Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2026-cı ilin dövlət büdcəsi açıqlandı

Müdafiə, sosial təminat və təhsilə ən böyük pay ayrılacaq

19

Maliyyə Nazirliyi 2026-cı il üçün dövlət büdcəsinin ilkin göstəricilərini təqdim edib. Sənədə əsasən, gələn ilin büdcə gəlirləri 38 milyard 423 milyon manat həcmində proqnozlaşdırılır. Bu, 2025-ci ilin təsdiqlənmiş planı ilə müqayisədə 67 milyon manat və ya 0,2 faiz çoxdur.

Büdcə xərclərinin isə 41 milyard 548,6 milyon manat təşkil edəcəyi gözlənilir. Bu rəqəm cari illə müqayisədə 141 milyon manat, yəni 0,3 faiz artıqdır.

2026-cı ilin büdcə kəsiri 3 milyard 125,6 milyon manat olaraq qiymətləndirilir. Bu göstərici ÜDM-in 2,3 faizinə bərabərdir və 2025-ci ilə nisbətən 74 milyon manat çoxdur.

Neftin orta illik qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb. Nəticədə gəlirlərin 42,6 faizi – 16 milyard 350 milyon manatı neft-qaz sektorundan, 57,4 faizi – 22 milyard 73 milyon manatı isə qeyri-neft sektorundan daxil olacaq.

Büdcə vəsaitlərinin bölüşdürülməsi isə belə nəzərdə tutulur:

  • Ümumi dövlət xidmətləri – 5,776.5 milyon manat (13,9%)

  • Müdafiə və milli təhlükəsizlik – 8,714.8 milyon manat (21,0%)

  • Məhkəmə, hüquq-mühafizə və prokurorluq – 3,553.6 milyon manat (8,6%)

  • Təhsil – 4,985.8 milyon manat (12,0%)

  • Səhiyyə – 2,052.4 milyon manat (4,9%)

  • Sosial müdafiə və təminat – 4,873.0 milyon manat (11,7%)

  • Mədəniyyət, gənclər və idman – 568.6 milyon manat (1,4%)

  • Mənzil-kommunal təsərrüfatı – 298.2 milyon manat (0,7%)

  • Kənd təsərrüfatı – 1,092.1 milyon manat (2,6%)

  • Ətraf mühitin mühafizəsi – 357.2 milyon manat (0,9%)

  • İqtisadi fəaliyyət – 7,630.7 milyon manat (18,4%)

  • Digər xidmətlər – 1,645.7 milyon manat (4,0%)

Kəsirin maliyyələşdirilməsi isə əsasən daxili və xarici borclanma hesabına həyata keçiriləcək. Belə ki, 3,125.6 milyon manatlıq kəsirin 2,600.6 milyon manatı (83,2%) borclanma yolu ilə, 400 milyon manatı (12,8%) vahid xəzinə hesabının qalığı hesabına, 125 milyon manatı (4,0%) isə özəlləşmədən daxilolmalar hesabına qarşılanacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.