Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Pandemiya yükünün altında “boğulanlar”

336

Son 10 ildə şəhərdə çoxuşaqlı ailələrin sayı 4 dəfə azalıb

Hazırda Mingəçevirdə mövcud olan 23,7 min ailənin  874-ü çoxuşaqlı (4 və daha çox övladlı) hesab edilir. Onların əksəriyyəti pandemiya dövründə ciddi çətinliklərlə üzləşiblər. Əməkdaşımızın  seçmə yolu ilə on ailə arasında keçirdiyi sorğu bu fikri deməyə əsas verir. Ailələrdən biri sağlamlıq, altısı təhsil, ərzaq və digər xərclərini qarşılamaqda çətin duruma düşdüklərini deyiblər. Cəmi 2 ailə dövlət qurumları tərəfindən yardımları, 2 ailə 190 manatlıq müavinəti ala bildiyini, 3 ailə işsiz qaldığını bildirib.

Pandemiya dövründə çoxuşaqlı ailələrin karantin şəraitində özünüqoruma vasitələri (tibbi maska, spirtli maddələr və s.) əldə etmək, distant təhsilə qoşulmaqla bağlı da problemləri yaranıb. Ailələrdən 3-ü kompüter, 1-i kompüter və internet, 1-i kompüter və mobil telefon, 3-ü kompüter, mobil telefon, internet və dərsə qoşulma problemi yaşadığını dilə gətirib.

Çoxuşaqlı ailə

Vəziyyəti təhlil edəndə bu qənaətə gəldik ki, belə ailələrdə iki və daha çox şəxs daimi işə malikdirsə, həm adi günlərdə, həm də pandemiya günlərində ciddi çətinliklərlə üzləşmirlər. Rəyi soruşulanların yarısı günəmuzd işlərdə çalışdığından və pandemiya səbəbindən işsiz qalıb. Həyat yoldaşından ayrılmış və işi olmayan bir xanım etiraf edib ki, valideynlərinin təqaüdü hesabına uşaqlarını dolandırır. Sosial yardım almaq üçün müraciət edən və rədd cavabı alan digər bir xanım isə köçkün statusu ilə bağlı ailəsinə hər ay verilən 240 manatın ümidinə yaşadığını deyib: “Xocalı köçkünüyük. Mənim və övladımın onkoloji problemi var. Mingəçevirdə bizi düzgün müalicə etmədilər. Məcbur olub, özəl klinikaya müraciət etdik. Bu, bizə 7000 manata başa gəldi. Bankdan kredit götürdük, amma qaytara bilmirik. Heydər Əliyev Fonduna müraciətdən sonra bir dəfə 500 manat yardım aldıq. Amma bu, bizim yaramızı sağaltmadı. Bankdan kredit götürdüyümüzə görə ünvanlı yardım verməkdən də imtina etdilər. Mövsümi işlə məşğul olan, adətən meyvə satan həyat yoldaşım də indiki şəraitdə işsizdir”.

Dövlət Statistika Komitəsinin 2009-cu ildə aparılan əhalinin siyahıyaalınmasının uşaqlarla bağlı dərc etdiyi onlayn nəşrində belə məlumata rast gəldik: “Ev tәsәrrüfatlarının uşaqların sayına görә bölgüsü: Ölkə üzrə 2009-cu ilə 1314,5 min uşaq olub, onun 126,7 min nəfəri və ya bütün uşaqların 9,7 faizini 4 və çoxuşaqlı ailələr təşkil edib”.

Həmin buraxılışdakı digər məlumatlar da diqqətimizi çəkdi: “Mingəçevir üzrə 4 uşaqlı qadınlar: 2296  nəfər, 5 uşaqlı qadınlar: 736 nəfər, 6 uşaqlı qadınlar: 263 nəfər, 7 uşaqlı qadınlar: 123 nəfər, 8 uşaqlı qadınlar: 72 nəfər, 9 uşaqlı qadınlar: 22 nəfər, 10 və daha çox uşağı olan qadınlar: 12 nəfər”.

