Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində “Narkomaniyaya yox deyək!” mövzusunda seminar keçirilib

294

11 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Narkomaniyaya yox deyək!” mövzusunda elmi-praktiki seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda universitetin əməkdaşları, tələbə və magistrantları iştirak ediblər.

Seminarda giriş sözü ilə çıxış edən Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusifova bəşəriyyətin ən təhlükəli bəlalarından hesab edilən narkomaniyaya qarşı mübarizədə maarifləndirici tədbirlərin önəmindən bəhs edib və tədbirin əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, seminarın keçirilməsində əsas məqsəd tələbə gənclər arasında narkomaniyanın fəsadları barədə təbliğat aparmaq və bu sosial problemə qarşı mübarizə tədbirləri barədə onları məlumatlandırmaqdır.

Sonra proqrama uyğun olaraq məruzələr dinlənilib.

Mingəçevir Rayonlararası Narkoloji Dispanserin həkim-narkoloqu Zeynəb Balakişiyeva “Narkomaniyaya qarşı tibbi-profilaktik tədbirlər”, MDU-nun tələbələrindən Günay Nəsibova “Narkotik maddələrin kliniki əlamətləri və fəsadları”, Elgün Eyvazov “Məhv edilən narkotrafik, talanan Qarabağ, riyakar qonşuluq”, Səma Mustafayeva “Dizayner narkotiklər – gəncliyin bəlası”, Aytac Məmmədova ”Bədii ədəbiyyat narkomaniyaya qarşı mübarizə vasitələrindən biri kimi”, Gültac Sadəddinli “Sağlam həyat naminə narkomaniyaya yox deyək!” mövzularında məruzələrlə çıxış ediblər.

Məruzələrdə narkomaniyaya yol açan sosial, bioloji və psixoloji amillər, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri, narkomaniya ilə mübarizənin effektiv üsulları və digər məsələlər haqqında ətraflı məlumat verilib.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, ölkəmizdə narkomaniya əleyhinə aparılan mübarizə tədbirlərinə töhfə vermək məqsədilə MDU-da gənclər arasında müvafiq maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verilir.

 

Şərhlər bağlıdır.