Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Əsgərlərimiz yaşasın!

245

İnsan böyük mənadır, çox böyük məna, bəlkə də ağlımız almayacaq qədər böyük. Bu haqda danışmaq çətindir, amma bəzən, bu böyük mənanın daşıyıcısı olan insan özünü elə hallara salır ki, çox kiçilir, alçalır, zəhlətökən olur, əl-ayağa dolaşır, hətta qatil və vicdansız olur. Əslində, insan yaxşı ilə pis arasındakı spektrin bütün rənglərində, çalarlarında ola bilir: yaxşı, yaxşı kimi, yarı yaxşı, bir az yaxşı, az yaxşı, çox az yaxşı, yaxşı olmayan və beləcə pisə doğru.  Doğrudur, insanları bütün çalarlarda izləmək  maraqlı olardı, lakin yaxşının pisə çevrilmə anlarını və bunun davamını izləmək yox, onları durdurmaq daha doğru olardı. Təəssüf ki, bir insan başqa bir insanın yaxşıdan pisə çevrilmə anlarını müəyyən etmək və bunu yaradan səbəbləri yox etmək qüdrətinə malik deyildir. Düşünürəm ki, bunu hər bir insan özü dərk etməlidir, özü özünü pis insan olmaqdan qorumalıdır.

İnsanın, etdiyi səhvlərin fərqində olmamağı çox böyük cahillikdir. Çünki bu səhvləri başqaları düzəltməyə çalışarkən çox böyük əziyyətlər çəkməli olurlar, bəzən də bu fədakarlıq çoxlarının həyatı bahasına başa gəlir. Çox da uzağa getmək istəmirəm, tarixdən filan da misal çəkməyəcəm. Elə günümüzdə baş verən hadisələrlə bağlı fikirlərimi paylaşacam, ermənilər etdikləri səhvlərin, cinayətlərin fərqində belə deyillər. Bu səhvlərin cəzasını təkcə biz çəkmirik, özləri də, buna seyrçi qalanlar da çəkir və çəkəcəklər.

Hər hansı vacib məlumatların, fotoşəkillərin sosial şəbəkələrdə paylaşılmaması tələb olunur, lakin görürsən ki, çoxları bunu vecinə də almır. Müharibə gedən bir ölkə olaraq  çox ehtiyatlı olmaq, bəzi məlumatların düşmənin əlinə keçməməsi üçün bunları nəzərə almaq lazım gəlir. Təəssüf ki, hamı buna əməl etmir və nə qadağan olunursa, onu da paylaşırlar. Paylaşımlara yazılan rəylərdən də başa düşmək olur ki, adamların çoxu “Niyə paylaşmaq olmaz?”  sualına cavab axtarmayıblar. Əgər bu haqda az da olsa düşünsəydilər, cavab tapmağa çalışsaydılar xeyli məlumat əldə edərdilər, bilmədiklərini öyrənərdilər, istifadə etdikləri elektron avadanlıqlarının xüsusiyyətlərinə bələd olardılar. Çox təəssüf ki, çoxları nəinki “Niyə paylaşmaq olmaz?” sualına cavab axtarmırlar, hətta paylaşımlara irad tutanları lağa qoyur, onları ədəbsiz şəkildə qınayırlar. Niyə insanlar bilmədikərini öyrənməyə çalışmırlar, niyə etdiklərinin doğru olmadığını düşünmürlər, niyə səhv etdiklərini anlamırlar??? Çox istərdim ki, bu sualların cavabını da biləydim, lakin əvvəldə dediyim kimi, yaxşıdan pisə keçidin hər bir spektrinin sanki özünün də ətrafında  müəyyən bir spektr çevrəsi var ki, həmin halların hansında keçid edəcəyini bilmirik.

Bəzən əsgərlərimiz cəbhə xəttindən, olduqları postlardan şəkillər çəkib ailələrinə göndərirlər ki, həmin günlərdən yadigar qalsın. Ailələri də övladlarını, yaxınlarını hamı görsün tanısın, onlarla qürurlansınlar deyə, sosial şəbəkələrdə paylaşırlar. Lakin özləri də bilmədən əsgərlərə ziyan vurmuş, onları təhlükəyə atmış olurlar. Çünki smartfon tipli telefonlarla çəkilmiş şəkillər və videolar özündə xeyli informasiya saxlayır və onlar vasitəsilə şəklin sahibini, çəkildiyi yeri, koordinatları dəqiq müəyyən etmək olur. İnanmaq olmur ki, baxdığınız xarici filmlərdə bunun şahidi olmamısnız? Bilikli olaq, əsgərlərimiz yaşasın!