Statistikaya görə, 2009-cu ildə Mingəçevir şəhəri üzrə 3524 çoxuşaqlı ailə olub. 2019-cu ildə aparılan sonuncu siyahıyaalınmanın emalı prosesi hələ davam etdiyindən əldə toplanmış informasiyalar əlimizdə olmasa da, Mingəçevirin timsalında son 10 il ərzində belə ailələrin sayının 4 dəfədən çox azalması müşahidə edilir. Bu, ailələrin iqtisadi vəziyyətinin aşağı olması, həm də selektiv abortların çoxalması və ana bətnində dölün məhv edilməsi ilə bağlıdır.  Dövlət müxtəlif stimullaşdırıcı tədbirlərlə problemi həll edə, əhali artımına, o cümlədən ailələrdə daha çox uşağın doğulmasına nail ola bilər. Son vaxtlar uşaqlara görə aylıq müavinətlərin verilməsi (bərpa olunması) da ciddi müzakirə mövzusuna çevrilib. Ünvanlı Sosial Yardım, Özünüməşğulluq Proqramı və digər sosial paketlərin icrasında korrupsiya və rüşvət faktorunun olduğu danılmazdır, amma ortada uşaq varsa, ailəyə çatacaq yardıma nəzarət mexanizmi çox sadədir. Eyni zamanda çoxuşaqlı ailələrlə bağlı statistika idarələrində 10 ildən bir deyil, aylıq, rüblük və illik hesabatların aparılması mövcud sahədəki boşluqları vaxtında üzə çıxarmağa imkan yarada bilər.

Ahıllara yardımın həcmi barədə məlumatlar ictimaiyyətə açıqlanmır

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yerli qurumlarından aldığımız məlumata görə, ötən ilin əvvəlinə Mingəçevirdə 70 yaşdan yuxarı insanların sayı 3649 nəfər olub. Onların yaş qruplaı üzrə bölgüsünü aşağıdakı cədvəldə görmək mümkündür:

70-dən 74-ə 75-dən 79-a 80-dən 84-ə 85-dən 89-a 90-dan 94-ə 95-dən 99-a 100-dən yuxarı
1817 919 729 136 28 17 3

Bəs bu insanların nə qədəri ahıl vətəndaş hesab olunur və həmin şəxslərə nə kimi sosial xidmətlər göstərilir? ƏƏSMN-nin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 15 saylı Mingəçevir filialından verilən məlumata görə, qurumun yerli təşkilatına müraciət edən və araşdırma nəticəsində sosial xidmətə həqiqətən ehtiyacı olan 209 nəfər ahıl yaşlı (70 yaşdan yuxarı)  şəxs müəyyənləşdirilib. Eyni zamanda evdə sosial xidmətə ehtiyacı olan 70 yaşdan aşağı ahıl yaşlı 80 nəfər də müəyyən edilib.

Ahıllar

Bəri başdan vurğulamaq istəyirik ki, evdə sosial xidmətə ehtiyacı olan insanlara pandemiya dövründə ayrılan maliyyənin həcmi barədə məlumat əldə edə bilmədik, çünki müxtəlif dövrlərdə həyata keçirilən qısamüddətli layihələrlə bağlı məlumatlarda xərclər açıqlanmır. Filialın direktoru Zəfər Hacıyev bütün maliyyə məsələlərinin filiala deyil, agentliyə aid olduğunu bildirdi: “Bütün yardımlar mərkəzləşdirilmiş qaydada baş ofisdən göndərilir Bizim vəzifəmiz sadəcə göndərilən yardımları aidiyyatı insanlara çatdırmaqdan ibarətdir”.

Yeri gəlmişkən, müxtəlif zamanlarda layihələr çərçivəsində Mingəçevirdə günərzi mərkəzləri fəaliyyət göstərib, lakin onlar qısa müddətli olub və hazırda belə mərkəzlər yoxdur. Buna görə də pandemiya günlərində ahılların ehtiyacları artıb.  Mingəçevir Şəhər İcra Hakimiyyətindən rəsmi sorğumuza cavab olaraq bildiriblər ki, şəhər ərazisində COVİD-19 pandemiyası ilə bağlı birdəfəlik yardım alan şəxslərin sayı 1537 nəfərdir: “Onlardan 746 nəfəri sağlamlıq imkanı məhdud uşaqlar, 350 nəfəri ahıl şəxslər, 105 nəfəri aztəminatlı ailələr və 336 nəfəri ailə başçısını itirən şəxslərdir. Bundan əlavə 450 nəfər 65 yaşdan yuxarı, tənha və imkansız ailələrə şəhər İcra Hakimiyyəti xətti ilə birdəfəlik ərzaq yardımı edilmişdir”. Amma İcra hakimiyyəti şəhərdə pandemiyaya yönəlik həyata keçirilən sosial-iqtisadi dəstək tədbirlərinin ümumi maliyyə tutumu barədə məlumatı açıqlamayıb.

