Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Zirzəmilər kanalizasiya suları ilə dolur, parkda gəzənlər skuterlərdən zədə alır

Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şura şəhərin həyatı ilə bağlı bu və digər məsələləri müzakirəyə çıxardı

55

29 aprel 2023-cü ildə Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. Şuranın sədri Fərman Nəbiyev nəzərə çatdırıb ki, uzun müddətdir “Azərişıq” ASC-nin regional şəbəkəsinin rəhbərliyi ilə sahibkarları narahat edən məsələlər müzakirə olunur və müsbət irəliləyiş əldə edilib: “Biz şəbəkənin baş mühəndisi Elbrus Əliyevi yanımıza dəvət etdik. O da şikayətçilərin haqlı olduğunu etiraf etdi. Xüsusən transformatorlara “Azərişıq” ASC-nin deyil, xüsusi lisenziyası olan şirkətin xidmət göstərməsi ilə razılaşdı, sahibkar müəssisəyə yeni enerji xəttinin çəkilişini həyata keçirdi”.

Şura sədrinin müavini Vaqif Həsənov deyib ki, “Azərişıq” ASC-nin akkreditasiya olunmuş laboratoriyası yoxdur: “Hətta indiyədək Mingəçevir kimi energetiklər şəhərində transformator təmiri sexi açılmayıb. Biz hər dəfə mövcud avadanlığı Bərdəyə göndərməli oluruq”.

Şura üzvü Rizvan Mikayıllı bildirib ki, yaşayış massivlərindəki transformatorların da vəziyyəti qənaətbəxş deyil.

İclasda qeyd olunub ki, şəhərin əksər hissəsində mərkəzləşdirilmiş istilik sistemi qurulmadığından əhali evlərini enerji ilə qızdırır. Buna görə də transformatorların mütəmadi olaraq yoxlanması və sazlanması vacibdir. Əvvəllər qışa hazırlığa yay mövsümündə başlanırdı, son illərdə isə bu proses noyabr-dekabr aylarında yada düşür. Üstəlik xidmət tarifləri həddindən çox yüksəkdir. Müxtəlif qurumlar heç bir əsaslandırma aparmadan vaxtaşırı tarifləri qaldırırlar ki, bu da narazılıq yaradır. Məsələn, evinə enerji xətii çəkdirmək istəyən vətəndaşa yüksək qiymət təklif olunur, halbuki o bu işi şəxsi usta ilə qat-qat aşağı qiymətə gördürə bilər. Buna isə imkan verilmir. Tələb irəli sürülür ki, işi lisenziyası olan şirkət icra etməlidir.

Mingəçevirin çoxmənzilli binalarında zirzəmilərin kanalizasiya suları ilə dolması da ciddi narahatlıq doğuran məsələdir. Şura üzvləri şəhərin 2 yaşayış massivində bu problemin yaranma səbəblərini açıqlayıblar. Bildirilib ki, keçmiş “Azərsu” ASC Mingəçevirdə su və kanalizasiya xətlərinin yenidən qurulması ilə bağlı Dövlət Proqramını, hətta dağıdılmış küçə və məhəllələrarası yolların bərpası və asfaltlanmasını keyfiyyətsiz halda icra edib və on il davam edən proses hələ də yekunlaşmayıb. Boruların birləşmə yerləri və xətlərin mailliyi üzrə tələblər gözlənilməyib. Üstəlik yaşayış sahəsini qeyri-yaşayış sahəsinə çevirən bəzi sahibkarlar döşəməni zirzəmi boyunca aşağı salaraq, kanalizasiya borularını zədələyib və tullantı sularının normal axınına problem yaradıb. Ümumi xəttə əlavə qoşulmalar da yükü artırıb.

İctimai Şuranın sədri deyib ki, təsərrüfat hesabına keçirilmiş mənzil istismar sahələrinin işçilərinə uzun illər ərzində əmək haqqı borcları yaratması barədə İcra Hakimiyyəti başçısına 08 aprel 2023-cü ildə rəsmi məktub göndərilib. Məktubda deyilir: “Mənzil Təsərrüfatı və Abadlaşdırma Müəssisəsinin nəzdində fəaliyyət göstərən mənzil istismarı sahələrinin işçilərindən Zülfiyyə Löymanova, Sədaqət Məmmədova, Siyarə Hacıyeva, Gülbəniz Kərimova, Təranə Ağalarova, Gülnarə Hüseynova, Solmaz Mahmudova və Məleykə Balakişiyeva 13 mart 2023-cü ildə kollektiv şəkildə Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya müraciət edərək, məvaciblərini ala bilmədiklərini, il ərzində əlavə 3 dəfə verilən müavinətin onlara aid edilmədiyini bildiriblər. Onların qənaətinə görə, təsərrüfat hesabı ilə çalışdıqları üçün əhalidən topladıqları xidmət haqqına görə məvacib alırlar. Mənzil Təsərrüfatı və Abadlaşdırma Müəssisəsinin rəisi Nizami İsmayılov 25 mart 2023-cü ildə İctimai Şuraya göndərdiyi məktubda faktı təsdiq edib. O, bildirib ki, təsərrüfat hesablı olmaqla büdcədənkənar maliyyələşdirilən MİS-lər üzrə işçilərin əmək haqqı fondu əhalidən, qeyri-yaşayış sahələrindən və fərdi qarajlardan yığılan xidmət haqları hesabına verilir və idarənin MİS işçilərinə 1 mart 2023-cü ilədək 67231 manat 32 qəpik əmək haqqı borcu qalıb. İlkin araşdırmamıza görə, əvvəllər büdcədən maliyyələşən MİS-lər 2019-cu ildə təsərrüfat hesabına keçirilib və bundan sonra vəziyyət gərginləşib. Eyni zamanda əhalidən xidmət haqqı adı ilə toplanan vəsaitin əmək haqqına yönəldilməsi anlaşılan deyil. Çünki həmin vəsait çoxmənzilli binalara və digər obyektlərə xidmət adı ilə toplanır, amma MİS-lərin konkret  hansı xidmətləri göstərməsi aydın deyil. Ümid edirik ki, köhnə əmək haqqı borcları ödənilməklə MİS-lərin qurum kimi saxlanıb-saxlanmaması məsələsi Mingəçevir şəhər İcra Hakimiyyətində müzakirəyə çıxarılacaqdır”.

