Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Suda üzən” Mingəçevirin su dərdi

252

“Son illərə qədər Mingəçevirdə  əhalinin və sənaye müəssisələrinin su ilə təchizatında, o cümlədən yaşıllıqların suvarılmasında ciddi problem yaşanmırdı. Vaxtilə, 75-80-ci illərdə   Texniki –Rezin  Məmulatı  Zavodu, Azərbaycan DREC və digər təşkilatların vəsati hesabına şəhərin başı üzərində yerləşən su anbarının dərinliyindən  iri diametrli borularla su xəttinin çəkilişi həyata keçirilib.  Bundan əhali içməli, müəssisələr isə texniki su kimi ehtiyaclarını ödəyirdi. Amma bir gün ”Azərsu”  “hazıra nazir” oldu, başqalarının əmlakını mənimsəyəndən sonra texniki suyu da içməli su qiymətinə satmağa başladı. Bununla  kifayətlənmədi, həyət-bacadakı, məhəllələrdəki su kranlarını da yerlə yeksan etdi. Əziyyətlə 200-300 ağac əkirik, amma suvara bilmədiyimizdən 20-si qalmır.  Təbii basqı ilə evimizə gələn suyun bizdə qonşu Yevlax rayonun  ilə müqayisədə qat-qat baha olması anlaşılmazdır. Biz bir müddət əvvəl 100 veteranın imzsı ilə Tarif Şurasına müraciət göndərmişdik. Düşünürəm ki, şuraya belə müraciət şəhər rəhbərliyi səviyyəsində də olmalıdır”.

Avqustun 5-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın ilin birinci yarısında şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında sahibkar Vaqif Həsənov belə deyib. 8 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin müdir əvəzi Əlizamin Həmidov, “Mingəçevir işıqları” qəzetinin baş  redaktoru Fərman Nəbiyev də problemin ciddiliyindən danışıblar.  Onlar qeyd ediblər ki,  suvarmaya yarayan köhnə xətləri saxlmaq əvəzinə dağıdır, məhəllələrdəki  ümumi istifadə  kranlarını tamamilə ləğv edirlər. Yaşıllaşdırma və Təmizlik İdarəsinin rəisi Əli Ağamirov problemin həlli üçün bir neçə təklif verib: “Ya gərək şəhərə texniki su xəttinin çəkilişi üçün əlavə 20-30 milyon vəasit ayrıla. Bu da indiki iqtisadi böhran şəraitində ağlabatan deyil. Üstəlik, qazıntı işlərinin yenidən başlanması yeraltı qaz, işıq, telefon xətlərinə ziyan vurardı. Ən yaxşı halda suvarma üçün büdcədən əlavə vəsait ayrılmalı, ya da “Azərsu” suvarılma məqsədilə istifadə edilən suya aşağı tarif tətbiq etməlidir”.

Su-Kanal İdarəsinin rəisi Mustafa Kərimov son illərdə Mingəçevirin su-kanalizsiya təsərrüfatının yenidən qurulmasından söhbət açaraq, hazırda sayğac qoyulmuş ərazilərə təmiz su verildiyini diqqətə çatdırıb. Məsələyə münasibət bildirən İcra Hakimiyyəti başçısı Niyazi Bayramov mingəçevirliləri  sudan israfçılıqla istifadə edilməsinin qarşısını almağa çağırıb: “Bir də görürsən ki, ağacları sulayanların məsuliyyətsizliyi üzündən su aşıb-daşır. Əslində bütün dünyada suvarma damçı üsulu ilə aparılır, nəticədə itkiyə yol verilmir, qənaət olur”.

Başçı su hövzələrinin, şəhər ərazisinin çirkləndirilməsinə də münasibətini bildirib: “Biz Avropa Oyunları zamanı Kür çayının təmizliyini güc-bəla ilə qoruya bildik.  Vaxtilə bura müəssisələrin çirkab suları da axıdılırdı. Bunun qarşısını aldıq, amma bu gün də sahildə gəzən adamlar, ətrafdakı obyektlərin işçiləri əllərinə keçəni çaya atırlar”.

Zibilxana təsərrüfatındakı vəziyyətlə maraqlanan başçıya məlumat verilib ki, əvvəlki şəhər rəhbərlərinin dövründə ərazinin xeyli hissəsi sahibkarların və fiziki şəxslərin ixtiyarına verilib: “Onlar isə donuzçuluq fermaları açıblar. Zibilxana bu heyvanlar üçün qida mənbəyinə çevrilib.  Nəticədə ərazidə sahibsiz itlərin sayı artıb”.  Vəziyyətdən çıxış yolu kimi, zibilxananın ətrafını çəpərləmək təklif olunub: “Yaxşı olar ki, daş hasar çəkilsin, amma buna vəsait yoxdur”.

Mingəçevir Şəhər  İcra Hakimiyyəti başçısı yanında Şuranın ilin birinci yarısında şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında İHB-nın birinci müavini İlham İsmaylov məruzə  edib, ilk 6 ayın yekunlarına  görə şəhər iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafından, xidmət sahələrinin fəaliyyətindən danışıb. Müxtəlif qurumların rəhbərləri də yarım ildə qazanılan uğurları ilə bölüşüblər. İclasın sonunda Azərbaycan Prezidentinin 22 iyun 2015-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan  İH aparatının baş məsləhətçişi İmran Yusibova mükafat təqdim edilib.

Şərhlər bağlıdır.