Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə çoxmənzilli binaların idarə olunmasına başlandı

175

“Əslində camaat əmlaka bütünlüklə sahib olmaq niyyətindədir, sadəcə bəzi narahatlıq doğuran məsələlərə görə yükün altına girməyə risk eləmir. Mingəçevirdə ən təzə binanın 30-dan çox yaşı var. Hələ 50-60 yaşlı binaları demirəm.  Yəni əksər binaların əsaslı təmirinə ehtiyac duyulur. Qorxuruq ki, idarəetməni öhdəmizə götürək,  bundan sonra kömək edən olmasın”.

Bu fikirləri Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin təşəbbüsü ilə şəhərin Yadigar Mənsurov  küçəsindəki 7 və Naxçıvan küçəsindəki 40 A saylı ünvanlarında yaşayanların birgə yığıncağında mənzil  mülkiyyətçisi Əmrah Mustafayev səsləndirib. Məhəllə komitəsinin sədri Əbülfət Babayev isə bildirib ki, 2009-cu ildən yeni Mənzil Məcəlləsi qəbul edilsə də, qanunun tələbi üzrə mənzillərin idarə olunmasına başlanmayıb: “Biz başa düşürük ki, mənzillərimizin içinin sahibi olduğumuz  kimi, çölünün də mülkiyyətçisinə çevrilməliyik. Onsuz da usta lazım olanda özümüz çağırırıq, haqqını verib işimizi gördürürük. Əgər binalarımız və onların əhatəsində olan sahələr bizim balansımıza verilsə, kənardan evimizə, həyətimizə müdaxilələrin qarşısı alınar. Bu məsələdə dövlət yaxasını kənara çəkmir, evlərimizi təmirli vəziyyətdə bizə təhvil vermək istəyir”.

Sentyabrın 4-də baş tutan yığıncaqda MVA-nın rəhbəri Fərman Nəbiyev may ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Çoxmənzilli binalarda özünü idarəetmə icma metodlarının təbliği” adlı layihəyə başlandığını  nəzərə çatdırıb: “İndiyədən 10 məhəllədə seminarlar aparılıb, icmanın səfərbərliyə alıınması istiqamətində işlər görülüb. Eyni zamanda yerli TV ilə bu mövzuda çıxışımız da olacaq və yaxın günlərdə sahə mülkiyyətçilərinin ümumşəhər toplantısı keçiriləcək”.

Mingəçevir Bələdiyyəsinin üzvü, “Yerli sosial məsələləri” daimi komissiyasının sədri Zahid Qasımlı sahə mülkiyyətçilərinin ümumi əmlakı olan çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi barədə danışıb: “Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Birinci halda sahə mülkiyyətçiləri yığıncaq vasitəsilə binaya aid qərarlar qəbul edə bilərlər. İkinci halda isə yığıncağa toplaşanlar mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini (MMMC) təşkil edirlər. Bu zaman hüquqi şəxs yaradılır və o, Ədliyyə Nazirliyində qeydiyyatdan keçir.  Əgər hər iki hal baş tutmazsa, onda yerli bələdiyyənin təşəbbüsü ilə mövcud binaların idarə olunması üçün kənar təşkilat seçiləcək”.

Tədbirə toplaşan mənzil mülkiyyətçiləri hələ ki, binalarını yığıncaq vasitəsilə idarə etməyə maraqlı olduqlarını bildiriblər. Onlar Mingəçevir Şəhər İcra Hakimiyyətinə və İqtisadiyyat Nazirliyinə  müraciət olunması, hər iki binanın və yardımçı sahələrin əsaslı təmirindən sonra onların sərəncamına verilməsi barədə razılığa gəliblər.

Şərhlər bağlıdır.