Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2018-ci ilin yanvar-dekabr aylarında Mingəçevir şəhərində nəqliyyat, informasiya və rabitə müəssisələrinin işi

NƏQLİYYAT

Mingəçevir respublikanın iri sənaye mərkəzlərindən biri olmaqla bərabər, nəqliyyat və rabitə müəssisələri olan şəhəridir. Nəqliyyat müəssisələri şəhərin müəssisə və təşkilatları ilə yanaşı, ətraf rayonlarda yerləşən müəssisə və təşkilatlara da xidmət edir.

Şəhərdə hava və su nəqliyyatı olmadığından, əsasən avtomobil nəqliyyatından və qismən dəmir yol nəqliyyatından istifadə olunur.

2018-ci ilin yanvar-dekabr aylarında Aran iqtisadi rayonu üzrə avtomobil nəqliyyatı ilə (nəqliyyat sektoru) 21227,0 min ton yük daşınmışdır ki, həmin yüklərin də 3,8 faizi Mingəçevirin, 12,7 faizi Ağcabədinin, 10,4 faizi Yevlaxın, 8,3 faizi Ucarın, 8,0 faizi İmişlinin, 7,8 faizi Bərdənin, 6,6 faizi Sabirabadın, 6,4 faizi Salyanın, 6,3 faizi Ağdaşın, 5.5 faizi Kürdəmirin və 24,2 faizi digər rayonların payına düşmüşdür.

Mingəçevir şəhərində 2018-ci ilin yanvar-dekabr ayları ərzində yük avtomobilləri ilə 803,0 min ton yük daşınmışdır. Keçən il ilə müqayisədə 23,0 min ton və ya 2,9 faiz çox yük daşınmışdır. Hesabat ili ərzində yük avtomobillərinin yük dövriyyəsi 93457,8 min ton km. olmuşdur ki, bu da əvvəlki ildəkindən 0,4 faiz və ya 374,6 min ton km azdır.

2017-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 2018-ci ilin yanvar-dekabr aylarında təşkilati-hüquqi formasından asılı olmayaraq bütün növ sərnişin nəqliyyatı vasitələri ilə daşınmış sərnişinlərin sayı 1197,0 min sərnişin və ya 3,5 faiz artaraq 35383,0 min sərnişin olmuşdur. 2018-ci ilin yanvar-dekabr aylarında sərnişin dövriyyəsi əvvəlki ilə nisbətən 12147,5 min sərnişin km. və ya 3,5 faiz artaraq 361091,6 min sərnişin km. olmuşdur.

2018-ci ilin yanvar-dekabr ayları ərzində nəqliyyat müəssisə və təşkilatları tərəfindən (fiziki şəxslər də daxil olmaqla) cəmi 5184,7 min manatlıq mal və xidmətlər göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə mal və xidmətlərin həcmi 46,7 min manat və ya 0,9 faiz artmışdır. Göstərilmiş mal və xidmətlərdən gələn gəlirin 416,9 min manatı və ya 8,0 faizi dövlət, 4767,8 min manatı və ya 92,0 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. 2018-ci ilin yanvar-dekabr aylarında cəmi mal və xidmətlərin 5099,8 min manatı və ya     98,4 faizi əsas fəaliyyət növü üzrə olmuşdur.

2018-ci ilin yanvar-dekabr ayları ərzində nəqliyyat müəssisələrində faktiki işləyənlərin sayı 106 nəfər olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 5,5 faiz və ya 6 nəfər azdır.

2018-ci ilin yanvar-dekabr ayları ərzində nəqliyyat müəssisələrində çalışan işçilərə cəmi 300,1 min manat, o cümlədən, siyahı tərkibində olan işçilərə 291,2 min manat əmək haqqı hesablanmışdır. İşçilərə pul və natura formasında hesablanan əmək haqqı fondunun məbləği 2017-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə cəmi 4,0 faiz, siyahı tərkibi üzrə isə 5,3 faiz azalmışdır.

2018-ci ilin yanvar-dekabr ayları ərzində orta hesabla bir nəfərə düşən orta aylıq nominal əmək haqqı nəqliyyat müəssisələri üzrə 236,5 manat olmuşdur ki, bu da şəhər üzrə orta aylıq nominal əmək haqqından 25,4 faiz azdır. 2017-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 3,8 manat və ya 1,6 faiz çoxdur.