Başqa bir məqam isə rəsmi şəxslərlə bağlıdır. Bizim insanların çoxunda vəzifəli şəxslərə qarşı qəribə bir mütilik, zəiflik duyğusu vardır. Belə insanlarımız fikirləşir ki, “əgər bir adam yüksək vəzifəlidirsə o heç vaxt səhv etmir, onun dedikləri və etdikləri həmişə doğrudur, ya da, əgər vəzifəli insan səhv edirsə, düzgün işləmirsə ondan narazı olmaq və ya şikayət etmək mənasızdır”. Bu düşüncə çox yanlışdır, həm də təhlükəlidir. Birincisi ona görə ki, vəzifədə olan insanlar da bizim kimi adi insanlardır və heç bir vəzifə, yaxud səlahiyyətlər insana qeyri-adi qabiliyyət və istedad bəxş etmir. Eyni zamanda, bu insanların vəzifəyə necə gəldikləri də önəmlidir. Əgər vəzifəyə gələn insanlar heç bir seçim yarışmasında, imtahanında, ya da müsabiqədə iştirak etməyiblərsə, bu halda həmin insanların qabiliyyət və idarəetmə bacarığı da sual altında qalır. Əcəba, bu adam bu vəzifəyə yararlıdırmı, işinin öhdəsindən gəlirmi, işinə vicdanla yanaşırmı? Təəssüf ki, çox adam bunun da fərqinə varmadan, belə vəzifəlilərin fəaliyyətini sorğulamadan, kortəbii surətdə həmin adamlara haqq qazandırırlar, onların etdiklərini doğru qəbul etməyə çalışırlar, ya da onlardan qorxur və ya onlara qarşı saymaz olurlar. Bunu da qeyd etmək istərdim ki, ölkəmizdə, hətta nazir səviyyəsində insanların ölkəmizə, dövlətçiliyimizə necə zərbələr vurduğunun, vəzifələrindən sui istifadə etdiklərinin, dövlət əmlakını mənimsədiklərinin və nəticədə onların vəzifədən kənarlaşdırıldıqlarının da şahidi olmuşuq. Hətta prezidentimiz də bütün məmurlara  vicdanla işləmələri, vətəndaşlara vicdanla xidmət göstərməkləri üçün dəfələrlə xəbərdarlıq edibdir. Odur ki, insanlara qiymət verərkən, onlara vəzifəsinə görə yox, işinə, fəaliyyətinə, çalışqanlığına və davranışına görə qiymət vermək lazımdır. Unutmayaq ki, vəzifəli insanlar da səhv edirlər, hətta dövlətə xəyanət edirlər. Bu səhvləri görməzdən gəlmək yox, sorğu-sual etmək, səhvlərin səbəblərini bilmək və öyrənmək lazımdır ki, sonunda cəmiyyəti pis nəticələrə, fəlakətlərə aparmasın. Bu ona bənzəyir ki, insan xəstələnir, lakin bunu görməzdən gəlir,” heç nə olmaz” düşüncəsi ilə faliyyətinə davam edir, lakin xəstəlik də irəliləyir, daxili orqanları zədələyir, elə bir vəziyyət yaranır ki, həmin insan çox  əziyyət çəkir, hərəkət edə bilmir, halı getdikcə pisləşir və nəhayət anlayır ki, həkimə getməlidir, bu isə bəzən çox gec ola bilir. Öz işini bilməyən, vəzifəsini yerinə yetirməyən insanlar da cəmiyyəti xəstə halına salırlar, iflic edirlər, xəstə cəmiyyət isə sağlam insanlar yetişdirə bilməz. Ona görə də onları vaxtında xəbərdar etmək, işini yerinə yetirmədikdə, vətəndaşı vecinə almadıqda isə, onlardan şikayət etmək lazımdır. Bu günlərdə İcra Hakimiyyəti başçıları öz camaatının yanında olmalıdır, kəndləri gəzməli, onlara dəstək olmalı, köməyə ehtiyacı olanlara yardım etməlidirlər.Təəssüf ki, hələ ki, belə fədakar, məsuliyyətli İcra Hakimlərinin varlığından xəbərdar deyilik. Əgər sənə etimad edilirsə, iş, vəzifə tapşırılırsa, onu vicdanla yerinə yetirməlisən.Vicdanlı olaq, əsgərlərimiz yaşasın!

