Araşdırma

Təhsilli qadın savadlı ailənin və cəmiyyətin özəyidir

Hamımızın yaxşı tərbiyə və təhsil almasının başında daha çox anamın yuxusuz gecələri, dözümü və şücaəti dayanır

“Evin içi qadına baxır”

Yaşı səksəni haqlayan anam həmişə deyir ki, öğulu da oxutmaq lazımdır, qızı da: “Vay o gündən ki, övladın savadsız ola. Həyatdı, sabah qadının, ya kişinin başına bir iş gəldi, onda gedib küçə süpürməklə, ya da araba çəkməklə özünü və balalarını dolandırmağa məcbur olacaq” .

Ağdaşda 7 illik natamam orta təhsidən sonra pedaqoji texnikomu bitirəndə anamın 18 yaşı vardı. Elə həmin il də ailə həyatl qurub, təyinatla Mingəçevirə gəlib. Yetmiş yaşına qədər, 50 ildən artıq şəhərin müxtəlif məktəblərində müəllim kim çalışıb.

Ailəmizdə beş uşaq böyüyürdü. Anam məktəbə də çatır, ev işlərini də görür, üstəlik hər birimizin dərsini də soruşmağa vaxt tapırdı. Bir dəfə gecə ayıldım ki, dərs dediyi sinfin yazılarını lampa işığında yoxlayır. Bacım, qardaşlarım və atam isə çoxdan uyumuşdular.

Orta təhsilini axşam məktəbində bitirən atam səhər çıxıb, axşam qayıdır, anamın xahiş və təkidlərinə baxmayaraq, evdə əlini ağdan qaraya vurmurdu. Yeməyini yeyə-yeyə və ağ-qara rəngli kadrlara baxa-baxa çox vaxt televizorun qabağında yuxulayan atamın bir şüarı vardı: “Evin içi qadına baxır”.

Anam heç birimizi, hətta bacımı belə, bir iş görməyə qoymazdı. Yeganə tələbi bu idi ki, fikrimizi kitaba, dərsə verək. Düşünürdüm ki, ona necə kömək edə bilərəm? Bir gün dedim ki, olarmı evə gətirdiyin dəftərləri mən də yoxlayım? “Əla” qiymətlərlə oxuduğum üçün mənə çox güvənirdi, buna görə də etiraz etmədi. Mənim vəzifəm səhvləri tapıb, üzərində qırmızı qələmlə işarələmək idi. Əgər “qırmızıların” sayı həddindən çox olurdusa, anam həmin şagirdə “2” yazardı. Hətta onun gözündən qaçan səhvləri də gördüyümə görə sonradan o, bu işi həvəslə mənə tapşırardı.

Beş uşağa təkbaşına baxmaq əsl qəhrəmanlıq sayıla bilər. Hamımızin yaxşı tərbiyə və təhsil almasının başında daha çox anamın yuxusuz gecələri, dözümü və şücaəti dayanırdı. Məhəlləmizdə anaları normal təhsil almamış qonşularla müqayisədə bizim ailə daha savadlı hesab olunurdu.

“Mən kişi/qadın olsaydım…”

Bu yaxınlarda ərzaq təhlükəsizliyi problemləri ilə bağlı bir təlimə dəvət olunmuşdum. Ən çox yadımda qalan “kişi işi” və “qadın işi” adlı tapşırığı yerinə yetirmək oldu. Biz 3 qrupa bölündük, hər qrupda hər iki cinsin nümayəndələri təmsil olunurdu. Kişilər ”Mən qadın olsaydım…”, qadınlar isə “Mən kişi olsaydım…” fikrləri ilə başlanan cümlələri tamamlamalıydılar. İlk baxışda asan görünsə də, müzakirə zamanı ciddi mübahisələr ortaya çıxırdı. Kişilərin xeyli hissəsi hesab edirdi ki, mətbəxdə çalışmaq, övladlarla məşğul olmaq ananın bir nömrəli vəzifəsidir. Dünyanın ən yaxşı aşpazlarının kişi olduğunu sübuta yetirən qadınlar isə uşaqların tərbiyəsində atanın rolunu önə çəkirdilər. Hətta məsələ belə qoyulurdu: “Bütün gününü ev təsərrüfatına ayıran xanımın əməyini pula çevirsək, onu ödəməyə kişinin məvacibi catarmı?”.

Elə “üç ailə” tapşırığını yerinə yetirəndə də eyni çətinliklə üzləşdik. Sonda bu qərara gəldik ki, kiçik daxmada yaşayan və torpağını əkib-becərməklə məşğul olan kasıb ailədə ər və arvad bir-birinə yaxından kömək etməsə, yəni gender əsaslı əmək və vəzifələr bölgüsünə nail olmasa, yaşaya bilməyəcək.

“Bizim tərəflərdə qızı olmayan atanı yetim sayırlar”

Bir çox kişilər düşünürlər ki, qadınların ixtiyarına hakimiyyəti versək, dünya dağılar. Amma unuduruq ki, əsasən kişilərin idarə etdiyi yer kürəsi faciəli həddədir. Buzlaqlar əriyir, müharibələr və milli zəmində münaqişələr baş alıb gedir, bəşəriyyəti aclıq təhlükəsi gözləyir…Mənim fikrimcə, qadın insanlığa kişidən bir köynək yaxındır. Çünki bətnində cocuq gəzdirən ananın öz övladının timsalında dünyanın bütün uşaqlarına rəğbəti kişilərlə müqayisədə daha ülvi və dərindir.

