2024-cü ilin 9 ayında Mingəçevir şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
Əsas makroiqtisadi göstəricilər
2024-cü ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən fiziki həcm indeksi 99,6 faiz, məhsul buraxılışı 366331,6 min manat, 2023-cü ilin müvafiq dövründə isə 392649,2 min olmuşdur.
Sənaye sahəsində 2024-cü ilin yanvar-sentyabr aylarında 211439,1 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 3,3 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 13,5 faizi emal sektorunda, 84,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Tikinti sahəsində 2024-cü ilin yanvar-sentyabr aylarında əsas kapitala 58501,1 min manat investisiya yönəldilmişdir ki, bunun da 51526,2 min manatı və ya 88,1 faizi tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.
Əhalinin şəxsi vəsaiti hesabına ümumi sahəsi 20549,9 kv. metr olan 186 fərdi yaşayış evi tikilmişdir.
Kənd təsərrüfatında 2024-cü ilin yanvar-sentyabr aylarında diri çəkidə 44,0 ton ət, 1018,4 ton süd, 109,0 min ədəd yumurta və 6,0 ton yun istehsal olunmuşdur. 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə ət istehsalı 4,8 faiz, süd istehsalı 2,9 faiz, yumurta istehsalı 2,7 faiz, yun istehsalı isə 11,8 faiz az olmuşdur.
Nəqliyyat və anbar təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2024-cü ilin yanvar-sentyabr aylarında 513,0 min ton yük və 23853,0 min sərnişin daşınmışdır ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 8,0 faiz, sərnişin daşınması isə 9,3 faiz çox olmuşdur.
İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 16,6 faiz artaraq 1428,0 min manat təşkil etmişdir ki, onun da 90,7 faizi və ya 1295,7 min manatı əhali tərəfindən istehlak olunmuşdur.
2024-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 402373,6 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 67210,0 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə əmtəə dövriyyəsi 0,7 faiz, ödənişli xidmətlərin həcmi isə 8,3 faiz çox olmuşdur. Ticarət şəbəkəsində 307844,6 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 94529,0 min manatlıq isə qeyri-ərzaq məhsulları satılmışdır.
2024-cü ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 101,6 faiz, o cümlədən qida məhsulları, içkilər, tütün məmulatları üzrə 100,0 faiz, qeyri-qida məhsulları üzrə 100,8 faiz və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 104,8 faiz təşkil etmişdir.
Muzdla işləyənlərin sayı ilkin məlumatlara əsasən 2024-cü ilin yanvar-sentyabr aylarında 12253 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 8983 nəfər, qeyri-dövlət sektorunda isə 3270 nəfər təşkil etmişdir.
2024-cü ilin yanvar-sentyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən 7,4 faiz artaraq 639,0 manat təşkil etmişdir.
2024-cü ilin yanvar-sentyabr aylarında əhalinin sayı 219 nəfər artaraq 01 oktyabr 2024-cü il tarixinə 103073 nəfər olmuşdur.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.