Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir 44 gündə

555

I

“Azərbaycan Müdafiə Nazirliyi  bildirib ki, Ermənistan hərbi birləşmələri Tərtər, Cəbrayıl, Fizuli istiqamətlərindəki yaşayış məskənlərini atəşə tutub. Azərbaycan ordusu mülki əhalinin təhlükəsiziliyini təmin etmək üçün bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb”.

Səhər tezdən bütün televiziya kanalları və sosial şəbəkələrdə bu elanlar yayıldı. Kimisi sevindi, kimisi kədərləndi; bu xəbərləri yalnız xəbərlər proqramında dinləyənlər belə oldu; cəbhəboyu zonalarda yaşayanlar onsuzda adət etmişdilər. İnsan vərdişə bir neçə həftədə alışır, gəlsənə 30 ildə gözünü elə açıb-yumanlar öyrəşməsinlər? İnsan hər şeyə uyğunlaşanda həyatda qalır; gecə yatarkən təsadüf mərminin düşüb öldürməsi ümidi ilə yaşamağa uyğunlaşmaq necədir? Bax, yaşamaq ümidi deyilmir: ölmək ümidi…… Səhər qonşunun evini göyə sovuran mərminin qabağında həyat ümidin olarmı? Sevinənlər ona görə sevinmirdilər ki, savaş dəhşət saçır, ona görə sevinirdilər ki, nəhayət 30 illik həsrət sona yetib canlarını almayacaq, kədərlənənlər ona görə kədərlənmirdilər ki, torpaqlar qayıdacaq, əslində, ona görə qəm-kədərə batmışdılar ki, illər əvvəl, yaxınlarının canına qəsd edən döyüş bu dəfə öz canlarını alacaq. Ya da bu, səhvdir: insan ölümünə ümid edir. Lakin güllənin sənə təsadüf edəcəyindən qorxmaq deyil də, nədir? Demək güllənin sənin də üstünə gələcəyinə dərindən inanırsan, ümid edirsən. Əgər razılaşmayan varsa, eybi yoxdur, bəlkə həqiqətən, o anda heç nə fikirləşməyənlər də var olubmuş, axı qorxudan beyin dayana da bilərdi!

Payız sentyabr ayında girsə də, payızın xüsusi soyuqluğunu Mingəçevirdə avqustun gecə sərinliyi əvəz eləyib. Hava nə soyuqdur, nə də isti; göyün üzünü axşamdan tutan buludlardan səhər əsər-əlamət yoxdur, elə bil yay çıxıb, amma bütün əşyalarını öz yerində unudub, qayıdıb götürə bilməz, çünki kirayənişin üç aylıq yerləşmişdi. Heç o kirayənişin tam məskunlaşmamışdı, deyəsən, hansısa iş üçün insanlara yazığı gəlirdi. Günəşin doğması ilə bərabər hər tərəfə yayılmış müharibə xəbəri insanların ruhunu coşdurmuşdu. Mingəçevirlilər, adətən, sübhdən ya qatıq satan xalaların “qatıq var ay qızlar” səsinə, ya  maşınların möhkəm uğultusuna, ya da süpurgəçilərin dava dalaşına oyanırlar; şəhərin məhləli evlərindəki xoruzların banı da arada binaya gəlir, lakin belə yerlər şəhərin mərkəzindən xeyli uzaqdadır.  Ancaq binada zəngli saatın səsinə oyanmaq, istəməyənlərdən danışmayaq; qıraqdan qonaq gələnlər, xüsusilə kəndlərdən gələnlərə qəribədir ki, qulaqlarının dibində çalan zəngə oyanmırlar, amma evlərindən əlli metr aralıda dolaşan süpürgəçilərin həngaməsinə o saat oyanıb pəncərənin qabağına yüyürürlər.

Bu dəfə mingəçevirlilər nə dava-şava, nə də söyüşün, qarğışın birinin bir qəpikdən ucuz səslənməsini eşitdilər, əksinə bu dəfə həmin xalalar mehriban idilər, qışqırıb deyirdilər ki, əsgərlərimiz artıq döyüşə başlayıblar, inşallah düşmənin başını əzərlər. Aralarında bir məsum qadın gözünün yaşını qoluna silə-silə ağlayırdı ki, axşam oğlu zəng edib, onunla vidalaşıb ki, səhərdən danışmaq mümkün olmayacaq, gecədən halallıq alıb ki, bəlkə şəhid olsa, anasının halallığını qazanmamış cənnətə getməz. Oğlu əsgərlikdən qayıtmış, heç oğlu olmayan analar yolun qırağındaca başına yığışıb ürək dirək veridilər ki, hər şey yaxşı olacaq. Elə yolun o biri başından briqadir, toplaşanlara qışqırıb deyirdi ki, hamı öz işinə qayıtsın, yoxsa iş tökülüb qalacaq. Hamı dağılışıb öz yerinə qayıtdı, zavallı qadın da öz sadiq çörəkağacı–süpürgəsi ilə baş-başa qaldı.

Dünəndən bacısıgilə qonaq getməyə hazırlaşan, amma gedib getməmək arasında tərəddüd içində qalan, oyananda döyüş başladığını, topların gurultusunu eşidib fikrini qətiləşdirərək getməyə qərar verən İqbal anasından yol süpürənlərin əhvalatını dinləyəndə ciddi sarsıldı. Axşam qeybətçilərin ağzından eşitmişdi ki, sabah müharibə olacaq, lakin onlara inanmamışdı. Gözünü açandan “Düşmən atəşkəsi pozmuşdur” xəbərlərini televizorda görən hər kəs kimi o da bu qeybəti yalan saymışdı. O, müharibə xəbərinə sevinsə də, elə həmin anda çox pis qorxdu: yenə döyüşlər apreldəki kimi yarımçıq qalar, şəhidlərin qanı əvəzində iki-üç kənd alınar, bununla da yenə zəhlətökən atəşkəs müqavilələri bağlanar. Bu qorxu uzun müddət onun canında kök saldı, bunu düşünmək onun üçün həyatının ağır işi idi.

Qonaq getdiyi yerdə camaatın danışmağa mövzusu vardı: kənddə, eləcə də ölkənin hər yerində heç müharibə başlamamışdan yeddi-səkkiz gün qabaq əsgərlikdən təzəlikcə qayıtmış oğlanları yenidən səfərbərlik idarəsinə cağırıb oradan da ilkin təlimlərə aparıbmışlar. Hamının mövzusu ya bu əsgərlər idi,  ya da elə gənc oğlanları səfərbərliyə almağa səbəb olan müharibə idi; eləsi vardı ki, hər ikisindən də eyni vaxtda danışırdı. Lakin ölkədə hələ rəsmi səfərbərlik elan olunmamışdı, buna baxmayaraq iyul döyüşlərindən sonra çox adam könüllü yazılmışdı. Müharibə başlanğıcından sonunadək hər kəsin fikir-xəyalı ordu haqda məşğul idi, halbuki əvvəl həmişəki kimi gündəlik məişətindən başqa heç nəyi düşünmürdü.

Əslində,  iyul döyüşləri, sərhəddən mülki əhaliyə qarşı təxribatlar, on iki hərbçinin şəhid olması insanların müharibəyə olan meylində son damla olmuşdu. Xüsusilə, general-mayor Polad Həşimovun şəhidlik xəbəri xalqın qürurunu qaynadıb küçələrə tökmüşdü; təkcə onun dəfnində  və dəfndən əvvəl Bakıya gətiriləndə on minlərlə insan axını baş vermişdi. İnsanların şüarı belə idi: “Qarabağa azadlıq”, “Ya Qarabağ, Ya Ölüm”, “Qarabağ bizimdir, bizim olacaq” və s. Hətta çox adam ürəyində heyifslənirdi ki, generalın qisası alınmayıb; kimisi utanır, kimisinin də qüruruna toxunurdu ki, generalı vuran düşmənin qabağında aciz qalıb. Hələ utanc hissi duyanlardan biri də İqbal idi.

Kənddən öz doğma şəhərinə qayıdanda onu dərin fikir bürümüşdü: “Lənət şeytana, düz üç ay bundan qabaq xalq küçəyə töküldü, camaatı bir təhər evlərinə basdılar ki, karantin qaydaları pozulur. Bu lənətə gəlmiş virus da çıxmağa vaxt tapdı, indi də deyəcəklər ki, çox toplaşmayın, virus tutar sizi. Eh, virus tutmasa da, cərimələr boğazımızı tutacaq. Bəs biz nə edək: orduya dəstək yürüşü etməyək?” deyə düşünürdü, lakin yanılmışdı: bu dəfə hamı rahat toplaşa bilərdi. Sabahı necə görə bilərdi axı? Axı sabah səfərbərlik elan olunacaqdı, beləliklə, onları yola salanda yanında durub ürək-dirək verənlər olmalıdır, ya yox? İqbalın ruhunu narahat edən o idi ki, yenə bir neçə gündən sonra müharibəni atəşkəslə əvəzləyərlər. Məğlubiyyətə bərabər atəşkəsi əsla qəbul etmirdi, ta torpaqlar alınmayanacan bu xof onun ürəyinin ən dərin nöqtələrində qaldı.

ll

Səhərin güclü küləyi Kür çayını dalğalandırırdı: suyun üzündə yaranan ləpələr bir yerə cəmləşib tez-tez sahili döyəcləyirdi. O sahil təbii olaraq çayın qurtaracağı, yaxud sərhədi deyildi; sahil Kürün ram edilərək süni şəkildə şəhəri iki yerə ayrılmasından yaranmışdı: Sağ sahil, sol sahil – Mingəçevirin bir başından o biri başına getmək üçün mütləq ram edilmiş çayın üzərində qurulan möhkəm körpünün üstündən keçərək digər sahilə adlamaq lazımdır. Alman əsirləri tərəfindən tikilmiş bu maşın körpüsündən savayı ondan iyirmi, iyirmi beş metr aralıda dəmiryol körpüsü də var — bu körpü də dəli Kürün üstündə ağalıq etməyin əzəmətini daşıyır. Bir zamanlar ipə sapa yatmayan Kür çayının qabağını kəsərək üzərində bənd qurub elektrik stansiyası tikmişlər; həmin elektrik bütün ölkənin əsas işıq mənbəyidir. Əsrlərlə çoxlu insanı boğan, evləri yuyub aparan Kürün qabağını səksən metrlik bənd alıb. Həmin bənd körpüdən xeylaq aralıdır. Bəzən sağ sahildən sol sahilə, ya da əksinə dəmir-beton körpünün üzərindən keçərkən insanı sual bürüyür ki, görəsən doğrudan da, insan övladı təbiət üzərində qələbə çala bilərmi? O körpünün üstündə durub dalğalanan suya baxanda hələ də dəli Kürün coşğunluğunu özündə qoruyub saxladığına əmin olursan: yox, bu köhlən atdır, bağlamaq mümkündür, yad adamın minməyi isə qeyri-mümkün! Hər iki sahildə parklar, yaşayış məskənləri, istirahət mərkəzləri var. “Kürün qırağı” adlanan bu park iki mərtəbədən ibarətdir, daha doğrusu, sol sahildəki parkın lap kənarında pilləkənlərlə aşağı düşərək suya daha yaxın olmaq mümkündür. Kür qəzəblənib daşanda, suyun səviyyəsi yüksələndə aşağı “mərtəbəni” tuta bilir, belə hallarda ora heç kəsi buraxmırlar. Həvəskar balıqçılar gah körpüdən, gah da orda öz tilovlarını atır, xırda balıqlar tutub vaxtlarını keçirilər. Yayda isti olur deyə, heç vaxt bu “Kürün qırağı” dəbdən düşməyib. Payızda güclü küləklər əsəndə dalğaların beton sahillərə dəyməsindən yaranan o həzin şır-şırlara qulaq asıb zovq almamaq heç kəsin iradəsində deyil: bununla yanaşı qağayıların suyun üstündə saat kimi dövrə vuraraq uçuşmasını görüb çörək atıb yemləməmək də olmaz—Qarabağın bülbülləri olduğu kimi Mingəçevirin də ağ, dövrədə yallı gedən qağayılar var.

