Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xalqımız 30 il həsrətində olduğu torpaqlara, hər bir şəhərə, qəsəbəyə, kəndə qayıtdı

196

Sentyabrın 27-dən başlayan Vətən müharibəsi uzun dövlətçilik hərb tarixi olan Azərbaycan xalqı üçün fərqli oldu. 30 ilə yaxındır düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu və diləyi idi. Elə bir məclis, tədbir, hətta yas, toy göstərmək mümkün deyil ki, orada torpaqlarımızın işğaldan azad edilməsi istəyi dəfələrlə qeyd edilməsin. Çox sevindirici haldır ki, Ali Baş Komandanımızın rəhbərliyi altında biz artıq işğal altında olan bütün torpaqlarımızı azad etmişik.

Bəli, şəhidlərimiz, yaralılarımız, itkin düşənlərimiz oldu. Lakin Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini necə uca tutduğunu, onlarla fəxr etdiyini nümayiş etdirdi. Şəhidlərimiz də, yaralılarımız da bizim azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolumuza çevrildilər. Məhz onların sayəsində xalqımız 30 il həsrətində olduğu torpaqlara, hər bir şəhərə, qəsəbəyə, kəndə qayıtdı. Artıq Qarabağda üçrəngli Azərbaycan bayrağı dalğalanır. Doğrudur, döyüşlər mürəkkəb coğrafi şəraitdə, relyefdə aparılırdı, Ermənistan uzun illər işğal etdiyi ərazilərdə müdafiə sədləri, istehkamlar inşa etmişdi, lakin rəşadətli Azərbaycan Ordusu xalqımıza tarixi qələbəni qazandırdl. Azərbaycan Ordusu ən mürəkkəb şəraitdə uğurlu əməliyyat apararaq,  müharibədən minimum itkilərlə çıxmağın nümunəsini ortaya qoydu.

İnanıram ki, aylar, illər ötsə də bu müharibə ilə bağlı  söhbətlər heç kəsin dilindən düşməyəcək. Kitablar, dərsliklər yazılacaq, müharibədə iştirak etmiş hər bir azərbaycanlı isə qəhrəman olaraq anılacaq. İndiki zamanda isə çətin də olsa səbr nümayiş etdirək, acımızı öz aramızda bölüşək, düşmənlərimizi sevindirməyək.

 

Asim Rasim oğlu Misirzadə,

İkinci Qarabağ Müharibəsi veteranı,

Mingəçevir Dövlət Universitetində texniki heyət üzvü

Şərhlər bağlıdır.