Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2 fevral – Gənclər Günüdür

Gənclərin potensialına verilən yüksək dəyər Gənclər Gününün əsas mahiyyətini əks etdirir.

109

Bu gün Azərbaycanda Gənclər Günü qeyd edilir. Bu əlamətdar tarix MDB və Şərqi Avropa məkanında ilk dəfə məhz Azərbaycanda təsis olunub.

1996-cı ilin bu günündə Azərbaycan gənclərinin I Forumu keçirilib və bu hadisə ölkədə gənclər siyasətinin formalaşmasında mühüm mərhələ olub. Bir il sonra – 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamla 2 fevral rəsmi olaraq Gənclər Günü kimi təsdiqlənib.

Azərbaycanda Gənclər Gününün qeyd olunmasından sonra bu ənənə digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də yayılmağa başlayıb. Qeyd edək ki, beynəlxalq səviyyədə Gənclər Günü yalnız 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatının qərarı ilə avqustun 12-si elan edilib.

Prezident İlham Əliyev gənclər siyasətinə xüsusi önəm verərək 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005–2009-cu illər)”nı təsdiqləyib. Bu proqram gənclərin potensialının ölkənin inkişafı naminə səmərəli istifadəsinə, onların məşğulluğunun artırılmasına və dövlət idarəçiliyində fəal iştirakına geniş imkanlar yaradıb.

Dövlət başçısının gənclərə göstərdiyi diqqət 2007-ci ilin “Gənclər ili” elan olunması ilə daha da aydın şəkildə ortaya qoyulub. Həmin ildə “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiqlənib. Bundan əlavə, 2011-ci il aprelin 6-da “Azərbaycan gəncliyi 2011–2015-ci illərdə” Dövlət Proqramı imzalanıb. Bu sənəd gənclər siyasətinin inkişafını sürətləndirmək, gənclərin idarəetmədə iştirakını genişləndirmək və gənc mütəxəssislərin sosial-iqtisadi problemlərinin həllinə dəstək vermək məqsədi daşıyıb.

Gənclərin hərtərəfli inkişafını və ictimai həyatda fəallığını artırmaq məqsədilə 2011-ci il dekabrın 19-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Prezidenti yanında Gənclər Fondu yaradılıb. Fondun əsas vəzifəsi elm, təhsil, mədəniyyət və digər sosial sahələr üzrə gənclərə yönəlmiş yerli və beynəlxalq layihələrin qrantlar vasitəsilə maliyyələşdirilməsidir.

Bununla yanaşı, dövlət başçısının təşəbbüsü ilə ölkədə ilk dəfə olaraq “Gənclər üçün Prezident Mükafatı” təsis edilib ki, bu da gənclərin stimullaşdırılması və təşviqi baxımından mühüm addım hesab olunur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.