Mingəçevirlilər sahil deyildikdə, təkcə ləpələrin döyəclədiyi yeri deyil, həm də şəhərin bölünmüş hissələrini də nəzərdə tuturlar. Şəhərin əsas sahili –sol sahil şəhərləşsə də, sağ sahil nisbətən ondan geridə qalmışdı; sol sahildə kəndin xüsusi qoxusunu almaq çətindir, ancaq sağ sahildə bunu narın mehlə də iyləmək mümkündür. Əslində, bu gün də sol sahildə yaşayanların bəziləri heç bilmirlər ki, evləri Kürün məhz sol sahil hissəsindədir. Sol sahilin “şəhərləşməsinin” digər sübutu: “sağlıların” o tərəfə getməsinə “şəhərə yollanmaq” adını verir, adətən ətrafdakı kəndlilər Mingəçevirə gəldikdə bu sözü işlədir: şəhərə dəyib qayıdıram. İqbal da “sağlı”dır, lakin uşaqlığı həmişə bağlı qaldığı, heç vaxt ayrıla bilmədiyi “solda” keçib.

Dünən bütün gününü narahat keçirtdiyi üçün bu gün saat 10-dan sonra özünün də dediyi kimi şəhərə – sol sahilə yollandı. Piyada körpünü keçib şəhərarası marşruta minib dərhal çağırılan yerə getdi. Bəzən o, rahatsız vaxtlarında piyada hərəkət edərdi ki, yorğunluğu çıxsın, beyni dincəlsin. İndi isə kimdənsə eşitdi ki, şəhərə dünənki müharibənin nəticəsi kimi üç şəhid gətirilir. Bu xəbəri eşidən kimi dərhal dostlarına zəng edib hadisəni çatdırdı, amma deyəsən biri ondan qabaq bilirmiş.

Dünən müharibə başlayandan dörd saat sonra, saat 10.00-da bütün ölkənin internet şəbəkəsini tamamilə kəsmişdilər. Ona görə də bir müddət internetsiz qalanlar yeni vasitə tapdılar: VPN. Bu proqram vasitəsilə başqa ölkələrin provayderlərinə qoşularaq internet əlaqəsi qurmaq olurdu. Ölkədə internet bağlansa da, az sonra yenə əvvəlki vəziyyət yarandı. Bütün məsələlərə həll yolu tapmaq olurdu. Əsas problem mart ayından ölkədə karantin elan olunub, hələ də davam etməsi idi ki, doğrudan da, camaat əlac tapa bilmirdi, o karantin qaydaları yalnız iri məmurlara aid deyildi, əksinə, yoxsul təbəqə üçün nəzərdə tutulmuşdu. Bu sərt karantin rejimi xalqın əsəbini gəmirirdi: bir tərəfdən cərimələr, o biri tərəfdən də gücün təhdidi. Hətta az-az yerdə danışırdılar ki, özümüzə qarşı qəzəbimizi də düşmənə nifrət duyğusu ilə birləşdirib müharibədə qalib gələcəklər. Onsuz da içimizdə müəyyən qəzəb qaynayır, elə yaxşısı budur onu yönəldək cəbhəyə, mütləq zəfər çalacağıq.

III

İqbal hey çalışsa da, şəhər yürüşünə qatıla bilmədi, çünki o biləndə artıq ilk şəhidi evindən çıxarıb dəfn yerinə gətirirdilər, buna görə də birbaşa Şəhidlər Xiyabanına sarı yollandı. Ora çatanda insanların çox toplaşdığını görüb anladı ki, şəhidi gətirib dəfn etmişlər.

Şəhidlər Xiyabanı şəhər mərkəzindən üzü aşağı “Güllübağ” deyilən dairənin tam yanında idi, belə ki, o tərəflərə yaxın ərazidə yaşayanlar  ünvan verdikdə aydınlaşdırmaq üçün hər ikisini də dilə gətirirlər. Ancaq dairə rəsmi adla: “Müslüm Maqomayev”lə 20 yanvar küçələrinin kəsişməsində yerləşirdi və Şəhidlər Xiyabanı da həmin 20 Yanvar küçəsində yerləşir; həmişə şəhərə şəhid gətiriləndə bu küçə tam bağlanılır ki, adamların nəhəng sıxlığının qabağını ala bilsinlər, həm də kütlə çox olduqda onsuz da maşınların o yolla hərəkəti mümkünsüz olur. Bu gün də belə vəziyyət idi. Kim görür, eşidir, təsadüf edirdisə, tez xiyabana doğru qoyulurdu; hərə öz vətəndaşlıq borcunu müxtəlif şəkildə yerinə yetirirdi: kimi cənazəni daşımağa, onun yanında yoldaşları ilə bərabər cürbəcür vətənpərvər şüarlar səsləndirməyə, kimi qəbir qazmağa, üstünə torpaq tökməyə, kimi də qıraqdan baxıb için-için ağlayıb göz yaşı axıtmağa can atırdı. Hər kəs əlindən gələni etməyə çalışırdı, təki vətənə köməyi dəysin.

Adam o qədər çox idi ki, İqbal təzə qazılmış qəbirə yaxınlaşa bilmədi, yalnız ondan on – on iki addım aralıda dayandı. Qabağa sürtülüb keçmək də mümkün deyildi, onun bütün ətrafı tibbi maskalı-maskasız insanlarla əhatələnmişdi, belə halda nəinki qabağa getmək, hətta sıxışdırılıb arxaya salınmamaq lazım idi. Budur, bayaqkı hay-küy tamamilə kəsdi: indi molla Quran oxuyur, indi nəsə danışanların pıçıltısı, ağlaşanların xısın-xısın səsi eşidilir, indi qəbirdəki adamı tanıyanların, eləcə də heç tanımayıb, amma ürəyi yananların gözündə, sifətinin cizgilərində qəm-qüssə görünürdü; sanki onlar bu dəqiqə hönkür-hönkür ağlamaq istəyirlər, lakin bunu bacarmırlar. Budur, molla qurtardıqda lap qabaq cərgədə arvadların vay-şüvəni qopdu, onların qışqırıq qarışıq ağlamağı insanın qəlbini biz kimi dəlir, adamın iliyinə işləyirdi, bayaqdan bəzək-düzəkli vətənpərvər nitq söyləyən adam isə “Ana, onun yeri ucadır, cənnətdir” deyə təsəlli verirdi. İqbal:  “Zavallı qadın cənnəti görməyib axı, onun gül kimi cənnəti əldən gedib” demək istəyirdi, ancaq kütlənin pafoslu çığırtıları onun həssas duyğusunu üstələdi—o incəlik uzun zaman onun ürəyini tərk etdi. Hər nə qədər həssaslığından olsa da, anidən fikir verdiyi küy ürəyini tar-mar etdi—bu, dəmir belin gil torpağa sürtülərkən çıxartdığı ətüpərdən səs idi. Hər dəfə qəbir qazılarkən qırağa atılmış torpağı cəsədin üstünə tökməkdən ötrü qalaqlanmış torpağa beli salıb çıxartdıqda həmin ətüpərdən səs eşidilirdi. Bu, onu yaman eyməndirirdi. İnsanın həyatının başlanğıcı özü ağlayıb-qışqırmasıdır, görəsən həyatın sonu da bu belin çıxardığı sarsıdıcı küydürmü? Həyatın sonu məzardır, son səsi də dəmir belin səsidir—bu cür qənaətə gəlmək ən çıxılmaz vəziyyətdə verilmiş naməlum qərarlar kimi onun ürəyini üzürdü. Eyni zamanda daxilində amansız intiqam, nifrət, bir az da təkəbbür duyğusu formalaşırdı, nifrəti daha əvvəllər də vardı, ancaq indi onun şüurlu şəkli qəlbinə cızılırdı. Bu, düşmənə qarşı alovlanmış od idi. Lakin tezliklə düşmənə nifrətini müharibənin dayanması qorxusu əvəzlədi, eynilə dünənki hiss yenə təkrarlandı. (Bir yana baxanda onu qınamaq da olmaz, həm yarımçıq döyüşün ordu üçün hansı fəlakətlər gətirəcəyini keçmiş hərbiçilərdən dəqiqliklə öyrənmiş, həm də yaşıdlarını bu döyüşdə boşuna itirmək xofu – hər ikisi onun canına üşütmə salmışdı).

Yavaş-yavaş adamlar seyrələndə birdən kimsə ucadan dedi ki, indi də ikincini gətirirlər. Belə xəbəri eşidən bir neçə nəfər “Ay aman, yenə qırğın olub” deyib əlini əlinə vuraraq başını buladı; qıraqdan kimsə ölənlərə rəhmət oxuyub Allahdan bağışlanmalarını dilədi. Elə həmin vaxt balaca, az qala on yaşında olan oğlan uşağı burnunun fırtığını çəkə-çəkə danışanlara bildirdi ki, bayaq basdırılan hansısa sinif yoldaşının qohumu imiş. Qıraqdan başı yaylıqlı, üzü qırış-qırış olan qarı heyfsilənib “can-can” dedi və onu yenidən ağlamaq tutdu. Elə bil bayaqdan ağlamışdı, yəqin xısın-xısın ağlayanlardan biri də bu qarı idi. Aradan beş dəqiqə keçəndə uzaqdan səs gücləndiricinin səsi eşidildi, uzaqdan gəldiyi üçün nə deyildiyi anlaşılmırdı, ancaq həmin anlaşılmaz səs getdikcə yaxınlaşdığına görə artıq onu başa düşmək olurdu; bəlkə saata baxan olsaydı, görərdi ki, on beş saniyədən sonra daha çox eşidilirdi. Tam  bir dəqiqə keçəndə Şəhidlər Xiyabanına doğru axan insan seli görünürdü, hətta onların pafoslu şüarları adamın qulağının dibindəki kimi bərk gəlirdi. O selin qabağında üç rəngli bayrağa bürünmüş qırmızı tabut çiyinlərdə maşın yolu boyu xiyabana sarı gəlir, ondan bir az arxada polislərlə dövrələnmiş bir neçə vəzifəli iri-iri addımlayırdı; arxada isə sayı-hesabı bilinməyən adi insanlar gəlirdi—əslində, onlar gəlmirdilər, yüyürürdülər; həm mikrofonlu vətənpərvərin sözlərini ucadan təkrar edib əllərini yuxarı qaldırır, həm də lap qabağa keçməyə çalışırdılar, lakin polislər onları aralayırdılar ki, vəzifəlilər rahat addımlasın. Kütlə ikinci girəcəyə çatanda xeyli seyrəldi (Xiyabanın iki giriş qapısı var idi). Bəziləri ona görə kənarlaşdı ki, ikinci qapıdan basabasa düşməkdənsə, elə hasardan tullanıb düz qəbirin yaxınlığında dayansınlar. Sanki hamı dəfnə baxmaqla böyük vətəndaşlıq borcunun bir hissəsini yerinə yetirməyə ümid edirdi.

