Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2024-cü ilin 6 ayında Mingəçevir şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

Əsas makroiqtisadi göstəricilər

2024-cü ilin yanvar-iyun aylarında fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən məhsul buraxılışı 216329,6 min manat, 2023-cü ilin müvafiq dövründə isə 253177,6 min manat olmuşdur. Fiziki həcm indeksi 90,6 faiz olmuşdur.

Sənaye sahəsində 2024-cü ilin yanvar-iyun aylarında 118117,8 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 10,2 faiz az sənaye məhsulu istehsal edilmişdir.

Sənaye məhsulunun 14,9 faizi emal sektorunda, 83,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 2,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Tikinti sahəsində 2024-cü ilin yanvar-iyun aylarında əsas kapitala 35276,3 min manat investisiya yönəldilmişdir ki, bunun da 34702,9 min manatı və ya 98,4 faizi tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.

Əhalinin şəxsi vəsaiti hesabına ümumi sahəsi 12683,4 kv. metr olan 118 fərdi yaşayış evi tikilmişdir

Kənd təsərrüfatında 2024-cü ilin yanvar-iyun aylarında diri çəkidə 26,5 ton ət, 643,6 ton süd, 88,0 min ədəd yumurta və 4,3 ton yun istehsal olunmuşdur. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə ət istehsalı 6,0 faiz, süd istehsalı 6,2 faiz, yumurta istehsalı 5,4 faiz, yun istehsalı isə 10,4 faiz az olmuşdur.

Nəqliyyat və anbar təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2024-cü ilin yanvar-iyun aylarında 376,0 min ton yük və 16045,0 min sərnişin daşınmışdır ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 7,7 faiz, sərnişin daşınması isə 8,8 faiz çox olmuşdur.

İnformasiya və rabitə sahəsində 2024-cü ilin yanvar-iyun aylarında 882,9 min manatlıq xidmət göstərmişdir ki, onun da 92,0 faizi və ya 812,5 min manatı əhali sektoruna aid olmuşdur. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 9,4 faiz və ya 76,1 min manat çox olmuşdur.

2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 262220,0 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 45126,4 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə əmtəə dövriyyəsi 3,1 faiz, ödənişli xidmətlərin həcmi isə 9,5 faiz çox olmuşdur. Ticarət şəbəkəsində 192954,9 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 69265,1 min manatlıq isə qeyri-ərzaq məhsulları satılmışdır.

2024-cü ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 101,0 faiz, o cümlədən qida məhsulları, içkilər, tütün məmulatları üzrə 99,1 faiz, qeyri-qida məhsulları üzrə 100,7 faiz və əhaliyə göstərilən ödənişli xidmətlər

üzrə 104,3 faiz təşkil etmişdir.

2024-cü ilin yanvar-iyun aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin yanvar-iyun aylarına nisbətən 8,4 faiz artaraq 650,8 manat təşkil etmişdir.

2024-cü ilin yanvar-iyun aylarında əhalinin sayı 100 nəfər artaraq 01 iyul 2024-cü il tarixinə 102954 nəfər olmuşdur.

Şərhlər bağlıdır.