Cəmiyyət

Sevgi olmayan yerdə boşanma qaçılmazdır

Nikahların sayı dəyişməsə də, boşanmaların sayı artmaqdadır

Zorla qurulan evlilik

Vüsalə Rza qızı Julidova 1976-cı ildə  Mingəçevirdə anadan olub. Orta təhsilini şəhərdəki 4 nömrəli orta məktəbdə alıb. İngilis dili müəllimi olmaq istəsə də, ailəsi onu Bülbül adına 2 saylı musiqi məktəbinə gətirib. Musiqi məktəbində təhsil aldığı illərdə Hüseynalı adlı şəxslə tanış olub. Onla ailə qurmaq qərarına gəliblər. Lakin həm Vüsalənin, həm də Hüseynalının ailəsi bu münasibətə kəskin etirazlarını bildiriblər. Bundan sonra gənclər bir-birinə qoşulub, öz həyatlarına yaşamağa qərar veriblər. Vəziyyəti belə görən ailələr birtəhər razılığa gəlib və 1995-ci il sentyabrında onlara toy ediblər. Növbəti ilin iyulunda  ayında gənclərin İlkin adlı övladları dünyaya gəlib.

Hüseynalının ailəsində olan narazılıqlar gənclərin rəsmi evliliyindən sonra da səngiməyib. İlkinin 4 yaşı olanda ailə ayrılmağa qərar verib. Oğlu ilə ata evinə qayıdan Vüsalə 2006-cı ildə Ziya adlı şəxslə tanış olub və ikinci ailə həyatı qurmağa qərar verib. Onların 3 qız övladı dünyaya gəlib. Bu qız uşaqlarından ikisi ekizdir. Hazırda Vüsalə İlkin, Lalə, Leyla və Aidə adlı 4 övladı və həyat yoldaşı ilə xoşbəxt həyat yaşayır.

“Əsas səbəb kişi və qadın münasibətlərində xəyanətkarlıqdır”

Mingəçevir şəhərində, 12  saylı məktəbdə tarix müəlllimi işləyən Sevinc Kərimova boşanmaların ilbəil artmasından narahatdır: “Boşanmaların səbəbləri müxtəlifdir. Ən başlıca faktor xarakter uyğunsuzluğudur. Digər səbəb kimi sevginin bitməsini göstərə bilərik. Sevgi olmayan yerdə  dözümsüzlük, hörmətsizlik, diqqətsizlik olacaq. Sevgi olmayan yerdə boşanma qaçılmazdır. Üçüncü əsas səbəb kişi və qadın münasibətlərində xəyanətkarlıqdır. Əvvəllər boşanmalar ailədə uşağın olmamasına görə daha çox olurdu, indi  səbəblər artıb”.

Ədliyyə Nazirliyinin (ƏN) mətbuat xidmətindən verilən məlumata görə, 2019-cu ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 46898 nikah və 12713 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı dəyişməyərək eyni səviyyədə (6,3) qalıb. Boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb”.

İnsanlar Şərq mədəniyyətinə yiyələnərsə…

Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat fakültəsinin tələbəsi Əli Səlimli boşanmaların sayının azaldılması istiqamətində bir neçə yol təklif edir: “İlk növbədə insanlar Şərq mədəniyyətinə yiyələnməlidirlər. Şərqdə boşanmaların sayı Qərbə nisbətən azdır. Qərbdə ölkələr inkişaf etdikcə boşanmaların sayı artır. İkinci əsas yol insanların öz daxili aləmini tənzim etməsidir. Xəyanətkar ruhlu insanlar olduqca boşanma faktları qeydə alınacaq. Şəxsiyyət özünü tərbiyə etməlidir. Depressiya anlarında psixoloqa müraciət edilməlidir. Digər səmərəli yol qadına qarşı şiddətin qarşısının alınmasıdır. Bunu iki əsas vasitə ilə tənzimləmək olar. Birincisi, xüsusi proqramlar yolu ilə insanları məlumatlandırmaq. İkincisi, qadına şiddətin təşəbbüskarlarını sərt şəkildə cəzalandırmaq. Lev Tolstoyun sözüüdür: “Xoşbəxt ailələr bir-birlərinə bənzəyir. Bədbəxt ailələr isə hərəsi bir cürə bədbəxtdir”. Boşanmış ailələrdə yaranmış böhran mütləq uşaqlara təsir edir. Buna görə də boşanmaların sayı kəskin şəkildə azaldılmalıdır”.

Tag
Daha çox

Oxşar yazılar

Close