Cənazə hazırlanmış qəbirə gətirilməmişdən İqbal fürsətdən istifadə edib məzarın səkkiz-on addımlığına, hətta indi lap baş addımlığa qədər yaxınlaşmışdı. Amma o tələbə yoldaşlarını görəndə aradan sivişib məzarın başına doğru getmək fikrindən vaz keçdi.

IV

Şəhidlər xiyabanına artıq çox adam toplaşırdı; birinci dəfndə xeyli idisə, indi lap çox idi, çünki yol boyu şüarlar səsləndirən kütləyə görən-bilən qoşulub addımlayırdı. Əksər şəhidi el dili ilə “poçtun yanı” deyilən, yəni Heydər Əliyev prospektilə 20 yanvar prospektinin kəsişdiyi yerdən piyada gətirirdilər: əvvəlcə tabutu maşınla o yerə, sonra isə çiyinlərdə 20 Yanvar prospekti boyu bura gətirirdilər. Belə olduqda say artmaya bilməzdi. Ta müharibənin axırınadək mingəçevirlilər, təxminən, bu doqquz yüz metr məsafədə vətənpərvər şüarlarla, alqışlarla və gah sevincli, gah da kədərli üzlə öz şəhidlərini son mənzilinə aparırdılar; hər kəs o məsafədə arxa cəbhə səngərindəki fədai kimi yüyürdü. Hamını tək şey maraqlandırırdı: buradan öz əsgərlərinə mənəvi dayaq durmaq.

İqbal azca yana keçib öz tələbə yoldaşları ilə salamlaşdı.

-Siz nə vaxt gəldiniz? Bayaqdan ətrafa boylanıram, görmədim heç birinizi.

– Biz elə indi camaatla poçtun yanından gəldik, – deyə arıq uzun tələbə dilləndi.

– Xəbəriniz varmı?- bir kök tələbə həyəcanla dedi, səfərbərlik elan edildi. Bizi də aparacaqlar.

– Artıq səfərbərlik elan ediblər?, — İqbal çox təəccüblü, bir azda qəribə şəkildə sual verdi. O:

– Hə, mən indi eşitdim – dedi, lakin özü dediyinə şübhəli qaldı.

Bu söhbəti dinləyən arxadakı hündür, yekəqarın, sifəti pörtmüş, saqqalsız cavan kişi tələbələri tənbeh edirmiş kimi böyük ağzını açıb dilləndi:

– Qaqa, qismən səfərbərlikdir, yəni hamını yox, lazım olanları aparacaqlar, mən elə indi bu telefonda baxdım, – O, öz smartfonunda nəsə eşələyib, – de ha…, —deyə göstərdi.

Tələbələr başlarını yelləyib razılıq etdilər. Sonra İqbal boynunu çevirib yanlara baxdı, axtardığını tapmamış kimi narazı dedi:

– Çox uşaq, deyəsən, yoxdur. Heç müəllimlər də azdır…

Bayaq səfərbərlikdən danışan oğlan onun sözünü kəsdi: – Yox niyə ki? Bax, arxanda müəlliməmiz də durub. De ha…Qızlar da yanında.

İqbal bir daha dönüb baxdı. Onları görsə də, arxaya keçmək istəmədi, çünki insanlar o qədər sıxlaşmışdı ki, nəinki arxaya getmək, hətta öz ayağını sərbəst qoymaq mümkün deyildi. Əslində, burda gördüyü uşaqlar öz qrupunun uşaqları deyildi (Karantin olduğundan bütün təhsili dayandırmışdılar; karantin yumşaldığından məktəbləri iki həftəlik açsalar da, yenidən bağladılar. Müharibə, komendant saatı olan yerlərdəki məktəbləri tamam fəaliyyətdən qoydu, hətta onlayn təhsil belə dayandı), ona görə heç olmasa, öz müəllimini görüb danışmaq istəyirdi.

Araya sükut çökdü: molla Quran oxuyurdu. Yalnız pıçıldaşanların, hönkür –hönkür ağlaşanların, bir də qəfildən telefon zənginin səsi eşidilirdi, lakin o zəng də tezliklə bağlanırdı. Bunlarla bərabər fatihə surəsinin ərəbcə sözləri eşidilirdi. Doğrudur, mollanın avazı elə yaxşı olmasa da, hamı şəhidə hörmət əlaməti kimi susub qulaq asırdı. Günəş adamı bişirən şüalarını saçsa da, narın külək əsirdi. Deyəsən, o külək həm adamların sıxlıq hərarətini, həm də günün istiliyini soyutmaq üçün əsir, şəfqətli qadın kimi öz mərhəmətli əlini qarşı cinsin ölgün bədəninə sürtürdü. Quran oxunub qurtarandan sonra xısın-xısın ağlaşan bir neçə qadının hönkürtüsü yüksəldi; bayaqkı kimi yenə həmin natiq öz təntənəli sözlərini təkrar-təkrar şəhidin anasına, yaxınlarına söyləyir, onların yarasına məlhəm qoymağa cəhd edirdi, lakin ana yenə sakitləşmirdi ki, sakitləşmirdi. Bu bəd mənzərəyə baxıb camaat ağlamsınırdı; bəzilərinin göz yaşı yanaqlarında ağır-ağır aşağı süzülür, bəzilərinin də yaşları, sadəcə, göz qapağında yığılaraq qalırdı. İqbal ağlaşmada çox eymənirdi, onun göz yaşları sürülməsə də, toplaşıb göz qapağında görünməz şəkildə qalırdı, lap dindirib ananın necə ağladığını soruşsan, o   yaşları dayanmadan axşama kimi axıdardı.

Təntənəli dəfn mərasimi qurtardıqda aralığa söz yayıldı ki, yenə şəhid gətirilir. Ona görə bəziləri getsə də, əksər adam getməyib, sadəcə, yerini dəyişdi ki, seyrəklik yaransın, yoxsa heç cür araya girilməz. Gedənlər ona görə xiyabanı cəld tərk etdilər ki, cənazəni bayaqkı kimi yüksək ab-hava, coşqunluqla gətirsinlər. İqbal seyrəklikdən istifadə edib öz müəlliməsinin yanına getmək istəyirdi ki, birdən kimsə onu yaxından bir neçə dəfə çağırdı. Yönünü çevirib baxanda gördü ki, bayaqkı tələbələr nəsə istəyirlər. Yaxınlaşıb nə istədiklərini soruşdu.

– Qaqa, bəlkə siqaretin ola?

-Yoxdur, heç bu gün çəkməmişəm, – deyə İqbal cavab verdi. Onun yanındakı oğlan məzəmmətlə dilləndi:

– Ayə, ondan ötrü çağırırmışsan? Məndə var dana. Ala…, -cibindən qutunu çıxarıb birini ona sarı uzatdı. Sonra İqbala da götürməyi təklif etdi. O təklifdən imtina etməyib qutudan bir siqaret çıxartdı, təşəkkürünü bildirib müəlliməsinə tərəf yollandı.

Şəhidlər xiyabanı dörd uzun sıradan və itkinlər üçün ayrıca iki qabaq –qabağa cərgədən ibarətdir. İtkinlər cərgəsi Xiyabanın o biri başında əsas girəcəyin sol tərəfindədir. Cəsədi tapılmış şəhidlərin məzarları –sıraları isə sağ tərəfdən başlayıb, nəhayət,  o biri ikinci giriş qapısının yanında qurtarır, həm də onun yanında xatirə muzeyi də yerləşir. Dörd uzun sıranın davamlılığını geniş ərazidə bulağın qurulmasıdır, yoxsa iki ayrıca dörd sıralıq məzarlar olmazdı. Bulağın qarşısında 20 yanvar hadisəsinə  həsr olunmuş abidə və məşəl var, onunla yanaşı əsas giriş qapısının qabağında Xocalı soyqırımına aid əbədi məşəl və 31 mart soyqırımına həsr olunmuş abidə də var (Mingəçevirin dərin tarixinə dair zəngin arxeoloji məmulatları muzeyi, yəni Tarix muzeyi, bir də Şəhidlər Xiyabanı şəhərin tarixi qürurunu daha çox artıran şeylərdir.) Bayaq birinci cənazəni ikinci qapı tərəfdən ayrıca bir cərgə açıb dəfn etmişdilər. Xüsusi cərgəni açmaqdan ötrü, müharibə boyu hər cəsəd gəldikcə düz cərgə yaradıb basdırmaq üçün ağacları qırır, bərkimiş torpağı güclə qazırdılar.

V

Kütlə xeyli seyrəldiyindən həm ağız deyəni qulaq eşidir, həm də addımını rahat qoymaq olurdu. Həmçinin günortaya yaxınlaşdığından günəş lap çox qızır, adamı yaman yandırırdı; payızda  günvurma olmasa da istilik dəridə qalır, həm də davamlı vuranda tərlədə bilir. İqballa müəlliməsi və qrup yoldaşı söhbət etdiyindən hələ də yerlərini dəyişməmişdilər deyə günəş onları yamanca qızdırmışdı, hətta istidən onun alnında tər damlaları görünürdü; dəsmalını çıxarıb alnını sildikdən sonra şam ağacı kölgəliyinə keçib söhbətlərini davam etdirdilər. Bura təzə qəbirlərdən bir az aralı idi, amma qəbirqazanların danışığını, alətlərin çıxardığı səsi eşitmək mümkün idi.

– Yox, ay İqbal, 92-93-də belə deyildi, sən nə danışırsan?! – deyə müəlliməsi birinci Qarabağ müharibəsi haqda mübahisə aparanda ona etiraz etdi.

– Niyə ki?! Onda belə qazmırdılar, gətirmirdilər? –deyib etirazı qəbul etmədi.

– Yox e, onda bizdən qırılanlar hədsiz çox idi. On bir mindən artıq oğullarımız getdi. Bax gör, indi durduğumuz yerdə nə qədər şəhid məzarı var, bunların hamısı onda həlak olmuşdu. Düzdür, burda Aprel döyüşlərində həlak olanlar da var.

