Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Xəstənin peşəkar həkimin əlinə düşməsi və tibbi sığortası vacibdir

256

Bu gün səhər saatlarından Mingəçevirdə “İcbari tibbi sığorta və sosial əhəmiyyətli xəstəliklər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işinə başlayıb. Mingəçevir Dövlət Dram Teatrının tamaşa salonunda baş tutan tədbirə 20 bölgədən 200-dən artıq həkim, həmçinin Moskva, Bakı və Gəncədən tibb elmləri üzrə alimlər qatılıb.  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Şükür Eyvazov İTS-nın Azərbaycan modeli barədə məlumat verərək bildirib ki, sistemin gələn ilin yanvarından ölkə üzrə tətbiqi dövlətin səhiyyə yükünün və əhali arasında ölüm hallarının azaldılmasına gətirib çıxaracaq.

Ş.Eyvazov vurğulayıb ki, pilot layihə həyata keçirilən Mingəçevirdə, eyni zamanda Yevlax və Ağdaşda bunun  təsirləri görünür: “Adətən işəgötürən maraqlıdır ki, onun işçiləri sağlam olsun, öhdələrinə düşən vəzifələri lazımınca yerinə yetirsinlər. İTS buna imkan yaradıb. Çünki işçi inda daha peşəkar həkimin müayinə və müalicəsini alır, sağalma prosesindəki xərcləri isə sığorta sistemi qarşılayır. Hətta işləməyənlərin də tibbi xidmətlərə əlçatanlığı gerçəkləşib və xəstəliklərin ilkin fazada müalicəsinə başlanır. Ailə həkimi institutu yaradıldığından həkim-xəstə münasibətləri daha sivil formada öz təzahürünü tapıb. Üstəlik həkimlər arasında sağlam rəqabət formalaşıb”.

Tibbi sığorta sistemini hovuza bənzədən natiq diqqətə çatdırıb ki, indiyədək həm ölkə, həm də xaricdəki sığorta şirkətlərinin fəaliyyəti öyrənilib: “Türkiyədə insanlar gəlirlərinin 12 faizini, Almaniyada 34 faizini tibbi sığortaya ayırırlar. Azərbaycanda bu rəqəm böyük deyil. Yanvar ayından işəgötürənlər 2% və işçi də 2% əmək haqqından ödəməklə həyatlarını sığorta etdirə biləcəklər. Digər kateqoriyadan olan insanlar üçün bu məbləğ il ərzində cəmi 120 manat təşkil edir. Sosial təminatı zəif olanların isə sığorta haqqını dövlət ödəyəcək”.

Konfransda Mingəçevir Xəstəxanası PHŞ-in direktoru, tibb elmləri namizədi Könül Ələkbərov  Mingəçevir şəhər xəstəxanasının timsalında icbari tibbi sığortanın tətbiqi barədə məruzə edib.  O, bildirib ki, çevik idarəetmənin və tibbi innovasiyaların tətbiqi nəticəsində kadrlar və şöbələr yeni struktura uyğun formalaşdırılıb, çarpayı fondu normativlərə uyğun müəyyənləşdirilib: “2016-c ildə 672 çarpayı var idi, 2017-ci ildən 310-a endirilib. Hazırda cərrahiyədə 90, terapiyada 90, pediatriyada 46, doğum şöbəsində 60, reanimasiyada 14 və hemodializdə 10 çarpayı saxlanılıb. 2016-cı ildə xəstə qəbulu 9814, 2017-ci ildə 14714, 2018-ci ildə 13023 nəfər olub. Məqsəd mövcud çarpayılardan daha səmərəli istifadə etmək, qısa müddətdə xəstəni sağaldaraq, evinə və işinə qaytarmaqdır. Halbuki mövcud xəstəliklərin müalicəsi zamanı xəstələr əvvəlki illərdə daha çox müddətə qalmalı olurdular”

