Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirlilərin Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kreditlər alması mümkünmü?

253

Aprelin 29-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndələrinin rəhbərləri  Akif Abbasov və Rəşad Abbasov  Mingəçevirdə olublar. Onlar sənaye və istehsal fəaliyyəti göstərən sahibkarlar və sahibkarlığa yeni başlayanlar üçün təlim keçiblər. Mingəçevirdə Sahibkarlığa Dəstək İctimai Birliyinin qərargahında baş tutan təlimdə sənayenin brendləşməsi, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, biznes planların və investisiya layihələrin hazırlanması barədə danışılıb.

Təlimə toplaşmış sahibkarlardan Dilqəm Yusifov, Gülnarə Hacıyeva, Rasim Qasımov, Azər Cəbrayılov və başqaları  təlim boyu narahat olduqları məsələlərlə bağlı fikirlərini bölüşüblər. Xüsusən sahibkarların üzləşdikləri çətinliklərdən, hələ də müxtəlif dövlət qurumlarında rüşvət vermədən işi aşırmağın mümkün olmadığından danışıblar. Sahibkar  Vaqif Həsənov öz təcrübəsini  bölüşərək,  bildirib ki,  ölkə başçısının korrupsiya və rüşvətə qarşı başladığı mübarizədə hər kəsin fəal vətəndaşlıq mövqeyinə ehtiyac var:  “Son illərə qədər gömrük və vergi orqanlarında mənim də qanunsuz üzləşdiyim hallar az olmayıb. Amma birmənalı şəkildə bütün işlərimi rüşvətsiz  görməyə  qərar vermişəm.   Qanuni hesablanan vergiləri qəpiyinədək ödəyirəmsə, niyə kimdənsə qorxmalıyam?”

Ekspert Akif Abbasov  sualları cavablandırıb, eyni zamanda Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlər mexanizmi,  layihə təkliflərinin yazılması, büdcə cədvəllərinin doldurilması  və bu sahədə beynəlxalq təcrübə barədə ətraflı bilgilər verib,  özünün hazırladığı nümunəvi  layihə formasını mingəçevirlilərə təqdim edib.

Şərhlər bağlıdır.