Cəmiyyət

Sənəm Kərimova: “Ürəyi dünyaya bərabər olan insanların köməyinə inanıram”

Savadı olan, hüququnu bilən qadın həm həyat yoldaşı ilə birgə ailənin yükünü bölüşür, həm də tək qalanda ən ağır problemlərini həll edə bilir

“Yardımla yaşamaq olduqca çətindir”

Mingəçevirdə yaşayan 37 yaşlı Sənəm Kərimova 13 il əvvəl ailə həyatı qurub. Birgə nikahdan bir oğlan və üç qızı dünyaya gəlib. Həyat yoldaşının həbsindən sonra övladlarına təkbaşına baxmalı olub. Bu gün gəliri və təhsili olmayan bu gənc qadın övladlarını normal saxlamaq iqtidarında deyil.

“Həyat yoldaşımın həbsindən sonra biz anamın qazancı ilə dolanırdıq. O, rəhmətə gedəndən sonra xeyriyyəçi insanlar və məscid tərəfindən müəyyən qədər yardımlar alırıq. Lakin yardımla yaşamaq bizim üçün olduqca çətindir. Üstəlik də xəstə övladımın müalicəsinə də daima pul xərcləməliyəm”.

“Ac da qalaram, kasıblığa da dözərəm, təki Aygünüm qaçaraq qucağıma gəlsin”

Ailənin kiçik qızı Aygün iki yaşından qıcolma xəstəsidir. Sənəm xanımin üz tutmadığı həkim qalmayıb: “Hər dəfə ümidlə həkimə gedirdim, lakin ümidlərim puç olurdu. Hər biri qızım üçün fərqli-fərqli diaqnozlar qoyurdular. Mən də istəyirəm övladım yerisin, sağlam olsun, məktəbə getsin. Lakin imkanım yoxdur deyə tanınmış həkimlərin yanına apara bilmirəm. Çox zəif olduğundan yeriyə də bilmir. Gözlərində də problem yaranıb. Balam gözümün qabağında şam kimi əriyir. Amma ümidimi itirmirəm. Ürəyi dünyaya bərabər olan insanların bizə kömək olacağına və qızımın sağalacağına inanıram. Ac da qalaram, kasıblığa da dözərəm, təki Aygünüm qaçaraq qucağıma gəlsin”.

“Mingəçevir-Mübarizlər” komandası dəstəyini Sənəm xanımdan əsirgəmir

“Mingəçevir-Mübarizlər” komandası vaxtaşırı Sənəm xanımı ziyarət edib, şəraiti ilə yaxından tanış olub. Komandanın rəhbəri, Mingəçevir Dövlət Universitetinin (MDU) III kurs tələbəsi Fəxriyyə Qüdrətli deyir ki, yardımlara baxmayaraq, ailə olduqca çətin vəziyyətdə yaşayır: “Düzdür, xeyirxah şəxslər yardımlar göstərirlər. Amma bu, onların ehtiyaclarını tam qarşılamır. İmkanı olan hər kəs Sənəm xanıma ailəsinin yaşaması, balaca balamızın sağalması üçün dəstəyini əsirgəməməlidir”.

MDU-nun müəllimi Şəbnəm İslamova da belə ağır şəraitdə yaşayan ailələrin qayğı ilə əhatə olunmasını vurğulayır: “Çox çətin bir vəziyyətdədir. Xəstə balası gün-gündən  zəifləyir. Uşağın xəstəliklə mübarizə aparmağa taqəti qalmayıb. İlk öncə Allahdan ona şəfa verməsini və imkanı olan şəxslərdən yardım olunmasını arzulayıram. “Mingəçevir-Mübarizlər” komandası da dəstəyini əsirgəmir. Lakin bu qadının övladını sağaltmağa yetəri qədər imkanı yoxdur”.

Qızı ər evinə yollamazdan öncə peşə öyrənməyə göndərmək lazımdır

Şəbnəm xanımınfikrincə, bəzilri qızlarını ərə verməklə valideynlik borclarını bitmiş hesab edirlər: “Düşünmürlər ki, bu, həyatdır, övladları nə zamansa cətin duruma düşə bilər. Əgər Sənəm vaxtında normal təhsil alsaydı, öz karyerasını qura bilsəydi, bu gün belə çətin durumda qalmazdı. Buna görə də valideynlər qızlarının  yaxşı təhsil almasına, gəlirli iş tapmasına maraqlı olmalıdırlar. Övladının xoşbəxtliyini arzu edən ata-ana onu ər evinə yollamazdan öncə peşə öyrənməyə göndərməlidir. Savadı olan, hüququnu bilən qadın həm həyat yoldaşı ilə birgə ailənin yükünü bölüşür, həm də tək qalanda ən ağır problemlərini həll edə bilir”.

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bu xəbəri oxumusunuz?

Close
Close