Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Piştaxta” altından manat satışı, yaxud borclarını qaytara bilməyənlərin tragediyası

201

“Birindən  götürüb, o birinin  borcunu qapadırdım “

Mingəçevirdə yaşayan  Esmira xanım yeddi il öncə, qızı Azərbaycan Müəllimlər İnstituna qəbul olunanda,  özünü  “quyuya” salıb.  Övladının Bakıdakı xərclərini-kirayə haqqını və digər ehtiyaclarını qarşılamaq üçün  “Bank of Baku”dan 500 manat kredit  götürüb: “Bir il sonra qızımı AMİ-nin Mingəçevirdəki  filialına köçürə bilsəm də, kreditin faizi yüksək  olduğuna görə borcu ödəyə bilmədim”. Buna görə də “Azərkredit” Qeyri-Bank Kredit Təşkilatına, sonra AccessBanka və  Kapital Banka baş vurub:  “Fikirləşirdim ki, birindən alıb, o birinin borcunu bağlayaram”.

Qızı ali məktəbi 3 il qabaq qurtarsa da, Esmira xanım borclarını nəinki bitirib, əksinə qat-qat artırıb:  “İndi bütün banklar mənə pul verməkdən imtina edirlər.  Adım qara siyahıya düşüb. Hazırda  4  banka 11 min manata  qədər borcum qalıb.  Aylıq kredit borclarım isə 500 manatı keçir”.

Esmira xanım son aylarda tez-tez məhkəmlərə çağırıldığını deyir:  “Hakimlərə deyirəm ki, bu dəqiqə işıqsız, susuz qalmışam, evimə bazarlıq edə bilmirəm,  aldığım 150 manat maaş  minimal yaşayışımı ödəmir,  bununla yüksək faizli krediti qaytarmaq imkanım  yoxdur.  Heç olmasa, faizləri aşağı salsınlar. Hakimlər isə bildirlər ki, bütün  əmək haqqımı, ya da mənzilimi borca yönəldəcəklər…”

Bu gün Esmira xanımın ailəsi –  oğlu, qızı və nəvələri yaşayan üç otaqlı köhnə mənzil onların mülkiyyətində  deyil: “Mənzil rəhmətlik qaynatamın  adınadır.  Mülkiyyətə oğlu sahib ola bilər,  o da 15 ildir ki, bizimlə əlaqəsini kəsib, Rusiyadadır,  bir qəpik də  göndərmir,  ya da gəlmir.  Qızım ailəli idi, həyat yoldaşından ayrılıb,  aldığını özünə və uşağına xərcləyir.  Oğlum evildir, həm də xəstədir, hara gedir, iş tapa bilmir.  İndi hamısı  mənim yanımdadır. Elə qonşularım da mənim günümdədir. Kimi dindirirəm, deyir banka borcum var. Əksəriyyəti uşaqlarının təhsili üçün pul götürüb, indi də qaytara bilmir…”

Təhsil xərcləri  yeni sosial problemlər yaradır

“Uzun illər ərzində Milli Məclisdə “Təhsil krediti haqqında” Qanunun  qəbul olunmaması  on minlərlə ailəni çətin duruma salıb. Yeri gəlmişkən, qanun layihəsinin  qəbuluna bəzi bank və qeyri-bank təşkilatları mane olurlar. Çünki təhsil krediti 5 faiz dərəcəsində nəzərdə tutulub, amma banklar krediti 5 faizlik dərəcə ilə deyil, 30-35, hətta 40  faizlə  verirlər.  Üstəlik banklar  kreditin qaytarılma müddətinin  maksimum azaldılmasını da təklif edirlər. Təhsil kreditlərinin qaytarılması müddəti isə  hər bir ölkənin spesifikliyindən və digər şərtlərdən asılı olaraq müxtəlifdir. Praktikada 7 ildən (Moldova) 10 ilə qədər (Almaniya, Latviya) müddət daha çox tətbiq olunur. Krediti 15 ilə (Qazaxıstan) və 10-30 ilə (ABŞ) qədər müddətə verən ölkələr də var”.

Mingəçevir Valideynlər Assosiasiyasının  hüquqşünası İnqilab Həsənov belə deyir. Onun fikrincə, banklar öz hesablarına təhsil kreditləri kimi xidmət göstərməkdə maraqlı deyillər: “Bunu hazırda  ağır  durumda  olan banklardan gözləməyə də dəyməz.  Hökumətin  bu sahəyə yanaşması dəyişməlidir. Dövlət sahibkarlıq, ipoteka və kənd təsərrüfatı ilə bərabər təhsil  sahəsinə də kreditlər  ayırmalıdır.   Əks təqdirdə  imtiyazlı təhsil kreditləri verilmədiyindən  təhsil xərcləri yeni sosial problemlər yaradır.  Azərbaycanda bu kimi sosial proqramların maliyyələşdirilməsinə  maraq üçün  kreditlərin  faizi,  yəni uçot dərəcələri aşağı düşməlidir” .

