Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Yazanda arxanızda qoyub getdiyiniz insanları düşünün”

197

“Jurnalist kiminsə yaratdığı mifi qəbul etməməlidir”

Mayın əvvəlində Mingəçevirdə həyat yoldaşını soyuq silahla,  çoxsaylı zərbələrlə qətlə yetirən gəncin adı bir neçə gün xəbər portallarından düşmədi. Olayla bağlı jurnalistlər şahidlərin və mərhumun əzizlərinin söylədikləri mümkün bütün versiyaları yaydılar. Bununla da tərəflər- həm qurban, həm də ittiham olunan və yaxınları barədə məhkəmənin hüquqi  aktı olmadan ortalığa ziddiyyətli fikirlər qoyuldu. Qətli törədən şəxsin psixi problemli olması, onun valideynlərinin sələm verməklə pul qazanması və digər məsələlər də gündəmi əsarətinə aldı. Əslində belə faktları oxucuya çatdıran  jurnalistlər insanlara travma vurduqlarının fərqində olmurlar. 

Bu və digər hadisələrlə bağlı keyslər  Mingəçevir Media Mərkəzində  “Travma hadisələrinin işıqlandırılmasında jurnalist peşəkarlığının artırılması” mövzusunda keçirilən seminarda da müzakirə olunub. Amerikalı jurnalist, beynəlxalq təlimçi Arnold R. İsaacs jurnalistin məlumatın emalında və oxucuya çatdırılmasında səhvlər buraxdığını və onların olmaması üçün peşəkarlığını artırmasının vacib olduğunu önə çəkib: “Siz cəmiyyətimizə kömək etməklə həm də özünüzə kömək edirsiniz. Yazanda arxanızda qoyub getdiyiniz insanları düşünün. Sizin yazdığınız yazı onların həyatına baş vermiş hadisədən daha çox təsir edir. Onların hadisəsi bu deyil, onların həyatı daha genişdir. Biz jurnalist olaraq həyatın reallıqlarını insanlara danışırıq. Siz hadisəni səhv verəndə daha çox ziyan vermiş olursunuz. Siz qurbanı və faktı görürsünüz. Əslində isə insanın daxilini görməlisiniz. Jurnalist kiminsə yaratdığı mifi qəbul etməməlidir”.

“Vacib məsələ hamıdan tez yox, hamıdan dəqiq yazmaqdır”

İşlədiyi müxbirlik fəaliyyətində qapıları döyməkdən yorulmadığını  və insanlardan soruşmaq vərdişini itirmədiyini deyən ekspert Vyetnam müharibəsi zamanı hadisələri işıqlandırarkən ilk növbədə insanların taleyini necə düşündüyü, səhv etməmək üşün hansı elementlərdən istifadə etdiyi barədə təcrübəsini bölüşüb: “Əvvəl hadisəni ümumi vermək lazımdır. Sonra isə qurban haqda hekayə hazırlamaq olar. Əgər jurnalist hadisəni beynindəki fərziyəyə uyğun təqdim edirsə, deməli, bu yanlış təqdimat olacaq. Qadının qətlə yetirilməsi zamanı beyninizdə siqnal oyanmalıdır-sən nəyi bilmirsən? Bəlkə qadın səhvi üzündən olub? Amma biz hadisəyə başqa cür yanaşmalı olacağıq. Bu bizim yaratdığımız çərçivəyə sığmasa belə. Səhv verilmiş məlumat təcavüzə uğramış bütün qadınlara inamı itirir”.

Beynəlxalq təlimçi izah edib ki,  müsahibələrin aparılması, məqalə yazılması fərziyələrə deyil, faktlara və standartlara söykənməlidir: “Stil dəyişkənliyi o qədər çoxdur ki, jurnalistika xeyirdən çox, ziyan vurmağa başlayıb. Yaxşı jurnalistika gedir, pis jurnalistika gəlir. Təbii ki, faktlar doğru olsa, heç kimin sizinlə mübahisəsi olmayacaq. Amma tənqid olunan tərəfdə durum fərqlı ola bilər.”

Təlim müddətində jurnalistlər travma hadisələrinin işıqlandırılması sahəsində beynəlxalq praktikanı, zorakılıq qurbanları ilə müsahibə qaydalarını öyrənib, əlaqədar mövzuların yazılmasına  dair ekspert tövsiyələrini dinləyiblər. Təlimdə Mingəçevirin və ətraf bölgələrin media və QHT  nümayəndələri iştirak ediblər.

Şərhlər bağlıdır.