– Sizlə razıyam. Amma döyüş hələ dünən başlayıb, necə olacağını da bilmirik…

İqbal sözünün ardını gətirmədi, çünki müəlliməsinin bayaqdan ağlayıb qızarmış gözlərində yaş damcılarının parıltısını görmüşdü. Susub danışdığına, müəlliməsini yenidən ağlatmasına peşman oldu; indi, həqiqətən, o ağlayır, bircə o qalır ki, hönkürtü qoparsın, lakin o da sakit ağlayıb kiriyən qadınlardan olduğu üçün yalnız aram-aram göz yaşlarını süzüb sonra üzünü, gözünü kiçik dəsmalı ilə silirdi. Ağzını açıb ağlaya-ağlaya nəsə dedi, ancaq İqbal onu eşitmədi, bəlkə də, heç anlamadı. Öz-özündə təxmin etdi ki, yəqin ümidverici nəsə deməyə çalışıb. Elə bu vaxt bir neçə dəfə top atışması səsi gəldi. Ətrafdakılar başlarını qaldırıb göyə baxır, onsuz da bir şey görməyəcəklərini bilərək yerə endirirlər. Əlbəttə, top atanlar bizim ordumuz idi, ya cavab verirdilər, ya da düşmən hədəfinin dərinliklərindəki nöqtələri vururdular – hamı bunu bilsə də, instinktiv olaraq, istər-istəməz yuxarıya boylanırdı, ya da dəhşətə qapılırdı. Top atılanda İqbalın müəlliməsi də, qrup yoldaşı da bərk səksəndilər, hətta bir az da möhkəm olsaydı, ürəkləri gedərdi, lakin müəllim qıza ürək-dirək verdi ki, qorxmasın. Halbuki, özü də onun kimi idi. Ağlamağı kəssə də, hələ də gözlərindəki nəmlik dururdu, həmçinin bu atəşlər onda elə təəssürat yaratdı ki, guya həqiqətən tələbəsinə etiraz etməkdə yanlış iş görüb, müharibə daha çoxlu canları alacaq. Gerçəkdə heç kəs heç nə bilmirdi, ancaq təxminlər verirdi.

Nəhayət, onlar İqballa vidalaşıb getdilər.

O, siqareti yandırıb məzarçıların yanına yaxınlaşdı. Məzarçılardan biri onun əlindən siqareti götürüb yandırmasını rica etdi. Kibriti ona uzadanda o biri məzarçılar çığırıb qazmağın çətin olduğunu dedi:

-Qoy qalsın səndə. Məndə var ondan. Sizə lazım olar.

– Allah razı olsun! -məzarçı səs tonunu dəyişib əlavə etdi, – qazmaq mümkün deyil, çox çətindir.

– Niyə? Kömək eləyək da… Qoy adam çağıraq , gör nə qədərik….

Məzarçı onun sözünü kəsdi: – Ay allah evini tiksin! Gör nə qədər lopatka[1] var, adam da var hələ. Torpağı qazmaq mümkün deyil, beton, çınqıl, ağac qarışığı, kökləri var. Onları da qırıb çıxartmaq üçün aparat lazımdır.

-Həə…

İqbal yaxınlaşıb məzarın içinə baxanda gördü ki, bərkimiş gil torpaqda həqiqətən ağac kökləri, beton parçaları var. Məzarçı qazılmış torpağın içində bellə işləyirdi; onun işi içəridə qazılmış torpaq qırıntılarını yanda qalaqlanmış yerə qaldırıb atmaqdan ibarət idi. İqbal azca kənara durdu ki, paltarı tozdan batmasın. O, əlindəki siqareti qullablayıb gah məzara, gah da ətrafdakı insanlara nəzər salırdı. Hamı gözləyirdi ki, tabutu gətirib dəfn edəndən sonra evlərinə getsin, lakin üçüncü qəbir tam, dördüncü qəbir isə natamam qazılmışdı, səbəb isə möhkəm torpağı qazmaq, formaya salmaq üçün aparat yox idi, əgər o olmasa, yarım saata işi qurtarmaq mümkün olmayacaqdı. Aparatın gəlməməsi qəbir qazanların səbrini daşırırdı, çalışırdılar ki, tezliklə işi bitirsinlər, ona görə də beli tez-tez daşlaşmış torpağa möhkəm vururdular. İqbal yenə həmin səsi eşitdi: yenə bel torpağa dəyir, sürtülür və qəribə küy çıxırdı. Artıq ikinci dəfə idi ki, o psixoloji sarsıntı keçirirdi. Əslində, o küydə qorxuducu, qeyri-adi heç nə yox idi. Sadəcə buna fikir verdiyi üçün onda qəribə hisslər formalaşırdı. O, siqaretini yerə atıb düşündü: “Mən dəli olmuram—yalandan özümə şər ata bilmərəm. Amma mənə bir şey çatmır: görəsən bu qəribə səsi yalnız mən eşidirəm, heç kəs eşitmir, dərindən hiss eləmir? Bu ki, təkcə mənim qulağımın dibində səslənmir! Nə isə … ta müharibənin sonunadək qulağımda qalacaq. Adi bel gillənmiş torpağa sürtülür, di gəl çıxardığı səs vay-şüvəndən betər təsir edir. Ya da mən …. nəsə, gedim evə”.

O heç özü də bilmədən qəbiristanlığı tərk edib uzaqlaşmışdı. Yolda gördüyü tanışlarıyla necə olmuşdusa, salamlamamışdı. Adətən fikirli olanda hər şeyi unudurdu. Camaat ora doğru hay-küylə gələrkən o fikir verməyib, yanlarından ötüb qeyri-müəyyən halda harasa addımlayırdı. Yolda yadına düşdü ki, heç demə bayaq evə gedəsi imiş. Lakin camaatın səs-küyünü, şüarlarını eşitdikdə, dönüb onlara qoşulub insan ümmanının bir damlası olmaq fikri ağlından keçirdi. İki –üç dəfə ayaq saxlayıb qəti qərara gəlməyə çalışdı, amma bacarmayıb dayanacağa sarı getdi və marşruta minib evə yollandı.

VI

Evdə öz çarpayısında uzanıb Müdafiə Nazirliyinin paylaşdığı döyüş səhnələrinə baxırdı. Videolar kompüter oyunları kimi görünürdü, belə ki, müasir silahlarla düşmən hədəflərinin ovucun içindəki həşərat kimi məhv edilməsi səhnəsini o real həyatda heç vaxt bu qədər təsəvvür etməzdi, belə şeylərin yalnız kinolarda, oyunlarda olduğunu təsəvvüründə canlandırmışdı. Elə bunlara baxırdı ki, ona zəng gəldi. Bu zəng onun hansısa dostundan idi. Məlum oldu ki, orduya arxa cəbhədən mənəvi dəstəklə yanaşı maddi yardım da lazımdır, çünki döyüşən hər bir əsgərin təminatı yüksək səviyyədə olmalı idi. Lakin az öncə xəbərlərdə dinləmişdi ki, ordunun bütün təminatı yerindədi. O, hər kəs kimi dərk edirdi ki, əsgərə dövlət yardımı həmişə olur, amma xalqın sidq-ürəklə göndərdiyi ən kiçik əşya belə onun üçün hər şeydən əzizdir; əsgər bütün varlığı ilə ilə anlayır ki, onun arxasında nəhəng ürəklər var. İqbal yardım etmək üçün sevinsə də, səhərki hadisələri xatırlayanda sevinci yarımçıq qaldı, heç nə etməyib yatmağı qərara aldı. “Onsuz da gedib nə edəcəyəm ki, sabah gedərəm, hələ üstəlik orda ətraflı nə lazım olub-olmadığını danışaraq” deyə düşündü. Onun da ailəsi Azərbaycanda əksər ailələr kimi başının milçəyini güclə qoruyanlardan idi, lakin vətənçün öz son loğmasını ağzından kəsib verməyi bacaranlardan idi. (Müharibənin son gününədək ən yoxsul ailələr, pensiyaçılar, xəstələr heç çəkinmədən cəbhəyə yola düşən əsgərlərə son qəpiklərini də verdi ki, onlar yardımdan yoxsul olmasınlar. Müharibədə qələbəni qazandıranlar bunlar olsa gərək. Niyə də olmasın?) Əgər evdə yardım barədə nəsə desəydi, ailədə ona məmnuniyyətlə kömək edərdilər ki, bizimdə hansısa xeyrimiz dəysin.

Səhər hava o qədər aydın idi ki, göy üzündə bir dənə də bulud yox idi, elə bil buludları torbaya yığıb azğını da bağlayıb harasa göndərmişdilər. Buna görə də günəş şəfəqləri heç bir maneəyə rast gəlmədən yerə vururdu. Şəhərdə binalar eynən ağac hündürlüyü boyda olduğuna görə yuxarı mərtəbədə yaşayanlar gün şəfəqlərini daha çox qəbul edir, hələ üstəlik binanın yan-yörəsində xırda ağaclar olduqda günəş pəncərədən lap evin ortasına vururdu. Bundan qurtuluş yoxdur, gərək mütləq şüşələrin rəngi qara olsun ki, günəşin o acımasız şüalarından xilas yolu olsun, əslində, bu, yaxşı deyil. Doğrudur, normal külək əsəndə Kürün sərinliyini hərdən yaxın əraziyə gətirib çıxara bilir, lakin bu gün külək əsmir, heç yağış da yağası deyildi. Külək də əsməyəndə şəhər günəşin mərhəmətinə qalır: istəsə od ələyər, istəsə də istiliyini, günəş olduğunu heç nə ilə bildirməz. Payızın əvvəli ona görə yaxşıdır ki, yayın cəhənnəmindən çıxıb tövşüyən şəhərlilər üçün qışın rütubətinə keçəndə rahat nəfəs almaqdan ötrü fürsət verir, amma fürsətdən gecələr istifadə etmək mümkündür. Bu gün isə fürsətdən danışmaq mənasızdır – ən azı indiki havadan bəlli idi.

Bu gün müharibənin üçüncü günüdür. Dünən gördüklərindən təsirlənən İqbal axşam yatağına girib yatmışdı. Yataqda onu bəzi şeylər yaman düşündürmüşdü. Bunlardan biri də müharibələrin baş verməsinin əsas səbəbi idi. Niyə müharibələr var? Niyə insan nəsli bir-birini həşərat kimi qırır? Əlbəttə, bu kimi suallara o, cavab tapa bilməmişdi, çünki yorğun olduğundan yatmışdı, özü də bilmədən yuxu gəlib onu aparmışdı, bir də onu qaytaran anası olmuşdu. Saat onun yarısında anası onu yuxudan güclə oyadıb bildirdi ki, səfərbərliyə çağrılan uşaqları bayraqlı siqnallı aparırlar. Əvvəlcə, yarıyuxulu olduğundan heç nə anlamamışdı, beləcə, gözlərini yumub yatmağa davam elədi. Elə yatarkən qulağına maşın siqnalları gəlir, anlaşılmaz qışqır-bağırtılar eşidirdi, həm də elə zənn etdi ki, bunlar yuxuda olan şeylərdir. Hay-küy artdığından gözünü anidən açdı: yox, yuxuda deyilmiş. Qalxıb eyvana yüyürənədək maşın karvanı binadan xeyli uzaqlaşdı. Həmin vaxt ağlından qəribə bir fikir keçdi: “Mən guya ona baxmaqla nə edəcəyəm?” Əslində, haqlı idi, əgər onlarla bərabər getmirsə, eyvanda hansı qeyri-adi şey edə bilərdi ki?

Bir müddətdən sonra xəbər gəldi ki, şəhərə yeni bir şəhid gətirəcəklər, hətta saatını da təyin etmişdilər: saat dörddə dəfn mərasimi olacaq, ona görə kimdə bayraq varsa, gətirib yürüşə qoşula bilər. Zavallı İqbal hələ bilmirdi ki, az sonra yüzlərlə adamın şüarları ilə məzara apardığı gənc kimdir. Ehtimal ki, əvvəldən heç xəbəri olmayıbmış, yoxsa mənəvi sarsıntı, həyəcandan heç bir addım atmazdı.

