Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin əməkdaşı Nazim Niftəliyev “Əsgərə Məktub” layihəsində iştirak edib

223

Salam, Azərbaycan əsgəri! Sən xalqımızın ən layiqli övladısan. Necəsən? Əminəm ki, əlasan! Vətənin keşiyində dayanan şəxsin əhvali-ruhiyyəsi başqa cür ola da bilməz! Bu məktubu simvolik olaraq “sən” deyə müraciətlə yazıram, əslində isə, bir nəfərin simasında bütün əsgərlərə şamil edərək yazıram.

Vətənə xidmət asan olsa, qədri bilinməz torpağın. Çətin və məsuliyyətlidir, çətin və məsuliyyətli olmaqla yanaşı, şərəflidir Vətənə xidmət.

Sən varsansa, Vətən var; Vətən varsa, sən varsan! Heç kim, heç nə, heç bir hadisə səni bu müqəddəs yolda həvəsdən salmasın. Bil ki, görməli olduğun birinci iş elə budur.

“Kitabi Dədə Qorqud”da deyilir ki, “Torpağı qorumasan, əkib-becərməyə dəyməz, əkib-becərməyəcəksən – qorumağa dəyməz”.

Bu torpaq uğrunda saysız-hesabsız şəhidləri, canını-qanını fəda edən igidləri, sağlamlığını itirən əlilləri, ömrünün yarısını, yarısından çoxunu hərbi xidmətdə keçirən, gəncliyini bu Vətənə həsr edən zabit, gizirləri yada sal. Hərbi xidmətdən sonra çalışdığın hər hansı sahədə fəaliyyətinlə, peşəkarlığınla, nümunəvi davranışınla, Azərbaycanı uğurla təmsil etməyinlə də, yəni bir ömür boyu Vətənə xidmət edəcəksən.

İnşallah, ən qısa zamanda əsgər və zabitlərimiz, Ali Baş Komandanın  rəhbərliyi ilə Azərbaycan Respublikasının üç rəngli, ay ulduzlu Dövlət Bayrağını necə ki, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda və digər rayonlarda, qəsəbələrdə, kəndlərdə, strateji yüksəkliklərdə səmaya qaldırıblar, tezliklə həmin bayrağımızı Şuşada, Kəlbəcərdə, Xankəndində, Laçında, Xocalıda, Ağdamda, Ağdərədə və bütün Qarabağda görünəcəyinin şahidi olarıq.

Tanrı Ali Baş Komandanı qorusun, Tanrı döyüşən əsgər və zabitlərimizi qorusun, Tanrı hər bir azərbaycanlını qorusun.

Allahdan Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımıza rəhmət diləyirəm. Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Nazim Niftəliyev. Mingəçevir

Şərhlər bağlıdır.