aylarında erməni təcavüzkarları tərəfindən ölkəmizin müxtəlif bölgələrində xalqımıza qarşı xüsusi qəddarlıqla törədilmiş, on minlərlə soydaşımızın qətlinə və itkin düşməsinə səbəb olmuş soyqırımı aktlarından, erməni terroru və vəhşiliklərindən bəhs edib. Soyqırıma siyasi və hüquqi qiymətin verilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan E. Cəfərova tarixi həqiqətlərin gənc nəslə çatdırılması baxımından mühazirənin önəmini diqqətə çatdırıb.

Sonra, MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Gülər Əjdərzadənin mühazirəsi dinlənilib. Mühazirəçi mart soyqırımına qədərki dövrdə tarixi-siyasi şərait, soyqırımın səbəbləri və günahkarları, soyqırımı cinayətinin miqyası və faciəvi nəticələri, hadisəyə siyasi-hüquqi qiymətin verilməsi, soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması barədə danışıb və qanlı hadisədən çıxarılası dərslərlə bağlı fikirlərini bölüşüb.

Mövzu ətrafında aparılan müzakirələrdən sonra, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə önəm verilir.

Şərhlər bağlıdır.