Nəhayət, Şəhidlər Xiyabanına gəlib çatdı. Bu dəfə insanlar fərqli şəkildə toplaşmışdı. Belə ki, toplaşanlar yönü “poçtun yanı”na tərəf deyil, başqa istiqamətə – burda başlayıb, bəlkə də, Kürün başqa sahilinədək davam edən “Aydın Məmmədov” küçəsinə idi. İqbala maraqlı görünürdü. Ona görə tanışlardan soruşanda aydın oldu ki, tabutu o tərəfdən gətirəcəklər. Vaxt çatdıqda bəziləri maşınla, bəziləri də piyada Şəhidin mənzilinə yollandı. Piyada gedənlər gecikməmək üçün bir təhər tanış adamların maşınına, ya da marşruta minirdi. Bir çoxları pulsuz maşınla getmək üçün öz dostları ilə mübahisə edirdi, sonra yenə kim qabağa düşsə, o da otururdu. İqbal xeyli yol irəlilədikdən sonra o da bir maşına minib cəld ora sarı yollandı.

Həlak olmuş əsgərin binası qarşısına yüzlərlə insan toplaşmışdı, bununla yanaşı onları daşıyan maşınların ətrafda sayı-hesabı bilinmirdi, lakin binanın düz önündə təcili yardım maşını hamının diqqətini cəlb edirdi. O maşında cəsədi ailəsinə göstərməyə gətirmişdilər, indi imkan yox idi ki, kütləni yarıb keçsin. Nəhayət, həmin maşın birtəhər harasa yox oldu. Blokun qabağında dayandıqda binadan eşidilən qəlbdələn acı fəryadlar ora yığışanların səsini batırdı. Halbuki camaatın bir-birinə qarışmış hay-küyü heç də yavaş deyildi. Şəhidin qohumlarının fəryadı o qədər acı idi  ki, yerdəkilərin bir çoxu dəhşətə gəlirdi; bir çox qonşular, yad analar həm bu fəryadın təsiri altında, həm də əsgərin gənc yaşda ölməsinə ağlayırdı. Axı onların da cavan oğulları var! Hələ yaxınları şəhidlə vidalaşmamışdılar. Onlar dayanmadan hönkürtü qoparır, quru, qana bələnmiş cəsədi öpməkdən, qucmaqdan doymur, onun tərk etməsini istəmir, məzara aparmağa imkan vermirdilər. Təsəlliləri parçalanmış bədəndir – onsuz da dirisini itiriblər, sevdiyi balanın diri canı yoxdursa, ölmüş bədənindən də təsəlli tapa bilməzmi? İqbal vida mərasimini tez bitirmək istəyənlərə acıqlanmışdı, öz-özünə belə düşünürdü: “Bunlar necə insandır? Qoy, ana öz balasıyla son dəfə görüşsün, onu öpsün. Onsuz da onu torpaq apardı. O, torpağındır. Macal versələr, ana doyunca görər, öpər, ata uzaqdan doluxsunmuş baxar. Özü də ata üçün lap ağırdır”. Şəhidin yaşadığı bina digər binalarla əhatə olunmuşdu. Oralar heç də darısqal deyildi, ancaq sıxlıqdan o binaların həndəvərinə yaxınlaşıb içərilərə girmək heç mümkün olmazdı; gələnlər də yalnız binanın ucunda dayanırdılar. Az zaman içində say daha da artdı. Hamı çalışırdı ki, blokun ağzına tərəf gəlsin, bu isə mümkünsüz idi.

Bu bina İqbala tanış idi, uşaqlığı bu yerlərdə keçmişdi. Onu ən çox maraqlandıran o idi ki, burdan kim həlak olub. Fikrindən bəzi adlar keçirdi, amma razı qalmadı, “yox, ola bilməz” deyə öz-özünə etiraz etdi. Şəhidin kimliyi təkcə ona deyil, çoxlarına məlum deyildi. Ona görə biri o birindən soruşur, o da qaneedici cavab vermədikdə digərindən soruşub öyrənirdi.

– Qardaş, bəlkə, sən  bilərsən: şəhidin adı nədir? – cavan saqqallı oğlan əlini İqbalın kürəyinə qoyaraq soruşdu.

İqbal da onu tanımırdı, bu, ona da maraqlı idi. Ona görə sakit, kədərli səslə tanımadığını, amma öyrənmək istədiyini dedi. Basabasda qabaqdan kimsə onlara sarı dönüb dedi:

-Adı Hüseyndir, döyüş başlamamışdan qabaq təlimə aparıblar. İndi də şəhid…. Allah rəhmət eləsin, gözəl oğlan idi! – o, ayrı da nəsə danışmaq istəyirdi, lakin qəhərdən boğulub dili dolaşdı. Gözləri də dolmuşdu, yenidən qabağa çevrilib camaatın arasında gözdən itdi.

Oğlan, ad deyəndə İqbal duruxdu, sanki kimsə onun bütün əzələsini möhkəmcə tutub sıxdı, heykəl kimi hərəkətsiz dayanma  bir neçə dəqiqə sürdü, sonra axın onu qabağa itələyib saldı. Ancaq ondan sonra sıxlıqda qarışqa addımları ilə hərəkət edib, düz cənazənin yanına gələ bildi. Deyəsən, onu tanımışdı. Tabuta və onun yanında ağlayan atasına baxdı. Bəli, onu tanıyır. Atasını da, özünü də yaxşı tanıyırdı. O ata hündür, göygöz, sarı arıq sifətli oğlanın atası idi. “Ah, bu da…” deyə İqbalın gözləri yaşardı. Araya sükut çöküb hamının səsini kəsdi. Tabutu sıx dairəyə almış adamlar indi bir neçə addım geriyə çəkildi. Cənazə namazı qılınırdı. Yenə mollanın səsiylə yanaşı ağlaşmalar, çığırtılar gəlirdi. Belə hönkürtülər hələ savaşın sonunadək, hətta müharibə qurtarandan sonrada davam edəcək, uzun müddət evləri tərk etməyəcək. İqbal cənazə namazına baxmır, mollaya qulaq asmırdı, onun fikri başqa yerdə idi. Xəyalı düşməndən qisas almaqda davam edir, ölənlərin qanını yerdə qoymurdu. “Bəli, bəli, qisasımızı qətllərə səbəb olan canilərdən almalıyıq” deyib xəyalından döndü.

Gecə öz günlüyünə belə yazmışdı:

“Bu gün ən mənfur günlərdən biridir. Bəlkə, heç belə mənfur, iyrənc, ürək üzən gün həyatda mövcud olmayıb. Bir insanı da itirdik. Niyə? İllər əvvəl başlayan müharibə yenidən qızışdı. Biz 150 ildir ki, erməni millətçiliyinin amansız bəlasını çəkirik. İmperialistlərin ağuşuna atılan millətçilər xalqı qırğına apardı. Qarabağ məsələsi neçə vaxt davam etdi. Son 30 ildə ağırlaşaraq müharibəyə çevrildi, erməni millətçiləri torpaq iddiası edərək ərazilərimizi vəhşicəsinə işğal etdi. Bunlar çeynənmiş mövzulardır, yazaraq öz dəftərimi boş-boş sözlərlə doldura bilmərəm. Mən əsl səbəbi axtarıram, daim bunu araşdıracağam. Hələlik döyüşü davam etdirib caniləri cəzalandırmaq, nəhayət son qoymaq lazımdır, yoxsa belə iyrənc günlər hələ çox olacaq.

Bir az bugündən yazım. Dəfn etdiyimiz oğlanla dost deyildim, sadəcə, onunla bina qonşusu kimi tanış idik. Onun görünüşü hələ də yadımdadır, doğrudur, çoxdan, bəlkə də, dörd il qabaq gördüyümdür, lakin şəkil kimi dümdüz ayaqlarını, bədənini xatırlayıram. Onu dəfnə aparanda mindən çox adam əlində bayraq qışqıra-qışqıra enli iki tərəfli maşın yolunu tutaraq küçə boyu Şəhidlər Xiyabanına doğru irəliləyirdi. Mən çiynində tabut daşıyanların bir neçə addımlıq arxasında idim. Gözləyirdim ki, kimsə yorulsun, mən də tez cənazədən yapışım, heç olmasa bir az da mən daşıyım. Amma bir nəfər çəkilsə də, yaxınlaşıb tuta bilmədim, hətta tabutu götürməyə arxadan gələnlər məni geriyə saldılar. Artıq xeyli arxada idim. Buna baxmayaraq, nə qədər dala qalsam da, məndən arxadakıların sonunu görmürdüm, sahildən baxan adam dənizin sonunu görmədiyi kimi mən də kütlənin arxada harada qurtardığını əsla sezə bilmədim.

Yol boyu biz vətənpərvər şüarlar səsləndirdik. Şüarlarımız belə idi: “Şəhidlər ölməz, vətən bölünməz”, “Qarabağ bizimdir, bizim olacaq” və s. Mən bir şeyi tam dərk edə bilmədim: biz tabut daşıyaraq niyə əl çalırdıq? Tabutun içindəki bədənin yaxınları, qohum-əqrəbaları da bilməli idi. Bu onlara xoş gələrmi? Məncə heç vaxt! Bu müsəlman qaydası ilə dəfn olunur, Quran oxunur. Daha əl çalıb, fitə basmaq nədir? Eynilə bu hərəkət Şəhidlər Xiyabanında dəfələrlə təkrarlandı, hətta son şəhid gəlmədən davam etdi. İnsan ölümünə sevinməkmi olar? Məddahlar deyir ki, vətən uğrunda ölüb, ona görə-olar. Belələri öz uşaqları öləndə əsla əl qaldırmaz — pafosdan başqa heç nə bilmirlər.

Mən qərara aldım ki, düşməndən qisasımızı alaq. Tələbə olmasaydım, mən də orduya qatılacaqdım. İçim intiqamla yanır.

29 sentyabr 2021”

VII

Oktyabrın 4-də Mingəçevirdə aylı gecələrdən biri idi. Şəhərin üstündə gəzişən buludlar gah ayın qarşısını kəsir, gah da ondan aralıda özbaşına səmada süzürdü. Ay işığı şəhərin işıqları ilə birləşib hər yeri nura boyamışdı. Boz dağın ətəklərindən süzülüb gələn, Kürün sərinliyindən soyumuş narın külək əsirdi, ağacların yarpağını xəfif-xəfif yellədir, keçəl çəmənliklərin otlarını tərpədirdi. İlk payız, otları, yarpaqları xəzana hazırlayır, bir azdan saralıb solmağını, tökülməyini gözləyirdi. Tən yarıya bölünmüş Kür öz sərinliyi ilə şəhəri soyudurdu; hər iki sahili üşüdərək payızın çoxdan girdiyini söyləyib əhalini xəbərdar edirdi. Hava təmiz, şəhər səssiz idi. Saat səkkizdən sonra tamamilə sükut oldu; sübhdən dayanmadan işləyən, gedib-gələn maşınlar yolda görünmür, onların qulaqbatıran uğultusu eşidilmirdi. Sentyabrın 28-dən tətbiq olunan komendant saatı Mingəçevirə də aid idi, ona görə müəyyən olunmuş vaxtdan sonra bayırda hərəkət etmək qanun pozuntusu sayılırdı. Camaat evinə çəkildiyindən şəhərin səssizliyindən adam eymənirdi; yalnız bu sükutu pozan arabir cəbhədə guruldayan toplar idi. Tam sakitlik, səs-küyün olmaması gurultunu elə hiss etdirirdi ki, sanki döyüş şəhərin ətəklərində gedir, halbuki Mingəçevir cəbhə xəttindən 100 kilometr aralıdır. Eyni zamanda ölkədə karantin rejimi olduğundan şəhərdə zavodlar işləmirdi, yoxsa dəli sükutu onun uğultusu azca pozardı.