Maddi-texniki bazanın yenilənməsindən, xüsusən ən müasir avadanlıqların xəstəxanaya gətirilməsindən danışan K.Ələkbərov onu da diqqətə çatdırdı ki, bu gün tibb ocağının ən böyük problemi havalandırma sisteminin qurulmamasıdır: “Bu, əvvəllər də olmayıb, sonra da yaratmayıblar. Mütəxəssislərin rəyinə görə, sistem tavandan 60 sm məsafədə qurulur, bizim binada isə tavanlar alçaqdır və buna görə də bu, mümkünsüz olub. Suvaqaltı elektrik xətlərinin gücü isə kondisioner quraşdırmağa imkan vermir.  Amma hissə-hissə problemi həll edəcyik”.

Direktor bəzi vətəndaşların İTS-nin pulsuz olmasından sui-istifadə etdiyini də dedi: “Təcili yardıma ehtiyac olmur, amma çağırırlar. Bu da daha kritik həddə olan xəstəyə köməyin bir qədər yubadılmasına gətirib çıxarır. İndi ehtiyacı olan da, olmayan da gəlir ki, mən aparatdan müayinədən keçməliyəm. MRT müayinəsindən 2016-cı ildə cəmi 522 nəfər,  2018-ci ildə isə 4693 nəfər keçib. Bu isə iş yükünün qat-qat artmasına gətirib çıxarıb”.

K.Ələkbərov sosial şəbəkələrdə onun ünvanına deyilənlərə də aydınlıq gətirdi: “Bizdə stasionar şəraitdə müalicə olunan xəstənin bütün xərclərini tibbi sığorta qarşılayır. Lakin xəstə evə yazılandan sonra ambulator şəraitdə müalicəsini davam etdirirsə, bu halda dərmanlarının pulunu özü ödəməlidir. Bu da narazılıq yaradır və bəziləri bizi qınayırlar. Yəqin ki, sistem oturuşduqca belə məsələlər də həllini tapacaq. Yeri gəlmişkən, 20 illik İTS təcrübəsi olan Litvada ambulator xəstələrin də xərclərini İTS qarşılayır. O ki qaldı İTSnin tətbizindən sonra həkim və digər tibbi heyətin işdən uzaqlaşdırılmasına, bu da doğru deyil. Biz sadəcə yerdəyişmələr aparmışıq, mövcud kadrları yeni struktura uyğun yerləşdirmişik. Təbii ki, təqaüd yaşı ilə əlaqədar əmək müqaviləsinə xitam verilənlər var, ancaq 2083 nəfərlik tibbi heyətlə müqayisədə 100-dək işçinin getməsi böyük rəqəm deyil. ”

Moskvadan gəlmiş tibb elmləri doktoru professor Yevgeni Gelfgad “Kəskin ürək infarktı: icbari tibbi sığorta sistemində tibbi yardımın təşkili” barədə təqdimat edib. Əvvəllər Bakıda işləmiş professor  Azərbaycanda hələ sovet dövründə ürək problemləri instititunun fəaliyyət göstərdiyini yada salıb: “Onun açılışına Heydər Əliyev də gəlmişdi. İnstitutun regionlarda mərkəzləri fəaliyyət göstərirdi. Yəni ürək problemi yaşayan hər kəsi paytaxta çatdırmağa ehtiyac qalmırdı. Ümumiyyətlə, xəstəyə yardımın vaxtında göstərilməsi əsas şərtdir. Bəzən xəstə əldən gedir, qohum-əqrəba yığışır başına, amma heç kim 103-ə zəng vurub həkim çağırmır, ya da ilkin yardım göstərmir. Eyni zamanda xəstənin peşəkar həkimin əlinə düşməsi və tibbi sığortası vacibdir”.

Hazırda işini davam etdirən konfransda sosial əhəmiyyətli xəstəliklərlə bağlı digər məruzələr də dinlənilib.

Şərhlər bağlıdır.