Fəaliyyət göstərən nəqliyyat müəssisələrində 2018-ci il yanvarın 1-i vəziyyətinə siyahı tərkibində olan işçilərin sayı 118 nəfər olmuşdur. 2018-ci ilin yanvar-dekabr ayları ərzində    5 nəfər işə qəbul edilmiş və 13 nəfər isə işdən çıxaraq 01 yanvar 2019-cu il vəziyyətinə siyahı tərkibində 110 nəfər işçi qalmışdır. Bunun da 82,7 faizi və ya 91 nəfəri dövlət sektorunda çalışan işçilərdir.

RABİTƏ

Respublikamızın müstəqillik əldə etməsi, dünya ölkələri ilə iqtisadi və sosial əlaqələrin yaranması, xarici investorların ölkəmizə cəlb edilməsi rabitə əlaqələrinin yüksək səviyyədə qurulmasını tələb edir.

Şəhərin rabitə müəssisələri tərəfindən 2018-ci ilin yanvar-dekabr ayları ərzində faktiki qiymətlərlə 1184,2 min manatlıq və ya əvvəlki ilə nisbətən 18,6 faiz və ya 270,6 min manat az rabitə xidmətləri göstərilmişdir.

2018-ci ilin yanvar-dekabr aylarında poçt şöbələrinin və poçt çatdırma məntəqələrinin sayı 11, poçtalyonların sayı isə 11 nəfər olmuşdur. Hesabat ilində poçt göndərişlərinin sayı abunə və pərakəndə satışda dövri mətbuat (qəzet və jurnallar) üzrə 1179 ədəd, məktub korrespondensiyasının ümumi sayı 66733 ədəd, sifarişli məktubların, banderolların və kiçik paketlərin sayı 51219 ədəd, adi və qiymətli bağlamalar (pullu, xidməti, pulsuz) 1192 ədəd və pul baratlarının sayı isə 62221 ədəd olmuşdur. Sürətli poçt göndərişlərinin sayı 11 ədəd olmuşdur ki, bunlardan da 3 ədəd daxili, 8 ədəd beynəlxalq göndərişlərdir.

Mingəçevir şəhərində 6 elektron sistemli ATS fəaliyyət göstərir. ATS-lərin nömrə tutumu 23056 olduğu halda, əsas telefon aparatlarının sayı 18407 ədəd olmuşdur ki, bu da keçən illə müqayisədə 647 ədəd azdır. Əhalidə olan telefon aparatlarının sayı isə keçən illə müqayisədə 1328 ədəd azalaraq 17641 ədəd olmuşdur ki, bu da əsas telefon aparatlarının 95,8 faizini təşkil edir.

2018-ci ilin yanvar-dekabr ayları ərzində cəmi telefon danışıqlarının sayı 952,0 min ədəd olmuşdur. Bunun da 840,0 min ədədi şəhərlərarası danışıqlar, 112,0 min ədədi isə beynəlxalq telefon danışıqları olmuşdur.

2018-ci ilin yanvar-dekabr aylarında cəmi şəhərlərarası və beynəlxalq telefon danışıqlarından 167,2 min manat gəlir əldə olunmuşdur ki, bunun da 38,1 faizi və ya 63,7 min manatı beynəlxalq danışıqlardandır.

2019-cu il yanvarın 1-i vəziyyətinə rabitə müəssisələrində siyahı tərkibində olan işçilərin sayı 167 nəfər olmuşdur ki, onların da 76 nəfərini və ya 45,5 faizini qadınlar təşkil etmişdir. 2017-ci ilin eyni dövrü ilə müqayisədə siyahı tərkibində olan işçilərin sayı 0,6 faiz və ya 1 nəfər, qadınların sayı isə 5,0 faiz və ya 4 nəfər azalmışdır.

2018-ci ilin yanvar-dekabr ayları ərzində rabitə işçilərinə cəmi 820,3 min manat əmək haqqı hesablanmışdır. İşçilərə pul və natura formasında hesablanan əmək haqqı fondunun məbləği 2017-ci illin eyni dövrü ilə müqayisədə 0,2 faiz və ya 1,4 min manat artmışdır.

2018-ci ilin yanvar-dekabr ayları ərzində orta hesabla bir nəfərə düşən orta aylıq əmək haqqı rabitə müəssisələri üzrə 410,0 manat olmuşdur ki, bu da şəhər üzrə orta aylıq əmək haqqından 29,4 faiz çoxdur. 2017-ci ilin eyni dövrü ilə müqayisədə bir işçiyə düşən orta aylıq əmək haqqı 1,5 manat və ya 0,4 faiz azdır.

Şərhlər bağlıdır.