Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Psixi pozğunluğa düçar olanların çoxu cavan qadınlardır”

361

Tələbə Poliklinikasında otaqlardan birinin üstündə “Nevropatoloq Gülnaz Brumend” lövhəsinə rast gəldim. Həkimin soyadı maraqlı göründü və onunla tanışlıq məndə xoş təəssürat oyatdı. Onu siz də tanıyın.

-Gülnaz həkim, zəhmət olmasa, özünüzü oxucularımıza təqdim edin.

-Tehranda ziyalı ailəsində anadan olmuşam və mən ailənin ilkiyəm. Ailəmiz Bakıya köçəndə 12 yaşım vardı. Beşinci sinfə kimi fars dilində təhsil aldığımdan öz dilimizi bilmirdim. Buna görə də Bakıda beşinci sinfi təkrar oxumalı oldum. Orta məktəbi 1970-ci ildə bitirib, elə həmin il Tibb Universitetinə daxil oldum. Sonra ailə qurdum. 3 övladımın ikisi həkimdir. Oğlumun biri ürək cərrahıdır. Topçubaşov adına Mərkəzi Klinikada uşaq cərrahiyyəsi şöbəsinin rəhbəridir. Qızım İngiltərədədir. Digər oğlum isə kompüter üzrə proqramçıdır, Avstriyada yaşayır. Yoldaşım Novruz Həsənov da həkim-kardioloqdur.

-Həkim peşəsini necə seçdiniz?

-Uşaq yaşlarından ağ xalat məni özünə çəkib. On yaşında difteriyaya tutulmuşdum. Atam məni Tehrandakı sovet xəstəxanasına (o vaxt ona şurəvi xəstəxana deyirdilər) apardı. Həkimi görəndə ağrılarım yadımdan çıxdı. Mənə ilk yardım göstərən rus həkimin ağ xalatı daha çox yadımda qaldı. Ondan sonra özümə söz verdim ki, ancaq həkim olacağam.
Artıq 36 ildir Tələbə Poliklinikasında işləyirəm (əvvəllər İnşaatçılar Poliklinikası adlanırdı). Paralel olaraq mərkəzi xəstəxananın nevrologiya şöbəsində 9 il çalışmışam.

-Qadınların sizə müraciəti ən çox nəylə bağlıdır? Onların əsəblərinin pozulmasına səbəb nə olur?

-Qadınlarda əsəb sisteminin pozulması əsasən qan təzyiqi-hipertaniya və menapauza, klimakterik nevroz fonunda olan xəstəliklərlə əlaqəlidir. Əksər xanımların həyat yoldaşları Rusiyada olduğu üçün onlar sosial vəziyyətin gərginliyindən stress keçirirlər. Psixi pozğunluğa düçar olanların çoxu cavan qadınlardır. Son vaxtlar nevrozlar cavanlaşıb, tələbələr də həmin problemlə üzləşirlər.

-İnsanları nevroz halına gətirən səbəblər hansılardır?
-Məncə həddən artıq informasiyanın çoxluğu insan beynini yorur və o, informasiyaları qavraya bilmir. Bu oxumaqla bağlı deyil. Ətraf aləmdən daxil olan informasiyanın çoxluğu beyində sıxılmalar əmələ gətirir. İqlimin dəyişməsi və qidanın təsiri də rol oynayır. Orqanizmdə proseslər, maddələr mübadiləsi o qədər sürətlə gedir ki, insanlar yaşından qoca görünür.

-Elmi araşdırmalar sübut edir ki, əsəb sistemində problemi olan qadınlarda hormonal pozğunluq baş verir.

-Hormonal pozğunluq genetik və sonradan qazanılma olur. Ümumiyyətlə, qız uşaqlarının inkişafına bizim azərbaycanlı analar çox laqeyddirlər. Bizim regionumuz isti qurşaqdadır. Burada qızların, oğlanların yetkinləşmə prosesi dağlıq zonaya nisbətən çox erkən başlayır. Aranda qızlar ana halını 11-12, dağ rayonlarında isə 14-15 yaşında keçirirlər. Yüksək temperatur insan beyninə təsir edir. Ona görə də Aran yerində günəşin ultrabənövşəyi şüalarının təsirindən insanın yaşlanması daha sürətli olur.

-Sirr deyil ki, hormonların pozulması qadınlarda piylənməyə gətirir. Bunun isə orqanizmə vurduğu zərbəni aradan qaldırmaq çətindir.

