Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində ingilis dilinin tədrisi ilə bağlı layihəyə start verilib

182

2021-ci ilin 30 avqust tarixində Mingəçevir Dövlət Universitetində (MDU) ABŞ-ın Azərbaycandakı Səfirliyi və “Resource Hub” ilə tərəfdaşlıq çərçivəsində “Bu gün hərəkət et, sabah dəyiş” adlı ingilis dilinin tədrisi ilə məşğul olan müəllimlərin inkişafı layihəsinə start verilib.

“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən layihənin açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, iştirakçıları salamlayıb və layihənin işində onlara uğurlar arzulayıb.

Universitetin strateji hədəflərindən bəhs edən rektor ali təhsil xidmətlərinin keyfiyyət səviyyəsinin yüksəldilməsi məqsədilə MDU-da təhsilverənlərin və təhsilalanların hərtərəfli inkişafının diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Sözügedən layihənin akademik potensialın gücləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edən Ş.Bayramov onun təşkilində və həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib və iştirakçıları fəal olmağa çağırıb.

Əsas məqsədlər və gözlənilən nəticələrdən danışan layihənin koordinatoru Günel Salayeva başlıca hədəflərin MDU-nun ingilis dili müəllimlərinin yenilikçi tədris yanaşmasının təmin edilməsi, tələbələrin yazı və danışma qabiliyyətlərinin artırılması olduğunu diqqətə çatdırıb.

Layihədə MDU-nun 20 nəfər müəllim heyəti və 30 nəfər tələbəsinin iştirak etdiyini vurğulayan G.Salayeva təlimlərin hibrid formatda (onlayn və offlayn) təşkil ediləcəyini deyib.

Layihə çərçivəsində MDU-da “Xarici dil müəllimliyi (ingilis dili)” ixtisası üzrə təhsil alan tələbələrlə müəllimlərin əməkdaşlığı şəraitində demo dərslərin hazırlanacağını vurğulayan G.Salayeva təqdim ediləcək interaktiv və innovativ tədris vəsaitlərinin universitetin müvafiq resurs bazasında yerləşdiriləcəyini bildirib.

Proqrama uyğun olaraq, ilk təlim günündə Britaniya Şurasının təlimçisi Halima Fətullayeva ünsiyyət və dinləmə bacarıqları, dinləmənin növləri və inkişaf etdirilməsi üsulları haqqında ətraflı məlumat verib, təlim iştirakçıları praktiki dinləmə üzrə test tapşırıqları yerinə yetiriblər.

Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Davamlı təhsil və innovasiyalar mərkəzinin baş mütəxəssisi Fəridə Hüseynova tərəfindən ingilis dilinin tədrisində əsas bölmələrdən biri olan oxu bacarıqlarının inkişaf etdirilməsindən geniş bəhs edilib və praktiki tapşırıqlar verilib.

Sonda təlimin nəticələri ilə bağlı müvafiq qiymətləndirilmələr aparılıb.

Növbəti günlərdə oxu dərslərinin mərhələləri və strategiyaları, dinləmə bacarıqlarının tədrisi metodları, ekstensiv və intensiv dinləmə, tənqidi dinləmə və dil öyrənmə, dinləmənin tədrisində onlayn resurslardan istifadə, oxu fəaliyyəti və texnikası, öyrənmə nəticələrinin artırılması, analitik oxu və mətn təfsiri, oxu bacarıqlarının qiymətləndirilməsi üsulları və digər mövzularda təlimlərin keçirilməsi nəzərdə tululub.

Dörd ay ərzində reallaşdırılacaq layihə çərçivəsində sentyabrın 14-dək MDU-nun müəllimləri, sonrakı aylarda isə tələbə və magistrantları üçün təlimlər keçiriləcəkdir. Layihə müddətində müəllimlərin əldə etdikləri bilik və bacarıqların ingilis dilinin tədrisində tətbiqi nəticələri ilə bağlı müvafiq monitorinqlər aparılacaqdır.

Qeyd edək ki, son dövrdə modernləşməyə doğru sürətlə irəliləyən MDU-da kadr potensialının hərtərəfli inkişafına xidmət edən bu tipli fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.

Şərhlər bağlıdır.