Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Rembo” ləqəbli Qarabağ döyüşçüsü: “Hollivud filmlərinin gerçəyi cəbhədə idi”

242

44 günlük Vətən müharibəsi təkcə torpaqlarımızın azadlığı və zəfər müjdələriylə yadda qalmadı. Həm də, bəlkə də heç vaxt tanımayacağımız igid oğulları bizə tanıtdı. Onlardan biri mingəçevirli, “Rembo” ləqəbli Fariz Əlizadə, digəri isə  Ülvi Kərimovdur.

Döyüşçülərin hər ikisi HTech Invest şirkətinin (Mingəçevir kompüter zavodu) işçiləridir və ordudan təxris olunaraq saq-salamat qayıdıblar. Onlar əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidləri ziyarət edib, qanınızı almışıq deyərək, öz vəfa borclarını bildiriblər.  Qəhrəman döyüşçülər həm də işlədikləri şirkətin ən intizamlı və nümunəvi işçiləri olub. Şirkətin rəhbəri Vidadi Məhərrəmov işçilərinin sağ-salamat qayıdıb gəlməsi  üçün qurban deyib və dediyi qurbanı kəsərək,  iş yerində aztəminatlı ailələrə çatdırıb. Vidadi Məhərrəmov öz işçiləri ilə qürur duyduğunu bildirir. Deyir ki, onlar döyüşdə olanda mütamadi olaraq ailə üzvülərini ziyarət ediblər: “Onların qayıdış xəbərini eşidəndə sevincimizin həddi-hüdudu olmadı. Hətta onların əməyini qiymətləndirmək üçün hər birinin əmək haqqı kartlarına 2000 AZN məbləğində pul ödənəcək”.

Biz igid döyüşçülərdən biri ilə iş yerində görüşdük. “Rembo” ləqəbli Fariz Əlizadə bizimlə həmsöhbət olaraq, cəbhədəki təəssüratlarını bölüşdü. Bildirdi ki, 21 sentyabrda səfərbərliyə alınıb və 27 sentyabrdan etibarən Azərbaycan Respublikasının erməni təcavüzünə qarşı apardığı mübarizədə Talış, Suqovuşan, Ağdərə, Hadrut, Laçın, Qubadlı istiqamətlərində  gedən döyüş əməliyyatlarında qəhrəmanlıq göstərərək, torpaqlarımızın erməni işğalından azad olunmasında iştirak edib. Qarabağ döyüşçüsü cəbhədə olarkən ən ağır döyüşləri belə xatırlayır: “Döyüş asan deyil. Hamsı ağırdır, amma ən ağırı döyüş yoldaşlarımızın  yanımızda şəhid olmasıdır. Amma itki versək də ruhdan düşmürdük. Çox sevindirici haldır ki, artıq Qarabağ problemi yoxdur. Torpaqlarımız azad olundu. Bir gənc kimi qınaq altında yaşamaqdan utanırdım. İndi, şükürlər olsun ki, torpaqlar azad olundu, şəhidlərimizin qanı yerdə qalmadı. Biz şəhidləri alnı açıq, üzü ağ ziyarət etdik. Rembo ləqəbini mənə yoldaşlarım vermişdi. Deyərdim ki, Hollivud filmlərinin gerçəyi cəbhədə idi. Düşmən hücumlarına layiqli cavab verən igidlərimiz torpaqlarımızın sahibsiz olmadığını bir daha sübut etdilər. Yanımızda Göyçaydan olan 20 yaşlı gənc  yoldaşımız şəhid oldu. O da məni həmişə rembo deyə çağırırdı. Onun döyüş bölgəsindən çıxarılma anında ağır artireliya atəşi vardı.  Şəhidi aparanda üstümüz silahlı idi. Çox açıqlamaq istəmirəm. Orda olan döyüşlərimizi yoldaşlarımız Hollivud filmlərinə bənzətmə etmişdilər. Deyərdim ki, igid döyüşçülərimizin hərəsi bir film qəhrəmanıdır. Cəbhədə yaşanan anlardan çox danışmaq olar.Qürurverici anlar yaşandı. Şəhidlərimizin valideyinləri qarşısında baş əyirik.Şəhidlik ölüm üzərində qalibiyyətdir. Mən deyərdim ki, uğrunda can verməyə on minlərlə övladı olan Vətən heç zaman məğlub olmaz!

Biz hər ikimiz şirkətimizin rəhbərliyinə də minnətdarıq. Çünki cəbhədə olduğumuz müddətdə və gələndən sonra onun diqqət və qayğısı ilə əhatə olunmuşuq”.

Fariz Əlizadə Laçının azad olunması uğrunda medalı ilə təltif edilib.

Şərhlər bağlıdır.