Şəhər, sükut olmasına baxmayaraq, xəbərdən təlatümdədir; səhər düşmən Gəncənin dinc əhalisini bombalamışdı. Düşmən onsuz da cəbhə boyu əraziləri gülləbaran eləyirdi, indi isə cəbhədən xeyli aralı yerləri raket atəşinə tutmağa başlayıb. Bu insanların günahı nədir? Əvvəl cəbhə bölgəsindəkilər ölüm qorxusu altında yaşayırdısa, indi bütün ölkə qəfil ölüm təhlükəsi altına düşmüşdü. Gəncədə ölən və yaralananlar  xalqın nifrətini oyatdı. Lakin bir sevindirici xəbər də gəldi: Cəbrayıl şəhəri azad olunmuşdu. Hər dəfə bir ərazinin işğaldan azad edilməsi xalqın kefini yüksəldir, düşmənin isə nifrətini körükləyirdi. Namərdlər Gəncə ilə kifayətlənmədilər.

Saat onun yarısında bayaqkı sükut hələ də davam edirdi; kimi çoxdan yuxuya dalmışdı, kimi də birazdan yatmağa hazırlaşırdı. Ay topa buludların arasında yox oldu, o buludlar qəfil göy üzünü aldı, az əvvəlki aydınlıq tam iddia edirdi ki, bütün gecə ay işığı yerdən əl çəkməyəcək. Lakin belə olmadı: nə sükutdan, nə də aydınlıqdan əsər-əlamət qaldı, hər şey bir  anda ərşə çəkildi. Mingəçevirə tuşlanmış dörd raket göyün üzünü qaranlıq buluddan betər aldı. Anidən partlayan raket bütün şəhəri zəlzələ kimi silkələdi. Yatanlar yuxudan ayıldı, oyaqlar başını götürüb evdə hara gəldi qaçır, qışqırır və yenə də qışqırır. Səs o qədər dəhşətli idi ki, hamı elə bildi öz binasına, öz qonşusuna dəyib, yerlə yeksan edib. Şəhərlilər səsin hardan gəldiyi, bombanın hara düşməsiylə maraqlanır, yaxınlarına zəng eləyir, yazırdı. Budur, ikincisi də partladı. Amma onu havada zərərsizləşdirdilər. Partlayan raketin işıqları səmanı dümağ ağartdı, şəfəqi yerdəki ağacları, binaları, insanların üzlərini nura qərq elədi. Lakin bu, xeyirli nur deyildi! Ölüm vəd edən, ölüm saçan nur camaatın sifət cizgilərindəki ölmüş həyat ümidini, ölümə, sonsuzluğa qərq olunmaq qorxusunu tamamilə işıqlandırmışdı. Hər şey yaşamaq uğrunda mübarizəyə tərk edildi. Yüz minlik şəhər yatsa, yuxusunda da görməzdi ki, bir gün raket atəşinə tutulacaq. Şəhər elə qaynadı ki, görən deyərdi ki, bayaq heç sükut olmayıb, qışqırışma, hay-küy, ürəkgetmə, küçələrə səpələnmə, maşınlara doluşub qaçma – hamısı sakitliyi bir neçə saat torpağa basdırdı.

Raket həqiqətən Mingəçevirə atılmışdı: məqsəd şəhəri və ölkəni işıqsız qoymaq və əlbəttə, qorxutmaq idi.  Düşmənin öldürmək üçün yollanmış o mənfur bombası şəhərin DRES adlanan qəsəbəsinə düşmüş, orda adamları yaralamışdı. Raketlərdən ikisi İstilik Stansiyasına düşsə də partlamadı. Şayiələrə görə onlar partlasaydı, bütün şəhər külə dönərdi, elə düşmən də bunu bilib etmişdi. Ermənilər gəvəzələmişdi ki, Mingəçevir Su anbarını vuracaqlar. Ancaq bu müharibədə əhali, bunun belə qorxulu tərzdə olacağını, raketin dəhşətlə guruldayacağını düşünməmişdi. İndi insanlar özlərini cəbhədə təsəvvür edirdi. Budur, partlayıb dağılan yerə çoxlu təcili yardım maşınları, polislər gedir, onlar tez çatmaq üçün sürətlə, siqnal verə-verə sürürlər. Qəsəbəyə yaxın qalanlar piyada, yüyürə-yüyürə hadisə yerinə tələsirdi. Kimsə də naqqal kimi qışqırırdı ki, ora əldən gedib, hər yer dağılıb. əslində, çox yer deyil, bir məhlə dağılmışdı, məhlədəki ailə tamamilə yaralanmışdı.

Nəhayət, ara sakitləşdi binaları tərk edənlər etdi, etməyənlər öz doğma mənzilinə qayıtdı, heç nə baş verməmiş kimi yerlərinə uzandılar. Bəziləri öz talelərinin ümidinə qalaraq evini tərk etmədi, sadəcə, telefonu əlinə götürüb bütün əzizləri ilə soraqlaşdı. Bu raketlər qorxudan daha çox qəzəb yaratdı: bunun əvəzi çıxılmalıdır!

İqbal partlayış baş verəndə özü də bilmirdi, nə edirdi. Ani partlama onu da təşvişə salmışdı. Havadakı işartını da görüb artıq şirin canına qarşı soyumuşdu. “Əgər öldürəcəksə, harasa qaçanda təsadüf edib yenə başına düşəcək, ona görə soyuqqanlı olmaq lazımdır, həm də yaşıdlarım cəbhədə elə şeyin yüz dəfə şahididir” deyirdi. Anası ona paltarlı yatmağı məsləhət görəndə:

-Guya paltarda öldürməyəcək? – deyə etiraz elədi.

-Sən özün bil, mən paltarlı yatıram, meyidimizi götürəndə heç olmasa heç haramız görünməsin.

VIII

Cəbhədə əməliyyatlar davam edirdi, düşmən ordusu maddi və mənəvi cəhətdən tükənir, intiqamla üstünə yeriyən müsəlləh əsgərlərin qarşısında diz çökürdü. Cəbhədən aralı əraziləri atəşə tutan terroristlərin belini ölənlərin əzizləri qırırdı. Yenə də top guppultuları nağaraçının öz nağarısını aramla və bəzən lap tez-tez vurması kimi bütün yeri-göyü əsdirərək qalxıb düşmənin başına od ələyirdi. Bu, Mingəçevirdə aydınca eşidilirdi. İlk vaxtlar  top guppultusu gələndə bəziləri qorxurdu, artıq o hisslər arxada qaldı. İndi hamı buna maşın səsi kimi vərdiş edib, həm də elə möhkəm səs gələndə top atanın biz olduğumuzu bilirdi. Düşmənin atdığı top isə cəbhə yaxınlığında yaşayan əhalinin başına düşürdü, onlar da buna alışmışdılar. Əslində, onlar mingəçevirlilərin hər gün görmədiyi mərminin vıyıltısı, onun şappıltı ilə həyətə düşməsi, atışma səsləri  və s. ölüm əlaməti daşıyan şeylərə beşikdə ikən öyrəşmişdilər.

Hər bir ciddi əməliyyat mütləq insan tələfatına yol açır. Savaşda yaralananları çox yerdə hərbi xəstəxanalar dolmuş olduğundan ətraf şəhərlərin xəstəxanalarına yollayırdılar. Mingəçevirlilər xəstənin bütün təminatını hazırlayıb öz xəstəxanalarına gedir, onlardan nə istədiklərini soruşur və deyiləni göndərirdilər. Bunu hamı gücü çatan qədər edirdi. Tibbi ləvazimatlar, paltarlar və s. yüzlərlə adamın yığdığı vəsaitlə alınırdı. Təki hər şey əsgərin ürəyincə olsun, deyirdilər. Deyilənə görə, bir dəfə hansısa əsgərin ürəyi kotlet istəyib, qonşular yığışıb min dənə kotlet bişirib göndəribmiş. Çünki hər kəs o əsgərləri öz oğlu, atası, qardaşı kimi görür və dərk edir ki, onlar vətən uğrunda vuruşur. Azad edilmiş  kəndlərin sayı artdıqca, qələbəyə, qəti zəfərə inam da artırdı, insanlar şövqə gəlirdi, qəlblərdə qələbə eşqi duyulurdu; ürəklərdə zəfər hissi təmin edildiyindən mənəvi rahatlıq güclənmişdi, bircə şey qalırdı-o da maddi rahatlıq idi. Bunu da yenə ordumuz yarada bilərdi. Lakin onun maddi rahatlığını arxa cəbhədə dörd gözlə həsrət çəkənlər-onların əzizləri verə bilərdi. Birinci maddi rahatlıq torpaqların azad edilməsi idisə, ikinci-əsgərlərin hər şeylə təmin edilməsi idi. Bunu reallaşdırmaq üçün şəhər, ölkə qaynayırdı: bir qrup adam yolda durub əsgərləri daşıyan hərbi maşınların yoldan keçməsini gözləyir, onlar yaxınlaşdıqda saxlayır, əsgərləri öpüb bağırlarına basır, onlara hazır yemək-içmək, ya da ərzaq məhsulları verirdilər (bəzən maşın dayanmadıqda ərzaqları var qüvvələrilə maşının yük yerinə tolazlayırdılar, çox vaxt heç ora çatmırdı, yerə dağılırdı). Başqa bir qrup adam isə belə yardımları hansısa əsgərin yanına, cəbhə xəttinə gedən bir qohumu, yaxını vasitəsilə göndərirdi. Bundan əlavə, fərdi qaydada da yardımlar edilirdi. Bütün xalqın riqqətinə səbəb olan bir hadisə də baş vermişdi: ayağında sökülmüş ayaqqabı olan qoca bir kişi xəstə-xəstə Hərbi Fonda pul köçürməyə gəlmişdi. Bu onun təqaüdü idi, dərmanlarına da verə bilərdi, lakin əsgərlərə göndərmək istəyirdi. Bu hadisə ordumuzun uğurları ilə yanaşı xalqı daha da ruhlandırdı: demək, qələbə bizimdir!

Şəhidlər Xiyabanı təkcə qəbristanlıq deyil, ölən hər bir əsgərin xatirələrini, qəhrəmanlığını danışmaq, fikir bölüşmək üçün bir meydan idi. Müharibə vaxtı hamı ora toplaşdığına görə, hansı cəbhəyə ərzaq, hansına pal-paltar göndərməyi də çox vaxt burda qərarlaşdırırdılar.

-Onda, kimin gücü nəyə çatır, versin, -deyə yardım yığan oğlan hamıya baxıb axırda nəzərlərini İqbalın üzündə saxladı, (onlar həm də dost idilər).

