Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə üç gün ərzində 350 idmançı qızıl medal uğrunda suya baş vuracaq

202

“Gələn il 12-28 iyun tarixlərində Bakı və Mingəçevir I Avropa Oyunlarına ev sahibliyi edəcək. Bakı2015 Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq şəraitində oyunları təşkil və idarə edəcək. 17 gün ərzində ənənəvi və innovativ idman növlərindən ibarət geniş diapazonlu yarışlar 6000-dən çox yüksək dərəcəli idmançını 16 olimpiya, 4 qeyri-olimpiya oyunları olmaqla ümumilikdə 20 idman növü üzrə bir araya gətirəcək. On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, boks, velosiped idmanı, atçılıq, üzgüçülük, stolüstü tennis, taekvando, triatlon, güləş və voleybol daxildir”.
Bütün bunlar barədə bu gün, noyabrın 13-də BEGOC-un Mingəçevirdə təşkil etdiyi tədbirlərdə danışılıb. Günün əvvəlində Mingəçevir Politexnik İnstitutunda Bakı 2015 Avropa Oyunları ilə bağlı təqdimatlar, mühazirələr və bu oyunlar barədə videoçarxların nümayişi olub. Tələbələrlə görüş zamanı bildirilib ki, Bakı ilə yanaşı Mingəçevirdə də bir sıra yarışlar planlaşdırılır. Öz su anbarları ilə məşhur olan Mingəçevirdə üç yarış günü ərzində 350 nəfər idmançı qızıl medal uğrunda suya baş vuracaq. Ümumilikdə, 12 baydarka yarışı (kişilər və qadınlar arasında) və üç kanoe sprinti (yalnız kişilər arasında) keçiriləcək.
“Mingəçevirdəki Avarçəkmə Mərkəzi yüksək keyfiyyətli obyektdir. Beynəlxalq standartlar əsasında əsaslı təmir edilmiş mərkəz region, eyni zamanda, bütün ölkə üçün uzunmüddətli fayda verəcək. Avropa Oyunları üçün burada, Mingəçevir şəhərində könüllülük etmək və bu cür tarixi yarışların mühüm hissəsi olmaq imkanını təklif etməkdən çox şadıq” .
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari belə deyib. Komitənin digər üzvləri də könüllülük fəaliyyətindən danışaraq, Mingəçevirdə Kanoe sprinti idman növü üzrə könüllü proqramı ilə bağlı müraciət edənlərin gələn ilin yayında keçiriləcək yarışlara köməklik edəcəklərinə və Azərbaycanı dünyada tanıdacaqlarına əminliklərini bildiriblər. Yeri gəlmişkən, BEGOC 12 min könüllünü işə cəlb etməyi planlaşdırır. Könüllülər Oyunlar zamanı yüksək vəzifəli şəxslərin və idmançıların qarşılanması, idman yarışlarında işləmək, yaxud media üzvlərinə köməklik göstərmək kimi rolları icra edəcəklər. Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru Nar Mobile Bakı 2015 Avropa Oyunlarının Könüllü proqramının rəsmi sponsorudur.
Günün ikinci yarısında isə Kür Hoteldə mətbuat konfransı keçirilib. Konfransda Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari, Mingəçevir Politexnik İnstitutunun rektoru Akif Hacıyev, Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) texniki direktoru Leyla Əliyeva və Mingəçevir Gənclər və İdman İdarəsuinin rəisi Kamal Nəcəfli I Avropa Oyunlarına hazırlıqla bağlı işlərdən danışıblar. Onlar jurnalistlərin suallarını cavablandırarkən vurğulayıblar ki, Azərbaycanın, o cümlədən Mingəçevirin belə mötəbər tədbirin təşkili üçün böyük potensialı var.

Şərhlər bağlıdır.