Onu da öyrəndik ki, Heydər Əliyev Fondu Mingəçevirdə Ünvanlı Sosial Yardım alan ailələrin birinci sinfə qəbul olunan 2014-cü il təvəllüdlü övladlarına (396 nəfərə, ünvanlı) geyim və dərs ləvazimatları   göndərib və ƏƏSMN-nin yerli qurumu ötən il sentyabrın 23-24-də onun çatdırılmasını təmin edib.

10 nəfər ahılla (5 kişi və 5 qadın) aparılan fərdi müsahibələr zamanı da aydınlaşıb ki, mart-sentyabr ayları ərzində onlara yardımlar əsasən Heydər Əliyev Fondu və yerli İcra Hakimiyyətinin adından çatdırılıb. Rəyi soruşulanların 5-i İcra hakimiyyətinin  onların problemləri ilə maraqlandığını, arabir ərzaq yardımları etdiyini, 1-i isə yerli Bələdiyyənin köməyi ilə dərmanlarını  ala bildiyini deyib. Amma 78 yaşlı bir qadın indiyədək dövlət tərəfindən heç bir yardım almadığını diqqətə çatdırıb. 82 yaşlı qadın tibbi xidmət almaqda çətinlik çəkdiyindən, müalicəsi ilə bağlı hər ay 66 manat dərman puluna verməklə ehtiyaclarını çətin ödədiyindən danışıb. Həm də bildirib ki, dələduzluq yolu ilə yaşadığı mənzili satıblar, hazırda kirayədə yaşayır, hər ay aldığı 233 manat pensiyanın 100 manatını kirayə mənzilə xərcləyir: “Yataqxanaların birində mənə bir otaq ayrılması üçün dəfələrlə İcra Hakimiyyətində olmuşam, amma kömək edən yoxdur”.

73 yaşlı bir qadın isə sorğuya cavabında vurğulayıb ki, əvvəl Bakıda yaşayırmış, pandemiya başlayanda Mingəçevirə köçüb, sosial xidmətə qoşulana qədər əziyyət çəkib, xüsusən ərzaq almaq sarıdan. Yaxında yaşayan bir qadınla münasibət qurub və o, ərzaq və dərman almaqda, sonradan sosial xidmət qurumuna müraciət etməkdə yardımçı olub.

Bu gün Mingəçevirdə evdə xidmət alan ahıl vətəndaşlara xidmət göstərən sosial xidmət işçilərinin sayı 33 nəfərdir.  Rəyi soruşulanların hamısı onlara həfftə ərzində 2 dəfə yerli sosial xidmət işçiləri tərəfindən evdə xidmət göstərildiyini bildiriblər. Onlar hətta xidmətçilərinin adlarını çəkərək, təşəkkürlərini çatdırmağı xahiş ediblər. Məlum olub ki, bu xidmət adətən mənzilin və ya evin yığışdırılması, yemək hazırlanması, dərman alınması və bazarlıq edilməsindən ibarətdir.

Əslində evdə sosial xidmətlə əhatə olunan bütün şəxslər barədə məlumat ƏƏSMN-nin veb səhifəsində yerləşdirilsəydi, həmin ahıl şəxsləri müsahibə üçün özümüz seçə bilərdik. Hazırkı halda isə nazirliyin yerli qurumunun təqdim etdiyi siyahı üzrə apardığımız müsahibələr reallığı tam əks etdirməyə bilər.

Özünü işsiz sayanların xeyli hissəsini dövlət işsiz hesab etmir

Dövlət  Statistika Komitəsindən mətbuata verilən məlumata görə, 2020-ci il fevral ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 86,2 min nəfər olub, onların 37,7%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 295,6 manat təşkil edib. Bəs necə oldu ki, cəmi bir neçə ay sonra ölkədə müavinət alanların sayı 600 min nəfərə çatdırıldı?