Gəlin, etiraf edək: o yerdə ki, özünü ailə başçısı hesab edən ata təkbaşına qərar verir, orada yanlış nəticələr yetərincə olur. Amma ailə şurasının yekdil rəyi ilə addım atılanda risqlər azalır, məsuliyyət artır. Yeri-göyü titrədən Rüstəm kişi (“Böyük dayaq” filminin qəhrəmanı) yalnız suda boğulanda başa düşür ki, azca da olsa xanımının məsləhətinə qulaq assaydı, bu günə düşməzdi. Halbuki o, evində qadınının, qızının səsinin çixmasına imkan vermirdi…

“Patriarxal, ənənəvi, konservativ, mühafizəçi ailələrdən danışanda çox səhvlər edirsiniz. Bu gün oxuyuram ki, bəs belə ailələr qızlara qarşıdır, dünyaya gəlməsini qoymurlar. Bizim tərəflərdə qızı olmayan atanı yetim sayırlar, yüz illərdir. Ona “yazıq” kimi baxırlar. Bəlkə sizdə fərqlidir-deyə bilmərəm, amma belə birtərəfli ümumiləşdirmələri sevmirəm. “Azərbaycanda belədir” deyəndə “məncə” sözünü də əlavə edin!”

Bu fikirləri isə media eksperti Emin Hüseynzadə sosial şəbəkədə bölüşüb

“Harda görünüb ki, qıza pay düşə…”

Əslində kişilərin güclü, qadınların zəif cins kimi cəmiyyətə təqdim olunmasının səbəbkarı həm də analardır. Bu, mentalitet deyilən zərərli adətlərdən irəli gəlir. Hələ də gəlini qız doğanda qayınana “Başın sağ olsun” deyir. Elə həmin gəlin də qızı ilə müqayisədə oğluna daha çox diqqət yetirir. Yəni bacı səsini çıxara bilməz, amma qardaş istədiyini edə bilər.

Bu yaxınlarda bir yas yerində idim. Yaşlı həyat yoldaşını itirmiş qadına oğulları deyirdi ki, sabah notariusa gedək, olan-qalanı bizim adımıza vəsiyyət elə. Bacıları dillənəndə ki: “Bəs mənə heç nə çatmayacaq?”, ana ağzından vurdu: “Sən sus. Harda görünüb ki, qıza pay düşə. Sən ərə getdin, bizim üstümüzdən çıxdın. Ərin sənə cavabdehdir”.

Amma qanun ananın və qardaşların deyil, qızın tərəfindədir. Azərbaycan Hüquq İslahatları Mərkəzi (AHİM) İctimai Birliyinin rəhbəri Anar Bağırovun sözlərinə görə, vəsiyyətnamədə vərəsə kimi kimlərin göstərilməsindən asılı olmayaraq, miras qoyanın yaxınları, yəni onun qanuni vərəsələri mütləq mirasdan məcburi pay almaq hüququna malikdirlər: “Mülki qanunvericiyə görə vərəsə məcburi pay almaq hüququndan vəsiyyətnamə ilə deyil, yalnız məhkəmə tərəfindən məhrum edilə bilər”.

Gender bərabərliyi üçün nə etməliyik?

İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti Rövşən Ağayev belə hesab edir ki, gender bərabərliyində mülkiyyət əhəmiyyətli rol oynayır: “İqtisadi imkanlar çox vacib şərtdir. Əgər qadın mülkiyyətdən məhrumdirsa və kişinin əlinə baxırsa, hansı bərabərlikdən söhbət gedə bilər?”

R.Ağayev gender bərabərliyi üçün ədalətli bölgünün aparılmasını, müəyyən dövrə qədər vəzifələrə təyinatda qadınlara kvota qoyulmasını, sahibkar xanımlara daha münbit şərtlərlə kreditlər və hətta qrantlar ayrılmasını, lazımi bilgilər verilməsini təklif edir.

Hüquq müdafiəçisi İnqilab Həsənov isə deyir ki, gender bərabərliyinin təmin edilməsi sahəsində Azərbaycanda kifayət qədər qanunvericilik bazası yaradılıb: “Gender əsaslı zorakılığa, beynəlxalq və milli səviyyədə cinsi ayrı-seçkiliyə qarşı hüquqi baza var. Lakin zorakılığın qarşısının alınması sahəsində qabaqlayıcı tədbirlər və müdafiə mexanizmləri yetərincə deyil. Yaxşı ki, bir-iki QHT genderə həssas tədqiqatın aparılması ilə məşğuldur, amma bunun nəticəsi və tətbiqi olaraq dövlət konkret addımlar atmalıdır. TV-lər şou göstərməkdənsə, gender bərabərliyini təbliğ edən maarifləndirici proqramlara vaxtaşırı yer ayırmalıdır, yaxşı nümunələri tamaşaçılarına çatdırmağa çalışmalıdır”.

…Hüququnu bilən qadın güclü və ədalətlidir. Bu isə normal dünyagörüşündən keçir. Yaxşı təhsil almış qadın savadlı anaya çevrilir. Nə zaman ki, ata da təhsil və imkanları ilə kənarda qalmır, bu ailə gərəkli, qabiliyyətli övladlar yetişdirməklə bərabər başqalarına və bütöv cəmiyyətə fayda verir. Bu yerdə 80 yaşlı anamın sözləri yadıma düşür: “Allaha şükür ki, sənin yoldaşın mənim arzu etdiyim xanım oldu…”

Tag
Daha çox

Oxşar yazılar

Close