Ermənilərə inanmaq olmaz.

Tarixini oxuyub öyrənmək, ədəbiyyatını, hüquqlarını bilmək, haqqını tələb etmək, bütün bunlar bizim zəif cəhətlərimiz olmamalıdır. Dünyaya yetərincə çıxış edə bilməmişik,özümüzü təsdiq edə bilməmişik, ya da bu sahədə çox zəif olmuşuq, çünki nə özümüzü kifayət qədər tanımırdıq, nə də dünyanı, yəni bu, bir az da acı reallıqdır. Oxuyub öyrənmək əmək istəyir, zaman sərf etməlisən, zəhmət çəkib ortaya yaxşı bir iş çıxartmalısan, lakin bunu da hər adam etmək istəmir. Ona görə  ermənilər də, onların havadarları da bizi illərdirki, haqqını, hüququnu bilməyən, tələb etməyən yazıq bir xalq olaraq görürdülər. Lakin bu günlər xalqımız öz haqqını almaq üçün döyüş meydanındadır, nə ölümdən qorxur, nə də ölüm saçan silahlardan. Bu müharibə təkcə haqqımız olanı almaq üçün deyil, həm də xalq olaraq öz namusuna, ləyaqətinə, torpağına, dövlətinə sahib çıxdığının sübutudur. Nə qədər igid oğullarımız bu savaş uğrunda canından keçir, nə qədər dinc insanlarımız həlak olurlar, uşaqlar yetim qalırlar, ata-analar övladlarını, körpələrini itirirlər, evlər dağılır, əkin sahələri yararsız hala düşür, heyvanlar tələf olurlar. Eyni zamanda, insanlarımız mənəvi psixoloji sarsıntılara məruz qalırlar, əzizlərini, doğmalarını itirirlər. Düşmən isə vurduğu hər bir zərəri: həm maddi, həm də mənəvi, ödəməlidir. Bunun üçün də hərbi prokurorluq orqanı, vəkillərimiz, müstəntiqlərimiz fəal iş aparmalı və Ermənistanın bu təzminatı ödəməsinə nail olunmalıdır, yoxsa- “onları etdikləri cinayətlərə görə cəzalandırmaq lazımdır” ifadəsinin heç bir anlamı qalmır, çünki müharibəni başladan da Ermənistandır, otuz ildir təxribatlar, cinayətlər törədən, fəlakətlərə səbəb olan, dövlətimizin ərazisini işğal edib dağıdan da odur və onun cinayətkar rəhbərləridir. Biz bu müharibədə qalib gəlməliyik, bunu etməliyik, başqa yolumuz yoxdur, çünki bu bizim haqlı olduğumuz bir davadır, bizim haqq işimizdir, son nəfərinə qədər erməni yaraqlıları işğal olunmuş torpaqlardan çıxmalıdırlar. Heç bir “sülhməramlı” qüvvənin bizim torpaqlarda işi ola bilməz, yoxsa ermənilər yenidən silahlanacaq və onların silahlı dəstələri daha da azğınlaşmız, quduzlaşmış şəkildə bizim torpaqlarımızda fəlakətlər törədəcəklər. Rusiya isə bu məsələdə birmənalı şəkildə ölkəmizdən uzaq durmalıdır, rus əsgərləri bu torpaqlara girməməlidir. Çünki Rusiyanın daxili işlərimizə qarışmasının acı nəticələrini yaşamaqdayıq: 1918-ci il işğalı, dəfələrlə dövlət torpaqlarımızı ermənilərə peşkəş etməkləri, 20 yanvar, Xocalı, Qaradağlı faciələrini törədən bir dövlətin ordusunun bizim ölkəyə ayağı da dəyməməlidir. İnanıram ki, prezidentimiz öz qətiyyəti ilə, ölkəmizə zərər vurmaq ehtimalı olan hər hansı bir güzəştə razı olmayacaqdır. Minsk qrupunun həmsədr ölkələri isə, otuz illik yarıtmaz, riyakar əməllərinə görə cavab verməlidirlər. Vətənpərvər olaq, əsgərlərimiz yaşasın!

Yaşasın Azərbaycan xalqı, yaşasın birliyimiz, Qarabağ Azərbaycandır!

Mehparə Rəhimqızı

22.10.2020    Mingəçevir şəhəri.

Şərhlər bağlıdır.