Təbii ki, COVİD-19 yeni növ virusunun yayılması nəticəsində məşğulluq sahəsində ciddi problemlər müşahidə edilib. Hətta özünü işsiz hesab edənlərin sayının daha çox olduğu üzə çıxıb. Mingəçevirin müxtəlif ünvanlarında (şəhərin əksər hissələrini əhatə edib) yaşayan 30 nəfərlə müsahibədən sonra vəziyyəti qiymətləndirməyə çalışmışıq.

İşsizlər

Rəyi soruşulanların 21-i işsizliklə bağlı 190 manatlıq birdəfəlik müavinəti almağa  müraciət etdiyini, 9-u isə etmədiyini, yalnız 10-u müraciətinin müsbət nəticələndiyini bildirib.

Müavinət alanların 3-i deyib ki, e-sosial.az səhifəsinə özü daxil olub və tələb olunan formanı doldurub. Digər 7 nəfər isə bunu yaxınlarının köməyilə etdiyini vurğulayıb. Belə ki, köməkçi insanlar onların əvəzinə onlayn formanı doldurub göndəriblər. Həmin şəxslərin dediyinə görə, özləri bacarmırlar, ümumiyyətlə internetdə işləməyi bilmirlər. Sadəcə onların telefonuna mesaj gələndə müavinət aldıqlarından xəbər tutublar.

Rəyi soruşulanların 2-si çoxdan işsiz statusu aldığını, 3-ü müavinət söhbəti çıxanda e-sosial.az səhifəsinə daxil olmaqla, işsiz kimi qeydiyyata düşdüyünü, 5-i isə həmin ərəfədə işsiz kimi qeydiyyata alınmaq üçün Məşğulluq Mərkəzində çalışanların xidmətindən istifadə etdiyini bildirib.

Müavinət almayanlar bunu müxtəlif səbəblərlə əsaslandırmağa çalışıblar. Belə ki, müraciət edən 21 nəfərin 11-i Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” barədə məlumatsız olub. Onlar imtina məktubu gələndən sonra öyrəniblər ki, bu müavinətin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olmayan şəxslərə verilməsi nəzərdə tutulmur. Bir nəfər mobil telefonuna gələn mesajı göstərərək, sadəcə Məşğulluq haqqında Qanunun 4.1 maddəsinə əsasən imtina edildiyini bildirib. Müavinət almayanların işsiz kimi qeydiyyatda olmadığı, adlarına aktiv VÖEN və torpaq sahəsi olduğu, həyat yoldaşlarının aylıq təqaüd aldığı üzə çıxıb. Onlar həm də belə güman edirlər ki, müraciətlər onlayn formada olsa da, kompüterə əl qatılır, özlərinə sərf edən adamların sənədlərini qaydaya salıb, onlara müavinət təyin edirlər.

Müavinət almaq üçün müraciət etməyənlər bunun səbəbini inamsızlıq, məlumatsızlıq, həmin dövrdə ehtiyacı olmaması, həyat yoldaşının işləməsi, ailədə pensiya alanın olması ilə əlaqələndirblər.  İşsiz kimi qeydiyyata düşməyənlər isə müxtəlif səbəblər göstəriblər: “Onsuz da heç yerdə iş yoxdur, uçota durmağa nə ehtiyac”; “İnanmıram, çünki iş vermirlər”; “Sağlamlığımda problem var, münasib iş veriləcəyinə inanmıram”; “Gündəlik işlərlə onun-bunun qapısında çörəyimi qazanıram”; “Təklif olunan işlər üçün ayda cəmi 250 manat verirlər, ondansa bazarda göyərti satmaq sərfəlidir” və s.

Rəyi soruşulanların biri istisna olmaqla, qalan hamısı (hətta 190 manat müavinət alan ailələr də) maliyyə qıtlığından gileyləniblər. Onlar ərzaq və dərman, uşaqlarına geyim, özlərinə siqaret almaqda, kommunal xidmətlərin pulunu və övladlarının təhsil xərclərini, kredit borclarını ödəməkdə çətinlik çəkdiklərini bildiriblər. Hətta bəziləri valideynlərinin təqaüdləri hesabına yaşadıqlarını etiraf ediblər. Daha çox narazılıq iş yerlərinin bağlanması ilə bağlı olub.

Şərhlər bağlıdır.