Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Tahir Məmmədov: “Mən özüm də həmin 17 min nəfər gəncdən biriyəm və Moskvada təhsil almışdım”

39

Mayın 25-də“Heydər Əliyev ili” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının tədbirlər planı çərçivəsində  YAP Mingəçevir şəhər təşkilatı ulu öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirib.  Əvvəlcə Mingəçevir İcra Hakimiyyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhərimizin qonaqları ulu öndər H.Əliyevin abidəsi önünə çiçək dəstələri qoyub, Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin düzənlədiyi sərgiyə baxıblar.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə ehtiramla başlayıb. Dövlət himnindən sonra Heydər Əliyev haqqında videoçarx izlənilib.

Çıxış edənlər ulu öndərin Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutması, milli kadrların ixtisaslaşması, ana dilimizin dövlət dili kimi Konstitusiyamıza daxil edilməsinə nail olmasından danışıblar. İdarəçiliyi dövründə ümummilli liderin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində rolu və bu yolda üzləşdiyi çətinliklər vurğulanıb.

İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd edib ki, “Heydər Əliyev ili” ilə bağlı tək respublikamızda deyil, onun hüdudlarından kənarda da silsilə tədbirlər keçirilir: “Bu görüşlərin məqsədi ulu öndərin fəaliyyəti ilə bağlı cəmiyyətimizi daha çox məlumatlandırmaq və müxtəlif mövzularda müzakirələr aparmaqdır”.

YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev dünya səviyyəli siyasətçi H.Əliyevin azərbaycanlılarının təşkilatlanması, ölkəmizin dünya arenasında tanınması, gənclərin inkişafı üçün əzmlə çalışmasından söz açıb.

YAP Veteranlar Şurasının üzvü, Azərbaycanın Əməkdar jurnalisti Tahir Məmmədov ulu öndərin Mərkəzi Komitədə çalışdığı dövrdə 17 min gəncin Azərbaycandan kənarda təhsil almasına nail olduğunu deyib: “Mən özüm də həmin 17 min nəfər gəncdən biriyəm və Moskvada təhsil almışdım”.

YAP idarə heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov Heydər Əliyevin gənclər siyasətindən danışıb.

“Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov energetika sahəsində H.Əliyevin rolu  və Azərbaycan dövlət rayon istilik elektrik və su elektrik stansiyalarının Mingəçevirə salınması ilə bağlı xatirələrini dilə gətirib.

Çıxışlardan sonra H.Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar və YAP şəhər təşkilatının işində fəal iştirak etdiklərinə görə, bir qrup ərazi partiya təşkilat sədri fəxri fərmanla təltif olunub.  Həmçinin YAP-ın sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Rəsmi hissədən sonra tədbir Bərdə Regional Mədəniyyət İdarəsi, Mingəçevir şəhər mədəniyyət işçilərinin konsert proqramı ilə davam edib. Bülbül adına 2 saylı uşaq musiqi məktəbinin “Xarı bülbül” xor kollektivi, Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin müəllimləri Pərvanə Soltanova (konsertmeyster İradə Xəlilova), Zülfiyə Hacıyeva və vokal qrupu (bədii rəhbər Yeganə Umarova, konsertmeyster Xəyalə Rüstəmova), F.Qasımov adına uşaq incəsənət məktəbinin “Banu” rəqs qrupu (bədii rəhbər Mələk Tağıyeva) və Səxavət Cəfərovun (konsertmeyster Məmmədəli Qubadzadə) ifaları alqışla qarşılanıb.

Şərhlər bağlıdır.