Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Turizm Kollecində Azərbaycan Xalq Cümhuriyyətinin 99 illiyi qeyd edilib

177

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatına böyük və tarixi hadisə kimi daxil olub. İlk dəfə qadınlara seçki hüququ verilib və qadın-kişi bərabərliyi təmin edilib. Milli ordu, milli pul, milli bank yaradılıb, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması reallaşıb.

Bu fikirlər Mingəçevir Turizm Kollecində Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 99-cu ildönümü münasibətilə keçirilən ”Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə yaranan ilk demokratik respublikadır” mövzusunda elmi nəzəri konfransda səsləndirilib. Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov XX əsrin tarixə təkcə elm və texnika əsri kimi deyil, həm də milli dirçəliş, imperiyaların dağılması, milli dövlətlərin yaranması əsri kimi düşdüyünü qeyd edib. O, bildirib ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti  (AXC) qısa fəaliyyəti dövründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. Təəssüflər olsun ki, müstəqil AXC iki yaşına çatmamış bolşeviklərin hücumuna məruz qalaraq devrilib. Tarix göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. Diqqətə çatdırılıb ki, XX əsrin 90-cı illərinin əvvəllərində-müstəqilliyimizin yenidən bərpasının ilk illərində ölkəmiz  ağır duruma düşüb, vətəndaş qırğını ilə üz-üzə qalıb. faktiki olaraq müstəqil dövlət kimi fəaliyyət göstərə bilməyib. Xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə gələn ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görüb, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar edib. Ulu öndərin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoyub.

Konfransda “Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi və İstiqlal Bəyannaməsinin qəbulu” , “1917-1918-ci illərdə AXC-nin xarici siyasəti və erməni təcavüzünə qarşı mübarizəsi”, “AXC-nin süqut etmə səbəbləri”, “28 May Respublika Günü  Azərbaycanın milli bayramıdır”, “28 May şərəf tariximizdir”, ”Müstəqil Azərbaycan Respublikası AXC-nin varisidir” mövzularında məruzələr dinlənilib. Çıxış edənlər 1918-ci il mayın 28-də qazanılan müstəqilliyin tarixi əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarıb.

Sonra kollecin yaradıcı tələbələri tərəfindən hazırlanan ədəbi-bədii kompazisiya nümayiş olunub. 28 May Respublika Günü münasibətilə kollecdə keçirilən inşa yazı və rəsm müsabiqələrinin qaliblərinə diplom təqdim edib.

Şahnəzər Bəşirov

Şərhlər bağlıdır.