Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir teatrının qəhrəmanlıq dərsi

200

Tamaşa fevralın 15-də baş tutdu. Biz təxminən saat yarım ərzində qəhrəmanlıq səhnələrinin şahidi olduq. İlk məvacibini alıb atasına gətirən Rəhimov Ramiz Musa oğlunun dünyasını dəyişmiş anasının ruhu ilə görüşü, “Getmə, oğul!” deməsinə məhəl qoymayaraq, Əfqanıstana yollanması, ağır döyüşlərin birində güləyə tuş gəlməsi səhnəsini teatrın peşəkar və həvəskar aktyorları məharətlə ifa edə bildilər.
Oxşar taleni yaşamış Həsən Dədəkişi oğlu Abbasovun və Yaşar İsfəndiyar oğlu Muradovun və doğmalarının obrazları da ustalıqla tamaşaçılara təqdim edildi. Almaniyada xidmət edən Həsən Əfqanıstana gedəndən sonra hərbi xidmət yerini valideynlərindən gizlədirdi. Əsir düşməmək üçün qumbara ilə özünü və düşmənlərini partladan Yaşarın həyatı isə müharibə vəziyyətində olan bir ölkənin gəncləri üçün örnək ola bilər.
Kompozisiyanın ikinci hissəsi Əfqanıstan müharibəsindən sağ qalanların taleyi barədədir. Ata-anası, bacıları Elşən Müzəffər oğlu İbrahimlinin hərbidən evə dönəcəyini səbirsizliklə gözləyirlər. O, qayıdır, amma… Məlum olur ki, aldığı güllə zərbəsindən hər iki gözünü itirib. Buna baxmayaraq, Elşən özündə güc tapır, işə girir, ailə qurur. 2 övlad atası olan E.İbrahimli hazırda Əfqanıstan Veteranlar İttifaqı Mingəçevir şöbəsinin sədridir, şəhərin ictimai həyatında fəal iştirak edir. Əfqanıstanın qanlı-qadalı döyüşlərindən sağ çıxan Həşimov Rəfael Zeynal oğlu da ailə sahibidir, üç övlad atasıdır. O, hərbidən qayıtdıqdan sonra uşaqlıq arzusunu gerçəkləşdirə bilib-rəssamlıq sənəti üzrə təhsil alıb. Hazırda MDDT-nın baş rəssamıdır.
1989-cu il fevralın 15-də keçmiş sovet qoşunları tamamilə Əfqanıstandan çıxarıldı. Lakin “əfqan” döyüşçüləri bu dəfə könüllü batalyonlar yaradaraq, Qarabağa yollandılar. Soltanov Eyvaz Şura oğlu və Mövsümov Vasif Üzeyir oğlu da onların içərisində idi. Kompozisiyanın üçüncü hissəsi bu insanların ömür yoluna həsr olunub. Eyvaz itkin düşür, Vasifin cənazəsi gətirilir. İndi hər ikisini ziyarət etmək üçün Mingəçevirin Şəhidlər Xiyabanına gəlirlər.
Maraqlı dialoqlar, rəngarəng tablolarla zəngin olan kompozisiyanın rejissor həllini respublikanın əməkdar artisti Elmira Yaqubova, aktyor oyununu teatrın nəzdində yaradılan studiya öhdəsinə götürüb. Bu uğurlu fəalyyətinə görə MDDT-nın direktoru Həsən Həsənov onlara təşəkkürünü çatdırdı. ƏVİ şəhər şöbəsinin sədri Elşən İbrahimli isə dedi ki, belə kompozisiyaların nümayişi müharibə vəziyyətində olan ölkəmizin yeniyetmə və gənclərində əsl vətənpərvərlik hissləri aşılaya bilər.

Şərhlər bağlıdır.