Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsinin növbəti qonağı Ceyhun Məmmədov olub

187

2021-ci ilin 18 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən görüşün qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov olub.

“Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan ali təhsil müəssisələrinin rolu” mövzusunda keçirilən görüşün moderatoru olan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, dəvəti qəbul edib tələbə və müəllim kollektivi ilə görüşdə iştirak etdiyinə görə qonağa təşəkkürünü bildirib. Layihənin əsas məqsədini və başlıca əhəmiyyətini diqqətə çatdıran Ş.Bayramov C.Məmmədovun bioqrafiyası, ali təhsilin idarə edilməsi sahəsində böyük təcrübəsi, qanun yaradıcılığında və ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı, eləcə də elmi-pedaqoji fəaliyyəti barədə ətraflı məlumat verib.

MDU-da professor-müəllim və tələbə heyəti üzvləri ilə görüşməkdən məmnunluğunu ifadə edən C.Məmmədov son dövrlərdə, hətta pandemiya şəraitinin çətinliklərinə baxmayaraq universitetdə həyata keçirilən tədbirləri, baş verən müsbət dəyişiklikləri yaxından izlədiyini bildirib. MDU-nun milli ali təhsil sistemində özünəməxsus mövqeyi ilə seçildiyini diqqətə çatdıran millət vəkili 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə sosial şəbəkələrdə, təbliğat, maarifləndirmə və mənəvi dəstək tədbirlərində universitetin fəallığını yüksək qiymətləndirib.

Tədbir üçün seçilmiş mövzunun aktuallığını vurğulayan C.Məmmədov Qarabağ həqiqətlərinin və işğaldan azad edilmiş torpaqlardakı erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında ali təhsil müəssisələrinin mümkün dəstəyi və potensial fəaliyyət istiqamətləri haqqında fikirlərini bölüşüb.

Uzun müddət ərzində mənfur ermənilərin Azərbaycan əleyhinə dünyada ciddi təbliğat apardıqlarını və ölkəmiz haqqında mənfi stereotiplər yaratmağa çalışdıqlarını qeyd edən millət vəkili, sosial şəbəkələrdə daim fəal olmağı, müxtəlif virtual platformalarda, tədbirlərdə düşmənin yalan və saxta simasını ifşa etməyi, informasiya cəbhəsində vətənpərvərlik mövqeyini ortaya qoymağı vətəndaşlıq borcu kimi dəyərləndirib.

Ali təhsil müəssisələrinin informasiya mübarizəsində potensial imkanlarını diqqətə çatdıran millət vəkili dünyada ciddi qəbul edilmiş mənbələrə istinad etməklə sanballı elmi məqalələrin yazılması və nüfuzlu nəşrlərdə dərc edilməsi, xarici mediya qurumlarına müsahibələrin verilməsi, birgə konfransların və tədbirlərin keçirilməsi, xaricdə yaşayan nüfuzlu elm adamları, qabaqcıl dünya universitetlərində fəaliyyət göstərən tədqiqatçılarımız və təhsil alan tələbələrimiz ilə kommunikasiyanın məqsədyönlü qurulması məsələlərindən danışıb.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə effektiv şəkildə çatdırılmasının yüksək peşəkarlıq səviyyəsi tələb etdiyini vurğulayan C.Məmmədov tələbələrə öz ixtisasları ilə yanaşı, ölkəmizin tarixi və mədəniyyəti haqqında geniş biliklər əldə etməyi, xarici dilləri öyrənməyi, dürüstlüyü, ədalətliliyi və fəallığı əsas dəyərlər kimi qəbul etməyi tövsiyə edib.

Sonra C.Məmmədov görüş iştirakçılarının doğma Qarabağın dirçəldilməsi, onun bir Azərbaycan brendi kimi dünyaya təqdim edilməsi, erməni vandalizmi nəticəsində dəyən zərərlərin qiymətləndirilməsi, yeni dövrün müəllimlərinin üzərinə düşən vəzifələr, təhsil qanunvericiliyinin təkmilləşdirilməsi və digər mövzuları əhatə edən çoxsaylı suallarını cavablandırıb.

Görüş həm iştirakçıların, həm də qonağın böyük marağına səbəb olub.

Qeyd edək ki, “Peşəkarla görüş” layihəsinin əsas məqsədi MDU kollektivinin müxtəlif aktual mövzular barədə peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarətdir. Davamlı olaraq keçirilən görüşlərdə MDU-nun tələbələri, magistrantları, məzunları və əməkdaşları iştirak edirlər. Layihə çərçivəsində bundan əvvəl keçirilən görüşlərdə BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Respublikası Mili Məclisinin Elm və təhsil komitəsinin sədri, professor Bəxtiyar Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov və Vətən Müharibəsi Qəhrəmanı, mayor Elnur Şirinov qonaq qismində iştirak ediblər.

Şərhlər bağlıdır.