Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ölkənin siyasi partiyalarının bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisidir

290

Otuz ilə yaxındır ki, Azərbaycan torpaqları  düşmən təxribatına məruz qalıb. Ötən illər ərzində düşmən yurdumuza, xalqımıza o qədər zərbələr vurub ki, saymaqla qurtarmaz. Doxsanıncı illərdə, müstəqilliyimizin ilk illərində hakimiyyətsizlik, idarəetmədə qeyri peşəkarlıq hökm sürürdü. Belə bir zamanda ölkədə həyat durmuşdu, düşmən isə öz işində idi. Təxribatlar davam edir, xalq qorxu, həyəcan və inamsızlıq içində yaşayırdı. O zamandan uzun illər keçir. Artıq dövlətimiz iqtisadi  sahədə güclənib,  Milli Ordu formalaşıb.  Senytabrın 27-də düşmənin növbəti hücumu zamanı Azərbaycan Ordusunun hərbçiləri qəhrəmanlıqla onların cavablarını verdi və verir.   Düşmənin hərbi texnikası, canlı qüvvəsinə zərbələr endirildi. Belə bir çətin zamanda, düşmənlə müharibə şəraitində xalqımız yalnız birlik nümayiş etdirməlidir. Azərbaycan vətəndaşları prezidentimizin ətrafında sıx birləşməklə vəhdət nümayiş etdirməlidir.  Sentyabrın 28-də siyasi partiyalar bir araya gələrək Vətənimizə sadiqlik nümayiş etdirdilər.

Bu siyasi həmrəyliyin nümunəsidir. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkədə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin birgə bəyanatı təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, bu eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür.

Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqq tələbi ölkə siyasətçilərini birləşdirir. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır. Mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməlidir.

Ölkəmizin siyasi partiyaları beynəlxalq hüququn aliliyinin bərqərar olunmasını tələb edirlər. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistanın 30 ilə yaxın bir müddət ərzində məhəl qoymadığını yada salan siyasi partiyaların rəhbərləri, Azərbaycana qarşı tətbiq olunan ikili standartlarına son qoyulmasını tələb edirlər.

Rəsmi Yerevanın bəyanatları, eləcədə yürüdülən təxribat siyasəti daxili sosial narazılıqların boğulmasına hesablanıb. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanda yaşanan problemləri sadalayır və ictimai diqqətin yayındırılması üçün erməni iqtidarının hərbi təxribatlar ilə məşğul olduqlarını bildirirlər. Erməni hökuməti daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur.

Rəsmi Yerevanın militarist bəyanatları. Ermənistanın siyasi elitasının məsuliyyətsiz bəyanatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir.

Siyasi partiyaların rəhbərləri dövlət başçısının fikrini dəstəkləyir və status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirirlər.

Azərbaycan həmişəki kimi yenə də ədalətli və məsuliyyətli mövqe nümayiş etdirir. Siyasi partiya rəhbərlərinin öz birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutması haqqında xəbər verir.

Sülhü və beynəlxalq hüququ rədd edən Ermənistan   yalnız təxribat törətmək, məkrli niyyətlərini həyata keçirmək planları qururlar.  Atəşkəsin mütəmadi pozulması və məsuliyyətsiz bəyanatlar Ermənistana qarşı beynəlxalq inamı azaldır və onun bütün regional layihələrdən kənar qalmasına səbəb olur. Ermənistanın təxribatlarına susmaq və onları qınaq predmetinə çevirməmək beynəlxalq riyakarlığın təzahürüdür. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yummasını qınayır və onlardan adekvat tədbirlərin görülməsini tələb edirlər.

Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır. Ölkənin siyasi partiyalarının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur. Birgə bəyanat ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır.

Uzun illər idi ki, qələbə  xəbəri gözləyirdik. Nəhayət bu oldu.  Danışıqlar yolu ilə torpaqlarımızın geri qaytarılması mümkün olmasa da hərb yolu ilə bu mümkündür. Azərbaycanın Milli Ordusu buna qadirdir. Sentyabrın 27-də   düşmənin hücumuna cavab verən hərbçilərimizin cəsarətli düyüşləri sayəsində işğal edilmiş ərazilərimizin bir hissəsi azad edildi. Bu o qədər gözəl və həyəcanlı xəbərdir ki, belə bir dövrdə yalnız sevinmək, birləşmək lazımdır. Bu qələbə həm də bir olmağa çağırışdır. Zəfər üçün, qalibiyyət üçün düşmən dəyirmanına su tökmək əvəzinə sadiqlik göstərilməlidir.  Və bu xalqı birləşdirən siyasətə başlamaq üçün bir yoldur.  Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır. Çox təəssüf ki, özlərini xalqın yanında göstərməyə çalışan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası Vətənimizin bu ağır günlərində, torpaqlarımızın ermənilərdən geri alındığı  zamanda, şanlı ordumuzun əzmlə döyüşdüyü günlərdə siyasi partiyalara dəstək vermədilər.  Ali Baş komandanın ətrafında birləşməmələri onların səmimi olmadıqlarından xəbər verir.  Qələbə soraqlarının gəlməsi bizim həsrətlə gözlədiyimiz xoş hadisələrdəndir və hər iki partiya bu sevinci fərəhlə qəbul etmək əvəzinə  xalq-prezident birliyinə qoşulmadılar.

Nə etməli, hər kəs öz simasını, qabiliyyətini nümayiş etdirir. Torpaqlarımızın azad edilməsi kimi gözəl hadisə, qəhrəman əsgər və zabitlərimizin zəfər uğrundakı mübarizələri xalqımıza  böyük ruh və güc verir.

 

 Cavanşir Yusubov,

YAP Mingəçevir şəhər təşkilatının sədri

Şərhlər bağlıdır.