Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Vətəndaş cəmiyyəti institutları ilə Ombudsmanın əməkdaşlığını necə gücləndirə bilərik?

200

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə Ombudsman Aparatı tərəfindən Dövlət qurumlarında yaxşı idarəçiliyin təbliğində Ombudsmanın rolu barədə regionlarda maarifləndirmə tədbirləri həyata keçirilib. 

Bu barədə GİZ-in proqram məsləhətçisi Şakir Səfərbəyov “Mingəçevir işıqları” qəzetinə məlumat verib. Onun sözlərinə görə, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə  “Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” regional proqramı və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən noyabrın  2-4-də  Qubada, 10-12-də  Şəkidə, 16-18-də  Lənkəranda və 23-25-də  Gəncədə dövlət qurumları və vətəndaş cəmiyyəti institutları üçün ”Dövlət qurumlarında yaxşı idarəçiliyin təbliğində Ombudsmanın rolu və bu istiqamətdə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi” mövzusunda təlimlər keçirilib.

Məsləhətçi bildirib ki, dövlət qurumları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyan  təlimlərdə Ombudsman  Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli, Aparatın Mülki və siyasi hüquqların müdafiəsi sektorunun müdiri Rəşad Novruzov və İnformasiya əldə etmək hüququnun təmini sektorunun müdiri Aynur Həmidova təlimçi-ekspert qismində çıxış ediblər: “Dövlət qurumlarının yerli nümayəndəlikləri və vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu təlimlərdə ekspertlər tərəfindən  yaxşı idarəçiliyin xüsusiyyətləri və əhəmiyyəti, bununla bağlı beynəlxalq norma və prinsiplər, mübahisələrin alternativ həlli yolları, mediasiyanın tətbiqi, Ombudsmanın mandatı, Ombudsmana ünvanlanan şikayət və müraciətlərə baxılması qaydası, biznes və insan hüquqları və informasiya əldə etmək hüququnun müdafiəsi mövzularında təqdimatlar edilib”.

İnteraktiv şəkildə keçən təlimlərdə dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında  əlaqələrin gücləndirilməsinin yaxşı idarəçiliyə müsbət təsiri və Ombudsmanın bu sahədəki rolunun əhəmiyyəti vurğulanıb və təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 

Şərhlər bağlıdır.