-Təbabətdə belə bir fikir var ki, normal insan gün ərzində 2 litr yarıma qədər maye qəbul etməlidir. Yaşadığımız mühit isti bölgə olduğundan orqanizmimizdə tərləmə sürətli gedir. Bunun üçün qəbul etdiyimiz mayenin miqdarı da çox olmalıdır. Digər səbəb insanların yağlı yeməklər yeməsi və meyvədən az istifadəsi ilə bağlıdır. Qəbul etdiyimiz kolorini xərcləmirik, idmana, fiziki işə sərf etmirik. Qidalarımız həddindən artıq kolorilidir. Biz sərfə yox, ehtiyata işləyirik. Bununla orqanizmimizi zəhərləyirik.

-Həkim, əsəb xəstəliyi bütün orqanların sıradan çıxmasına səbəb olur. Qadınlarda piylənmə ilə yanaşı varikoz genişlənməsi də geniş yayılıb.

-Bunların hamısının kökündə artıq çəki durur. Artıq çəkinin fəsadları ağır olur. Şəkər, hipertaniya, ateroskleroz, insult və infarkt xəstəliklərinə yol açır. Ayaqlar yorulur, venalar sıxılır, varikoz genişlənməsinə gətirir. Qarında yığılan visseral piyləri əritmək daha çətindir.

-Qadınlar xəstəliyi müalicə etmək əvəzinə artıq çəkidən yaxa qurtarmaq üçün diyetaya otururlar. Amma tək çörəyi qida rasionundan çıxarmaq onlarda stress yaradır, əsəb sisteminə mənfi təsir edir.

-Təbii ki, öyrənmiş orqanizmi birdən-birə nədənsə məhrum etmək özü cinayətdir. Diyeta saxlayanlar bir şeyi başa düşmürlər ki, itirilən çəkinin əvəzinə orqanizm sonra bir neçə dəfə artıq çəki yığır. Az miqdarda və gün ərzində bir neçə dəfə yeməklə problemin həllinə nail olmaq olar. Meyvədən bol istifadə etməklə insan sağlamlığının qayğısına qalmalıdır. Onda beyin də normal fəaliyyət göstərər.

– Siz dərman preparatları təyin edəndə onların həmin adama kömək edəcəyinə inanırsınızmı? Çünki son zamanlar keyfiyyətsiz, hazırlanma şəraiti bəlli olmayan dərmanlar insanlarda müxtəlif ağırlaşmalara səbəb olur.

-Mən 36 illik fəaliyyətimdə təcrübədən keçirmədiyim dərmanları işlətmirəm. Əvvəlcə dərmanların təsir mexanizmini öyrənirəm, həkim yoldaşlarımla əlaqə saxlayıram, internetdə axtarıram. Bəzən vitaminləri qarışdırıb vururlar. Bu isə allergik xəstəliklər yaradır. Dərmanların dozası üstündə yazılana uyğun gəlmir. İndi doza məsələsinə səthi yanaşırlar. Aptek işçiləri alıcılara özləri dərman təyin edirlər. Dünyanın heç bir ölkəsində aptek işçisi həkim məsləhəti olmadan və reseptsiz dərman vermir. İstisna hal kimi müraciət edənə ağrıkəsici, vitamin kompleksi vermək olar. Amma dərhal həkimə müraciət etmək məsləhət görülməlidir.

-Son vaxtlar insanlar özlərini təbii yolla müalicə edirlər.

-Ümumiyyətlə fitoterapiya yaxşıdır, amma yerində. Bir az yaşlı adamı otla müalicə etmək ehtiyat tələb edir. Çünki bu, uzun illər yatmış xəstəliyi oyada bilər. Məsələn, öd kisəsindəki daşları tərpədər. Ot müalicəsi qorxuludur. həm də uzun müddət vaxt tələb edir. Kimyəvi dərmanla ağrını kəsmək daha asandır.

-8 Mart Qadınlar günü və Novruz bayramı ərəfəsində əzizlərinizdən hansı hədiyyəni alsaydınız, ürəyinizcə olardı?

-Əzizlərimin həyatda olmağı ən böyük hədiyyəmdir. Övladlarımı ziyalı səviyyəsinə qaldırmışam. Onlar ayaqda dura bilirlər. Düşünürəm ki, Azərbaycan cəmiyyətinə layiqli övlad yetişdirmişəm. Onların səslərini eşidəndə sanıram dünya mənimdir. Ana üçün övladının xoş xəbərini almaqdan önəmli nə ola bilər? Mən onlarla fəxr edirəm. Bütün analara mənim kimi xoşbəxt ana olmağı arzulayıram.

-Təbriklərimizi qəbul edin.

Şərhlər bağlıdır.