Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Zahid Oruc: “Azərbaycan Prezidenti bizi bəlalardan qoruya bildi”

221

Azərbaycan Konstitusiyasına dəyişiklik və əlavələrlə  bağlı sentyabrın 18-də “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupunun Mingəçevirdə seçicilərlə  görüşü keçirilib. Qrupun üzvü, Milli Məclisin deputatı Zahid Oruc  deyib ki, Azərbaycan Konstitusiyasına 2009-cu ildə edilən sonuncu dəyişiklikdən sonra ölkənin sürətlə inkişaf etməsi, əldə olunan uğurlar  Əsas Qanunun daha da təkmilləşdirilməsi zərurətini ortaya qoyub:  “Dünyanın inkişaf etmiş ölkəsi olan İsveçrədə hətta ən xırda məsələ referendum yolu ilə həll  edilir. Bəs biz niyə etməyək? Bir var ki, 125 deputatın səsiylə qanun qəbul etmək, bir də var ki, bütöv xalqın fikri, rəyi ilə hesablaşmaq. Deyirlər ki, prezidentlik üçün 5 il kifayət idi, niyə  7 il edirlər? Bizdə bələdiyyə və parlament üzvləri 5 il müddətinə seçilir. Amma prezidentin həyata keçirmək istədiyi işlər üçün beş il bəs etmir. Bəs onda biz ona niyə dəstək olmayaq?  Başqa bir məsələ vitse-pezident idarəsinin yaradılmasıyla bağlıdır. Sirr deyil ki, dövlət strukturlarında bürokratiya həmişə olub. Amma  yeni qurum bunu aradan qaldıracaq, çevikliyi təmin edəcək”.

Zahid Oruc  fikrini misallarla izah edib: “Niyə “Asan xidmət” yarandı? Ona görə ki, ənənəvi xidmət işinin öhdəsindən gələ bilmir, adi bir sənədi vermək üçün insanları get-gələ salırdı.  Yadınızdadırmı, rektorlar qəbulu özləri həyata keçirərkən rüşvətin qarşısı alınmırdı. Amma TQDK qurulandan  sonra indi hər kəs şəffaflığın şahidi olub. Belə mexanizmlər yaradıldıqca əliəyriliyə yer qalmır”.

Z.Oruc  hazırda ölkədə həllinin gözləyən 4 məsələyə diqqəti yönəldib:  “Bizim neftdən gələn pullarmızın bir hissəsi köçkünlərin problemlərinin həllinə, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib.  Azərbaycan bu ağırlığın altından çıxa bildi. Ən ciddi narahatlıq doğuran məsələ kredit borclarıyla bağlıdır.  Biz o zaman hətta ehtiyac duyulmadığı halda, mebelimizi, maşınımızı dəyişirdik. Kurs qalxdı, insanlar çətin duruma düşdü. Düşünürəm ki, hökumət məsələni tənzimləməlidir. Əgər işsizliyi aradan qaldıra bilsək, vəziyyət rahatlıqla sabitləşəcək.  Prezident  sahibkarlığın inkişafı üçün mütəmadi olaraq tapşırıqlar verir. Son göstərişi də belədir ki, ölkədə istehsal varsa, eyni adlı məhsulların xaricdən gətirilməsi qadağandır.  Əgər 16 il əvvəl qəbul olunan Tibbi sığorta haqqında qanunun işlək mexanizmi yaradılsa, insanlar müayinə və müalicə xərci üçün heç kimi narahat etməyəcəklər. Və nəhayət, mülkiyyət sənədlərinin verilməsində maneələrin aradan qaldırılması da həllini gözləyən məsələlərdəndir”.

Natiq Azərbaycanda əmin-amanlığı və sabitliyi pozmaq istəyənlərə də mesajını verdi: “Bizə inqilabi layihələri verənlərin axırı nə oldu?  Qəddafi deyirdi ki, Liviyanı dağıdan Avropa  sabah qaçqın sunamisinin qabağında qalacaq. Azərbaycan Prezidenti bizi  bəlalardan qoruya bildi. Mən səmimiyyətlə İlham Əliyevə inanıram”.

Seçicilərdən Ülviyyə Vəliyeva, Cəlal İsmayılov,  Tahir Məmmədov, Əbdül  Əliyev və Əşrəf Əsgərov toplantıda çıxış ediblər. Onlar Referendum Aktı layihəsində dövlətçiliyin möhkəmləndirilməsi, seçkili orqanlara seçilmək üçün yaş həddinin götürülməsi, habelə Silahlı Qüvvələrimiz ilə bağlı müddəaların əhəmiyyətini yüksək dəyərləndiriblər. Xüsusilə vurğulayıblar ki, veteranlar, gənclər, qaçqın və məcburi köçkünlər və digər təbəqədən olan insanlar dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti fəal dəstəkləyir və Azərbaycan vətəndaşları referendumda fəal iştirak edəcəklər.

“Vətəndaş cəmiyyəti” qrupu   AHİK və 24 QHT-nin 4002 təşəbbüsçünü təmsil edən 402 nümayəndənin iştirakilə avqustun 4-də 25 nəfərlik tərkibdə yaradılıb.  Qrupun 3024 müşahidəçisi referendumu izləmək üçün MSK və dairə  seçki komissiyalarında qeydiyyatdan keçib.

Şərhlər bağlıdır.