Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirli gənclər Heydər Əliyevin xidmətlərindən danışdlar

200

Mingəçevir Gənclər Evi və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunan “Ulu Öndər Heydər Əliyev Müstəqil Azərbaycanın gənclər və idman siyasətinin yaradıcısıdır” mövzusunda videokonfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Mingəçevir Gənclər Evinin əməkdaşı – moderator Samrin Xanlayev Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması ilə dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas olduğunu və bu günkü inkişafımızın təməlinin qoyulduğunu diqqətə çatdırıb. Bütün həyatını canından artıq sevdiyi ölkəsinə və xalqına həsr edən dahi siyasətçi və müdrik şəxsiyyətin tariximizə müstəqilliyimizin memarı və qurucusu kimi yazıldığını deyən S.Xanlayev xalqımızın öz xilaskarını heç vaxt unutmadığını bildirib.

Heydər Əliyevin gənclər siyasətinə xüsusi önəm verdiyini deyən şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli idman siyasəti sahəsində atılan addımlardan danışıb. Azərbaycanın dünyada qabaqcıl idman ölkələrindən birinə çevrilməsində onun rolunun danılmaz olduğunu bildirib, bu gün Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, olimpiadalarda, dünya və Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil etdiklərini qeyd edib.

Daha sonra çıxış edən Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşdırıldığını bildirib. Bu mühüm nailiyyətin əldə edilməsində ümummilli liderin yenilməz iradəsi, uzaqgörənliyi və fədakar xidmətlərinin xüsusi rolu olduğunu söyləyən T.Kərimov bir çox vacib problemlərin həllində gənclərin rolunu artırmaq, ölkənin gələcək inkişafında onların iştirakını təmin etmək məqsədilə görülən işlərə diqqəti çəkib.

Gənclər və İdman İdarəsinin rəis müavini Anar Şahbazov hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin Moskva da daxil olmaqla, aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. A.Şahbazov gənclərimizin vətənə, xalqa, milli dəyərlərə bağlı əsl Azərbaycan vətəndaşı kimi formalaşmasını H.Əliyevin müdrik siyasəti və uzaqgörənliyinin bir nümunəsi kimi qiymətləndirib.

Sonda çıxış edən Heydər Əliyev Mərkəzinin əməkdaşı Emil Xanlarov ulu öndər tərəfindən əsası qoyulan gənclər və idman siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, yeni uğurlara imza atıldığını bildirib, Milli Qurtuluş Günü münasibətilə konfrans iştirakçılarını təbrik edərək, gənclərə daim öz üzərində çalışmağı, ölkəmizin sürətli inkişafında aktiv şəkildə iştirak etməyi tövsiyə edib.

Şərhlər bağlıdır.