Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Türkiyənin ali təhsil müəssələrində təcrübə keçmiş MDU-nun səkkiz əməkdaşı ilə görüş

535

2022-ci ilin 1 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyənin tərəfdaş ali təhsil müəssisələrindən olan Qazi Universiteti və İstanbul Gedik Universitetində (İGÜN) təlim və təcrübə kemiş universitetin akademik və inzibati heyət üzvləri ilə görüşüb.

Təlim və təcrübə proqramını uğurla başa vuran universitet əməkdaşlarını təbrik edən rektor Ş.Bayramov MDU tarixində ilk dəfə reallaşdırılan bu təşəbbüsün əhəmiyyətini vurğulayıb. Rektor yaradılan imkanlara və göstərilən dəstəyə görə hər iki tərəfdaş universitetin rəhbərliyinə, akademik və inzibati heyət üzvlərinə təşəkkürünü bildirib. Sözügedən təlim və təcrübə proqramlarının təşkilində Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professorları Cemal Yılmaz və Ercan Nurcan Yılmazın fəal iştirakını yüksək dəyərləndirən Ş.Bayramov onlara ayrıca minnətdarlığını ifadə edib.

Sonra təlim və təcrübədə iştirak etmiş əməkdaşlar təəssüratlarını bölüşüblər. Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinin təcrübəsi ilə yaxından tanış olmaqdan məmnunluqlarını ifadə edən əməkdaşlar əldə etdikləri bilik və bacarıqlarla universitetin inkişafına töhfə verəcəklərinə əmin olduqlarını söyləyiblər.

Bildirilib ki, MDU əməkdaşlarının elmi, akademik və idarəetmə potensialının gücləndirilməsi məqsədilə Türkiyəyə təlim və təcrübəyə göndərilməsi qardaş ölkənin tərəfdaş universitetləri ilə işbirliyi çərçivəsində həyata keçirilib. Təlim və təcrübənin iştirakçıları müsabiqə yolu ilə seçilib. Cari ilin yanvar ayında keçirilmiş müsabiqənin nəticələrinə əsasən MDU-nun 3 əməkdaşı – Almaz Əliyeva, Cəlil Bağırov və Qaragöz Kərimov İGÜN-də bir həftə, 5 əməkdaşı – Ülkər Aşurova, Mahir İsmayılov, İlhamə Məmmədova, Azad Mirzəbəyov və Elçin Tağıyev isə Qazi Universitetində bir ay müddətində təlim və təcrübədə iştirak hüququ qazanıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da bütün istiqamətlər üzrə universitet fəaliyyətinin müasir tələblər səviyyəsində təkmilləşdirilməsi məqsədilə qabaqcıl xarici ali təhsil müəssisələrinin təcrübəsinin öyrənilməsinə xüsusi önəm verilir. 2021-ci ildən etibarən MDU-nun Qazi Universiteti və İGÜN ilə davam edən əməkdaşlıq əlaqələrində təcrübə mübadiləsi məqsədilə müxtəlif formatlı birgə fəaliyyətlərin həyata keçirilməsi əsas istiqamətlərdən birini təşkil edir.

Şərhlər bağlıdır.