Şura sədri əlavə edib ki, bu məsələ aprelin 25-də Mingəçevir şəhər İcra Hakimiyyətində ictimaiyyət nümayəndələrinin iştirakilə müzakirə olunub. İH başçısı İ.İsmayılov mənzil istismar sahələrinin əhalidən yığımı üzrə vəziyyətinin qənaətbəxş olmadığını diqqətə çatdırıb: “Bizim hesablamamıza görə, il ərzində 144 min manat yığılmalıdır. Bu, binalara xidmət göstərilməsi və bir qrup təsərrüfat hesablı işçinin əmək haqqının ödənməsinə köməkdir. Lakin əvvəllər yığım zamanı şəffaflıq olmayıb, hətta mənimsəmə hallarına yol verilib. Hazırda əhalidə 360 min manata qədər xidmət haqqı borcu qalıb. Eyni zamanda MİS-lərin təsərrüfat hesablı işçilərinə əmək haqqı borcu 86 min manatdan 66 min manatadək azaldılıb. Ötən müddətdə biz MİS-lərin sayını və işçilərini də azaltmışıq. Bizə deyirlər ki, MİS-ləri ləğv edin, amma ölkənin hər yerində bu qurum fəaliyyətini davam etdirir və çoxmənzilli binalara (dam örtüyünün dəyişməsi, tüstü borularının, pilləkən qəfəslərinin və zirzəmilərin  təmizlənməsi) xidmət göstərir”.  Lakin İcra Hakimiyyəti başçısı İctimai Şura sədrinin “Nə üçün MİS-lər əhali ilə xidmət müqaviləsi bağlamır?” sualını cavablandırmayıb.

Şura üzvü İnqilab Şirinlinin fikrincə, MİS nəzarətçisi xidmət haqqı yığan deyil: “O, bildiriş paylaya bilər, amma vətəndaş ödənişi ələ vermədən bank və ya poçt vasitəsiə aparmalıdır. Eyni zamanda MİS-lər hər bir mənzilin sahibi ilə xidmət müqaviləsi bağlamalıdır, halbuki indiyə kimi ortada belə sənəd yoxdur. Daha ciddi məsələ bir çoxlarının mənzillərini müqavilə olmadan kirayə verməsidir ki, bu da vergidən yayınmaya gətirib çıxarır”.

Şura üzvü Zahid Qasımlı əlavə edib ki, Mənzil Məcəlləsi MİS-lərin fəaliyyətini tanımır, ən yaxşı forma Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətidir: “Bir neçə il öncə bu yeni formanın Mingəçevirə gətirilməsi üçün addım atıldı, amma imkan vermədilər. Halbuki MMMC-in yaradılması həm dövlətin yükünü azaldır, həm də mənzil sahiblərinin məsuliyyətini artırır”.

İctimai Şuranın iclasında Kür sahlindəki ərazilərin ümumi istirahət yerinə çevrilməsi üçün atılan addımlar barədə də fikirlər irəli sürülüb. İ.Şirinli nəzərə çatdırıb ki, ictimai fəal Elman Nəbiyev bağlı ərazilərin əhalinin üzünə açılması üçün ölkə başçısına müraciət ünvanlayıb: “Keçmiş Heydər Seyrangahının yerində otellər tikildikdən sonra çay sahili əhalinin üzünə bağlandı. Halbuki dünyanın hər  yerində sahil əraziləri ümumi istifadə yeridir. Prezidentin iqamətgahının yaxınlığındakı və qarşısındakı ərazilərin də açılaraq, mingəçevirlilərin istirahət yerinə verilməsini gözləyirik. Düşünürəm ki,  məsələ ictimailəşəndən sonra həllini tapacaq”.

Bildirilib ki, cəmi 400 metr uzunluğu olan Sahil parkında bəzi işbazların velosiped və skuter “xidmətini” təşkil etməsi ciddi narazılıq yaradıb. Hətta sürətli hərəkət edən skuterlərin ərazidə gəzinən bir neçə şəxsə zədə yetirməsi ilə bağlı faktlar qeydə alınıb. Bütün növ oyun və hərəkətli mexanizmlərin parkda istifadəsinə qadağa qoyulmalıdır.

Z.Qasımlı məlumat verib ki, Mingəçevir Bələdiyyəsi heç bir fiziki və hüquqi şəxslə bu ərazidə xidmət üçün müqavilə bağlamayıb: “Onlar əvvəlki illərdə olduğu kimi yenə də qanunsuz fəaliyyət göstərirlər”.

İclasda müzakirə olunan 4 məsələnin hər biri ilə əlaqədar müvafiq qurumlara rəsmi müraciət göndərmək qərara alınıb.   Eyni zamanda şura üzvü R.Mikayıllı növbəti iclaslarda müzakirə üçün təkliflərini səsləndirib.

Şura üzvü Əliağa Bəndalıyev səhhəti ilə bağlı iclasa qatılmayıb.

Şərhlər bağlıdır.