-Onsuz da hamı gücü yetdiyi qədər edir, -İqbal sonra əlavə etdi, -sən heç nə demə, məcbur deyil, hələ karta da pul vuranlar olacaq. Eləməyənin də canı sağ olsun. Nə edək?!

-Olsun e, amma sonra elə danışırlar ki, gəl görəsən…Hələ dərmanlar da qalıb…

-Onu almadın?, -qıraqdan başqa biri dilləndi.

-Qardaş, elə danışırsan ki… asan deyil. Hələ pul çatmır. Yaxşı, indi kimdə nə varsa, versin, demişəm, gedək götürək.

IX

Səfərbərlik olan gündən orduda xidmət etməyə yollananların sayı artmışdı. Həm rəsmi çağırışla, həm də könüllü şəkildə əvvəlcə təlimlərə, sonra isə döyüşə gedirdilər. Zəfərə inam hamıda böyük ruh yüksəkliyi formalaşdırdığına görə Hərbi Komissarlığın qarşısında döyüşə getmək üçün yüzlərlə vətənpərvər yığılmışdı ki, adını qeydiyyata salsın. Hərbi Komissarlıq binasının önündə o gənclərin şən, gülərüz, sevincli, məsuliyyətli, yüksək coşqulu simalarını görmək mümkün idi, ümidləri orduya qatılıb müharibəni tezliklə, zəfərlə qurtarmaq, minlərlə şəhidin, günahsızın qisasını almaq, evə, ailəsinin, dostlarının yanına fəxrlə qayıtmaq idi. Qismən səfərbərlik olmasına baxmayaraq, orduya qoşulanlar və qoşulmaq istəyənlərin sayı tam səfərbərlikdə toplanılacaq adam sayından qat-qat çox imiş təəssüratını yaradırdı, hələ bir az da davam etsə, lap bütünlüklə xalqın hamısı silahlanıb düşmənə doğru yüyürər hissini gizlincə adamın qəlbində, hansısa dərinlikdə yaradırdı. Hələ eləsini də tapmaq olardı ki, döyüşün ağırlığını tam idrak etməsə də, dostlarının orduya çağırılmasından, düşmənin belə tezliklə məğlubiyyətə uğramasından təsirlənib digərləri kimi müharibəyə can atırdı. Savaş cəhənnəmini görməyənlər sülh cənnətindən ona can atırdı, lakin əvvəlki Qarabağ müharibəsini yaşayan hərbçilər də, hələ barıt qoxusu iyləməmiş, tüstüdən gözləri yaşarmamış, qəlpədən tikə-tikə doğranan cəsədə baxmamış vətənsevərlər qədər, hətta onlardan daha çox döyüş istəyir, intiqam tələb edirdi. Həmçinin onlar işğalsız, xoş səadət, rifah içində yaşamaq istəyirdi, bununçün isə müharibənin tez qurtarması lazım idi — əslində onların ümidi də bu idi, yalnız döyüşlər bitdikdə rifah içində yaşaya biləcəklərini düşünürdülər.

Havanın qaralmasına baxmayaraq, hələ də Mingəçevir Hərbi Komissarlığının ətrafında yüzlərlə insan var idi. İdarənin qarşısındakı yolda cəbhəyə yola düşəcək onlarla iri sərnişin maşını ard-arda düzülmüşdü; hərəsi sərnişin doldurma növbəsində gözlədikləri kimi çağırışçıların, könüllülərin adbaad adlarının çəkilməsindən sonra maşına oturmalarını, daha sonra maşın dolduqda yola düşmələrini səbirsizliklə gözləyirdi. Budur, bir maşın yola düşdü, həmin an alqış səsləri ətrafı bürüdü, bu, cəbhəyə gedənləri fərəhləndirmək üçün idi. Elə onun ardınca bayraqlı bir neçə maşın da siqnal verə-verə getdi, onlar da dolu maşını şəhərin sonunadək müşayiət edəcəkdi. Budur, ikinci maşın da öz növbəsinə keçdi. Səsi xırıldayan, batmaq üzrə olan, amma kiriməyən bir kişi idarənin pilləkənlərində, ən üst pillədə durub nəsə nitq söyləyirdi. Deyəsən o, səhərdən danışdığı üçün yorulmuşdu, səsi gah tutulur, gah da zilə qalxırdı, yüksək pafosla “Siz bizim Qarabağımızı azad edəcəksiniz” kimi cümlələr qurub danışırdı, aşağıda da kimsə ona dəstək verirdi. Əsas nitqini bitirdikdə, cəbhəyə gedən oğlanların adını çağırır, adını eşidən ona yaxınlaşırdı, o da əl verib görüşür, sonra nəsə eşidilməz şeylər söyləyirdi. Burda adını eşitməyənlər də oldu, o zaman həmin ad təkrar-təkrar çəkilir, gəlmədikdə başqasının adını çağırırdılar; insanlar öz aralarında o adı çağırır, nəhayət həmin adam eşidib gəlirdi. Səsin aydın eşidilməməsinin bir səbəbi də hamının səsinin bir-birinə qarışması idi: bəziləri yola saldığı oğlu, qardaşı, dostu ilə danışır, ağlaşır, bəziləri də öz aralarında nəsə bərkdən mübahisə edirdi — çox güman ki, nədənsə narazı idilər. Maşına əyləşənləri əzizləri bərk-bərk qucaqlayır, üz-gözünü öpüşlərə qərq edir, bəxtlərinin onları tərk etdiyindən şikayətlənib hönkür-hönkür ağlayırdı; ana ağlayıb hönkürtü qopardıqda oğul anaya dalaşır, darıxmamasını, tezliklə qələbə ilə geri dönəcəyini söyləyirdi. Bu səhnəyə tamaşa edənləri qəhər boğur, onlar özlərini saxlaya bilməyib ağlayır, ürəklərində o ailəyə acıyır, Allahdan onlara səbr diləyirdilər. Cəbhəyə gedənlərə su, yemək, siqaret, pul təklif edir, hərdən pəncərədən içəri ötürürdülər. Maşının düz qabağında ata ilə oğul mübahisə edir, ana ilə arvad isə yalvarışırdı; atasıyla mübahisə edən oğlanın yanında özünün yanında üç balaca uşaq vardı.

-Ata, nə olar, qoy gedim mən də, —oğul atasına hədsiz kədərli səslə yalvarırdı.

-Olmaz, mənim ürəyimi xəstə salma, onsuz da xəstədir, anan da yataqdan durub gəlib, —Ata qəti etiraz edir, yanındakılara baxıb ağlamsınır, elə bil kimdənsə kömək istəyirdi, —Görürsünüz, ay millət, yanında özünün üç yetimçəsi var, getmək istəyir, könüllü yazılmaq istəyir. Biz də basa-basa durub gəlmişik, mən də ölürəm, bunlar (uşaqları göstərdi) yetim qalsalar, kim baxacaq?, —Kişi birdən sərtləşib qışqırdı, -Gəl, gedirik, qoymaram e, dədəm də xortlasa, qoymaram canın haqqı!

-Yox, getməyəcəm. Mən uşaq deyiləm. Təkcə mənim balalarım var? O ölənlərin qundaqda körpələri qaldı.

Onların mübahisələri artdıqca uşaqlar da anasına, nənəsinə baxıb ağlaşırdılar. Bayaqdan söhbətə tamaşa edən ortaboylu, kök, saqqallı oğlan dözməyib dilləndi:

-Vallah var ha, indicə bu idarədə dalaşmışam. İnanmırsınız, bunlardan soruşun -deyib bir az kənarda ayaqüstə durub söhbətləşənləri göstərdi, —məni aparmırlar, könüllü yazılmışam, qıçım boyda uşaqları aparırlar. İndi maşına baxın da, səhərdən baxıram, içindəkilər hamısı uşaq-muşaqdır.

Maşının qapısı möhkəm çırpılıb siqnal verildikdə camaatın fikri ora yönəldi. Bu siqnal insanlara yolu boşaltmağı əmr edirdi. Yolu tutanlar kənara çəkilib  alqışlamağa başladılar, bir dəqiqəlik alqışlardan səslər eşidilməz oldu; alqışla bərabər fit səsləri də gəlirdi. Hay-küy azca səngiyəndə az qala iməkləyən maşında bir nəfər bədəninin yarısını pəncərədən çölə çıxarıb qışqırdı:

-Ana, narahat olma, nişanlımı tək qoyma! Ağlamayın! Eşitmədiniz siz? Ağlamayın!

Bu səhnə müharibənin əsl mahiyyətinin zəfər bayramında deyil, ailənin öz övladından acı kədərlə bir müddət və ya əbədiyyən ayrılmasında olduğunu göstərir. Hər bir şəhid ailəsinə əvvəlcə belə vəd verir, sonra da onu göz yaşlarına qərq edib qara geyindirərək özü bu məkanı əbədi tərk edir və qıraqdan alqış yağdıranlar da işlərini bununla bitmiş hesab edir.

X

Cəbhədə amansız döyüşlər davam edəndə ordumuza maddi, mənəvi yardımlar da aramsız davam etdirilirdi; bu dəstəklərin müharibənin son gününədək arası kəsilmədi: kimisi şeir yazır, mahnı qoşur, kimisi də çəkilişlər aparırdı. Müharibə zamanı ən çox baxılan Müdafiə Nazirliyinin paylaşdığı vurulan düşmən texnikalarının görüntüsü və prezidentin çıxışları idi. Xalq bu xəbərləri səbirsizliklə gözləyir, elə bil bir az gecikəndə zəfər qayğısı yaşayırdı: “Yoxsa, daha irəliləmirik, yenəmi dayandıq?” Sanki onlar da bu səsi eşidib dərhal hansısa yerin azad olunmasını elan edirdilər. Sosial şəbəkə işlədənlər həyatdakı kimi döyüşlər haqda mübahisələr edir, hətta bəzi məqamlarla bağlı sözləri çəp gəldikdə bir-birinə pis-pis söyüşlər söyürdülər. Əsgərlərlə bağlı görüntülər cəbhə bölgəsindən olduqda düşmən əlinə keçməmək üçün onu şikayət edirlər-xalq bu nöqtədə də həssas davranırdı. Ən çox söyüşə, təhqirə məruz qalanlar ermənilərdən sonra qan tökülməsini istəməyən, döyüşləri dayandırmağı tələb edənlər idi; onlara hər addımda ən ağır söyüşlər yağdırılır; xarici düşmən kimi ermənilər, daxili düşmən kimi isə onlar görülürdü. Böyük şəhərlərin bombalanması insanlarda müharibəyə, intiqama meyl yaradır, ən dəhşətli şəkildə insanlarda qisasalma hissi oyadırdı. “Mən olsaydım, onlara ən əzablı ölüm verərdim” — lakin bunu deyənlərin ürəyi əsla imkan verməzdi ki, vəhşiliyə əl atsın, halbuki onlar canilər haqda söyləyirdilər; bəzən hətta qəddar qəlbli olmadıqları üçün özlərini danlayırdılar. Bəli, bunu əksər azərbaycanlıların ağzından eşitmək mümkün idi: “Biz düşmənin tayı olası deyilik və heç vaxt da olmarıq”, ancaq qəzəbdən indi bu fikir dəyişmişdi. Ah! Müharibə yumşaq, saf qəlbləri necə də daşlaşdırır…

-Heç sən nə dediyinin fərqinə varırsan?, -deyə qız dostu İqbalı məzəmmət edirdi, —müharibəni necə dəstəkləyirsən? Adam öldürməyə əlin gələr?