Uçot dərəcəsinin aşağı salınması vəziyyəti dəyişmir

Bu günlərdə  Mərkəzi Bank uçot dərəcəsini 3.5 faizdən 3 faizə endirib. Əsas kimi qeyri-neft sektorunda iqtisadi artıma maliyyə dəstəyini gücləndirmək, kredit faizlərini azaltmaq, kiçik və orta biznesin maliyyələşməsini yaxşılaşdırmaq göstərilir. İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, uçot dərəcələrinin dəyişməsi dövri olaraq baş verir: “Bu, sonuncu dəfə 2010-cu ilin oktyabrında indiki səviyyədə olub. 2011-ci ilin mayına kimi tədricən 5.25 faizə qədər qaldırılıb, sonra aşağı düşüb. Uçot dərəcələri dəfələrlə aşağı salınsa da, kredit bazarına təsir etməyib. Məsələn, 2008-2009-cu illərdə 15 faizdən 2 faizə endirilsə də, kredit faizlərində azalma baş verməyib”.

S.Əliyev  hesab edir ki, ABŞ, Avropa və Yaponiyada uçot dərəcəsinin 0,25% dəyişməsi bazarda canlanma yaranması üçün  kifayətdir:  “Azərbaycanda oxşar təsirlər baş vermir. Ona görə də Mərkəzi Bankın qərarı bu dəfə də kredit faizlərini ucuzlaşdırmayacaq. Doğrudur, MB son illər mərkəzləşdirilmiş kreditlərin həcmini artırıb. Bu ilin 5 ayında belə  kreditlər 3,2 milyard manatdan 4,2 milyard manata yüksəlib. Bu müddətdə ümumi kredit qoyuluşunda mərkəzləşdirilmiş kreditlərin payı 17 faizdən 21 faizə çatıb. Bazara təsir etmək üçün kifayət qədər yüksək paydır. Ancaq təsir yox dərəcəsindədir. Çünki  bütün banklar bu kreditlərdən yararlana bilmir. Ancaq məhdud sayda banklar üçün Mərkəzi Bankın dəstəyi əlçatandır. Ola bilsin ki, bazarda kreditlərin ucuzlaşmasını müşahidə edək. Ancaq səbəb heç də uçot dərəcəsinin azaldılması olmayacaq. Artıq 2 səbəb mövcuddur. Bunlar tələbatın kəskin azalması və bankların dollar bolluğundan “əziyyət” çəkməsi səbəbindən dollar kreditlərinin faiz dərəcəsinin azaldılması, bir də MB-ın birbaşa göstərişi nəticəsində faizlərin aşağı salınmasıdır”.

Xaricin ümidinə qalan banklarımız

Vəkillər Kollegiyasının üzvü, İJS hüquq firmasının idarəedici partnyoru Əkrəm Həsənov da bu cür düşünür. Onun  qənaətinə görə, inkişaf etmiş ölkələrdən fərqli olaraq, Azərbaycanda uçot dərəcəsi heç vaxt öz həqiqi funksiyasını yerinə yetirməyib: “Uçot dərəcəsi nədir? Mərkəzi Bank tərəfindən banklara və bank olmayan kredit təşkilatlarına verilən kreditin faiz dərəcəsi. Normal halda istənilən bank və bank olmayan kredit təşkilatı Mərkəzi Bankdan kredit götürmək imkanına malik olmalıdır. Lakin bizdəki vəziyyət normal haldan çox uzaqdır. Mərkəzi Bank bankların və bank olmayan kredit təşkilatlarının hamısına kredit vermir. Yalnız bir neçə banka verir. Yadınızdadır, SSRİ dövründə dükanlar malları necə piştaxta altından satırdılar? Hər müştəriyə satmırdılar, satdıqlarına da rəsmi qiymətdən baha satırdılar. Bax, bizim Mərkəzi Bankın kredit verməsi də buna bənzəyir”.

Ekspert onu da vurğulayır ki, Mərkəzi Bank verdiyi kreditin ümumi həcmini düzgün planlaşdırmayanda inflyasiya baş verir: “Düzgün planlaşdırmaq üçün isə onun əlində bütün imkanlar var. Mərkəzi Bank bazarın kredit resurslarına olan tələbatını gözəl bilir. Ən azı biçarə bankların xaricdən cəlb etdiyi dollar kreditlərinin həcmini bilir. Normal halda bu, belə olmalıdır. Mərkəzi Bank müəyyən dövriliklə vermək istədiyi kredit həcmini elan etməlidir. Bütün kredit təşkilatları da istədiyi kredit məbləğinə dair sifariş verməlidir. Nəticədə yəqin ki, tələbat təklifdən yüksək olacaq. Bu halda təklif edilən kredit vəsaiti kredit təşkilatlarının maliyyə göstəriciləri (məsələn, kapital, aktivlər və s.) əsasında aralarında mütənasib bölünəcək. Başqa sözlə, şəffaf kredit hərracı olmalıdır”.

Ə.Həsənov hazırda Mərkəzi Bank tərəfindən kredit təşkilatlarının kreditləşdirilməsinə dair heç bir normativ hüquqi aktın olmadığını da xatırladır: “Hətta Mərkəzi Bankın özünün normativ xarakterli aktı belə yoxdur. Yalnız 2005-ci ildə qəbul etdiyi iki sənəd var: “Azərbaycan Respublikasının Milli Bankı tərəfindən kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi Qaydaları” və “Azərbaycan Respublikası Milli Bankı tərəfindən sonuncu instansiya kreditoru kimi kredit təşkilatlarına təminatlı kreditlərin verilməsi Qaydaları”. Həmin sənədlər heç Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına belə alınmayıb. Başqa sözlə, Mərkəzi Bankın daxili sənədləridir, heç bir hüquqi qüvvəsi yoxdur. Buna görə də Mərkəzi Bank bu məsələdə istədiyini edir.  Əslində, sözügedən məsələ Mərkəzi Bank tərəfindən tənzimlənməli deyil. Verdiyi kreditlərin qaydasını özü necə müəyyənləşdirə bilər? Bu qayda ən azı Nazirlər Kabineti tərəfindən müəyyən edilməlidir. Çünki Konstitusiyanın 119-cu maddəsinə əsasən məhz Nazirlər Kabineti maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir”..

“Bura Azərbaycandır,  yoxsa Amerika?”

“Bu gün əhalinin əksər hissəsi  kredit əzabından qurtula bilmir.  Bir ara söhbət gəzdi ki, köhnə borcları donduracaq, hətta bağışlayacaqlar. Onsuz da iri sahibkarlar  Beynəlxalq Bankdan və o birilərindən götürdükləri milyonları,  milyardları qaytara bilmirlər, onları həbsə atmağın da faydası görünmür, geci-tezi bu borcları dövlət vəsaiti hesabına siləcəklər. Elə Beynəlxalq Bankın özəlləşdirilməyə verilməsi də  bu anlama gətirir. Böyük kreditləri   “təmizləyən” dövlətimizin imkansız adamların  borclarını, heç olmasa borc faizlərini silməyə gücü çatar.  Banklar  kredit faizlərini o həddə aşağı salmalıdırlar ki, borclular vəziyyətdən çıxa bilsinlər”-Qarabağ Qaziləri İctimai Birlyinin üzvü Əbülfət Babayev belə deyir.

Babayevin ehtimalına görə,  bank sisteminin hazırkı ağır duruma düşməsi  Mərkəzi Bankın öz əsas vəzifələrindən birini – kredit təşkilatlarının kreditləşdirilməsini yerinə yetirməməsi ilə bağlıdır: “Mən hansı banka gedirəm, manatla kredit istəyirəm, deyirlər  ki, mümkün deyil, ancaq dollarla verə bilərik. Soruşuram ki, bura Azərbaycandır, yoxsa Amerika?  Axı Konstitusiyada da yazılıb ki, ölkədə ödəniş vasitəsi manatladır.  Dünyanın istənilən  yerində milli valyuta üstünlük təşkil edir. Yaxın tanışlarım mənə izah edirlər ki,  bizim bankları qınamağın yeri deyil.  Çünki Mərkəzi Bank bu bankların əksəriyyətinə pul buraxmır,  onlar da  məcbur olub xaricdən dollar gətizdirib,  camaata verirlər.  İndi belə vəziyyətdə hansı ağıllı dolları manata çevirib, kreditə buraxar?  Gəl dollar qalxanda onu qaytar görüm, necə qaytarırsan? Vallah,  banka da, onun müştərisinə də yazığım gəlir. Camaatı bədbəxt ediblər. Biri başını götürüb qaçır, o biri özünü öldürür…”

…Bu gün qazancı minimal ehtiyaclarını və kommunal xərclərini ödəməyə çatmayan Esmira xanım da intihar həddinə çatıb: “Hər gün zəng vururlar ki, axşam 5-ə kimi gəlib, borcunu ödəməlisən. Sənədlərə baxıram, gözüm qaralır.  Heç olmasa mənzil adıma olsaydı, satıb, borcları ödəyərdim, canım rahat olardı.  İndi isə… Sabah eşitsəniz ki, özümü öldürmüşəm, məni qınamayın. Borclar məni dəli edib. Çıxış yolunu tapa bilmirəm”.

Şərhlər bağlıdır.