-Hə, niyə gəlmir? Özü də onlar adam deyil, canidir, onda niyə öldürülməsinlər? Həm də biz müharibəni ona görə aparırıq ki, daha şəhid gəlməsin. Nədənsə, müharibəni, döyüşü sevdim. Dostlarım da ordadır, hamısı xoşbəxtdir.

-Bu, çərənçilikdən başqa bir şey deyil. Sən əvvəl belə deyildin, indi özün kimi danış. Lənət olsun, balaca qardaşım evdə özünə gizlənməyə yer düzəldir ki, ermənilər atanda qaçıb orda gizlənsin, hələ o gün atılanda mənə dedi: “Gəl bura!” Balaca uşağı bu vəziyyətə salan dünyaya nə deyim?! Bunun əvəzində sülhpərəstləri təhqir də edirsən. Mütərəqqi düşüncələrin hamısı yerin dibindədir!

-Özüm kimi danışım?- İqbal ağır-ağır köksünü ötürdü, —Yaxşı, olsun. Müharibə zəngli saatdır, hər dəfə bizi oyatmaq üçün silahlarla səs edir.

-Lənət olsun, o saat çox can alır!, -deyə həmsöhbəti qorxa-qorxa qışqırdı, —Başa düşmürsən?

İqbal istehzayla gülümsəyib; —Narahat olma, qadası, —dedi, —elə bu saat da can alır; bir fərqi var ki, bu saatın aldığı canları əcəl kimi qiymətləndiririk, onu isə faciə.

Qız ağzını açıb diqqətlə onu dinləyirdi, onun son dediklərinə hədsiz təəccübləndi, dili dolaşa-dolaşa: —Ah! Bir ayda necə dəyişmisən!, —deyib əlini alnına vurdu, —Hələ bir ayda manyak fəlsəfəsi yaratmısan, heyif! Amma səndən tərəqqipərvər fəlsəfə gözləyirdik. Nə isə….

İqbal daha hər gün günlük yazmırdı, lakin bu gün necə oldusa, gecə vaxtı yazmağa başladı: “Bu gün döyüş gedərkən müharibə əleyhinə təbliğat aparanlara qarşı çıxdığım üçün məni tənqid etdilər. Eybi yoxdur, cırnamaq fikrində deyiləm, yaxın adam dediyi üçün əsla xətrimə dəymir. Amma bu gün ən pis söyüşlərlə yenə sülhpərəstliyə qarşı gəldim. Artıq sülhə nifrət edirəm! Təxminən, 8 saat əvvəl 7 yaşlı qız canilərin atdığı bombadan tik-parça oldu və Bərdədə bunun kimi neçə can getdi. Gəncədə insani atəşkəsə inanıb rahat yatmağa çalışan bir valideynin əl boyda körpəsi yetim qalırsa, o körpə anasının ölümü ilə barışmayıb hönkür-hönkür ağlayırsa, şəhərimizə, Bərdəyə, Gəncəyə, Tərtərə və başqa yerlərə bomba atıb azərbaycanlı öldürdüklərinə sevinən canilər hələ də yaşayırsa, biz sülh istəməməliyik. Sülh zəiflərin güclülərə ölməməkçün qışqırıb bağırmaqları, qorxaqcasına yalvarışıdır. Üç dəfə “insani” atəşkəsdən sonra 7 yaşlı uşağın bağırsaqları yerə tökülürsə, demək, sülh də mümkünsüzdür. Qoy savaş əsl cəhənnəmiylə ruhumuzu oyatsın, qəzəblə qaynatsın! Ulu Atilla bizi döyüşə səsləyirdi, getmədik. İndi tam vaxtıdır, getməliyik. Biz düşmən qanına susamalıyıq! Bu günədək 29 şəhid dəfn etdik, hələ müharibənin nə vaxt bitəcəyini də bilmirik.

Ən dəhşətli səs qəbir qazılarkən gəlir. Ah, o ağacları qırıb çıxarıb necə tələsik məzar düzəldirlər!…Bəlkə də eşitsəydilər, ora heç vaxt girməzdilər!

Onlar qisas üçün ölürlər…

27 oktyabr 2020, saat 23:30”

O, günlüyünü necə bitirdiyini bilmədiyindən səhər yenə baxdı: sonu natamamdır —onu davam etdirə bilməz, çünki tarix qoymuşdu, tarix də ona möhür kimi görünürdü. Bu dəqiqə çay içə-içə onu nəsə bir şey maraqlandırırdı; anasının dalğın gözlərinə baxıb soruşdu:

  • O danışırdın e, süpürgəçi arvadı… axırı necə oldu?
  • Heç nə… Heç mən neçə vaxtdır binanın qabağında görmürəm, — o, bunu deyərkən özü də bilmədən qəhərləndi, gözünün yaşını silib stuldan qalxdı.

Xl

Mingəçevirdə havanın hələ də sərtləşməməsi, arabir gün çıxması, payız yağışlarının çox az yağması insanlarda möcüzə təəssüratı yaratmışdı. Hamı öz-özlüyündə elə düşünürdü ki, havanın çox soyuq olmaması ordumuzun rahat əməliyyat aparması, keçilməz yerlərdə, qayalarda, fətedilməz zirvələrdə irəliləməsi üçün Tanrının böyük möcüzəsi, əsl mərhəmətidir; Tanrı qarı ona görə yağdırmayıbmış ki fədailər buzlu səngərlərdən isti düşmən sığınacaqlarına üşüyə-üşüyə deyil, daha canlı, şıq qamətli bədənlə hücuma keçə bilsin. Şəhərdə bundan ağızdolusu danışırlar, bunun üçün Tanrıya şükür edirdilər; hələ bəzən fədailərin öz qanı bahasına qazandığı uğurları təbiətin mərhəmətinə yazırdılar, bəzən də Kür çayının insan sümüklərini necə sızıldatdığını dilə gətirib qarlı dağlarda əsgərlərin çətinliklə əməliyyat aparmasını müqayisə edirdilər: hava soyusa, itkilərimiz çox olacaq.

Müharibənin sonu yaxınlaşırdı, amma heç kəs belə tezliklə bitəcəyini ağlına gətirmirdi; çox adam nəinki qurtaracağına, hətta uzun illər çəkəcəyinə inanıb təəssüflənirdi. Müharibə tələb edənlər bir anda illərin döyüşündə gedəcək canları düşünərək təəssüflənir, tez bitməsini, ya da heç müharibənın olmamış olmasını arzulayırdı. Mingəçevir bombalanarkən kütləvi ölüm qorxusunun nə olduğu dərk edilirdi, lakin eyni zamanda kütləvi qətliama cəhd göstərən canilərin cəzalandırılması üçün savaş labüd sayılırdı—bax budur, budur yüz minlik əhalinin seçə bilmədiyi dilemma: müharibə dəstəklənsə də, dəstəklənməsə də, insan ölümü, faciəsi yenə də var. Bu xalq, bu şəhərlilər o çirkaba atılmışdı. Bəs günahkar kimdir?

Hər dəfə bir ərazinin xalqa elan edilməsi onun ruhunu coşdurub daşdırırdı, amma bunlar heç də Şuşanın işğaldan qurtarılması qədər olmadı. Şuşa sevincini hər bir insan səmimi qəlbi ilə yaşadı. Bu gün, 8 noyabrda Şuşa xəbəri aydın havada elan edilmişdi və parlaq günəş kimi ürəklərin dərinliyini qaynatmış, işıqlandırmışdı. Oranı görməmiş və bəlkə də, həyatı boyu maddi imkansızlıq ucbatından görə bilməyəcəyi yerin qurtarılmasına sevinirdi, göz yaşlarında boğulurdu, sevincdən qəhərlənirdi. Oranın dəyərinə müqəddəs dəyər qatan isə məzlumların övladlarının qanı ilə suvarılmasıdır. Müharibə bitəndən sonra da o şəhərin azad olunması haqda əfsanələr danışılır. Doğrudur, döyüşdən sonra hər kəs öz ağır həyatına qayıtsa da, keçmişlə bağlı söhbətlər davam etməkdədir.

(Şuşa xəbərini eşidənlər bütün ölkədə olduğu kimi Mingəçevirdə də küçələrə tökülüşdü; hamı bir-birini təbrik edir, xəbəri başqalarına yayır, yürüşə çağırırdı. Bayraqlı maşınlar siqnal verə-verə, sevinə-sevinə şəhərin bir başından o biri başına gedib gəlirdi. Hamı elə zənn edirdi ki, müharibə tamamilə qurtarıb, amma heç nə bitməmişdi, heç kəs də düşünmürdü ki, iki gündən sonra döyüş dayandırılacaq. “Əgər sıldırım qayalı Şuşa fəth edilibsə, demək, hər şey bizimdir”—bu sözlər bütün sadə azərbaycanlıların ağlından bircə dəfə də olsun keçmişdi. Şuşa xəbərinə hamı həqiqi xoşbəxtliyi kimi yanaşdı: “Bəli, bu əsl səadətdir”.

Xll

Noyabrın 9-da gecə vərdiş edilən qeyri-müəyyən gecələrdən biri idi: kimisi əşyalarını yanına qoyub hazırlıqlı yatır, kimisi də gecənin yarılanmasını gözləyirdi ki, yatağa elə girsin. Hamı hər an bomba təhlükəsi yaşayır, gizlincə özünü ona qarşı hazırlayırdı; elə düşünürdü ki, dünən atılmayıbsa, bu gün mütləq atılacaq və özünə, öz ailəsinə təsadüf edəcək. Lakin bununla yanaşı hər kəs nəsə anlaşılmaz sevincli xəbər duyur, onu sevinclə qarşılamaq istəyirdi, bunun nə olduğunu özlərinə izah edə bilmirdilər. Az müddətdən sonra şadlanacaqlarından zərrə də məlumatlı deyildilər.

Gecə saat 12-dən sonra hamıda xüsusi hiss yarandı; hələ də oyaq olanlar televiziyada qəfil yayımlanmış prezidentin çıxışını gördülər, daha doğrusu müharibəni yekunlaşdırmaqla bağlı bəyanatın imzalanmasını izlədilər. Heç kəs ağlına gətirməzdi ki, belə bir zamanda döyüşlərin dayandırılmasını eşidər. Amma bu elan əksəriyyətin ürəyincə oldu; hər ürək bunu deyirdi: “Nəhayət, qan tökülməsi qurtardı, övladlarımız sağ-salamat evinə dönəcək”. Şəhər bu elandan sonra bütünlüklə qaynayıb daşdı: “Artıq zəfər çaldıq”.

Bayraqlı-bayraqsız maşınlar karvana düzülüb vətənpərvər mahnılar oxuda-oxuda yürüşə çıxdı, hətta maşını olmayanlar taksiyə əyləşib karvana qoşulmağı xahiş etdi. Bu vaxtı göydə ay parlamırdı, lakin maşınların fənərləri yeri ay kimi şəfəqə bürümüşdü. Şəhərdə əvvəlki ab-hava yox olmuşdu, daha bu gecə heç kəs raket hücumundan qorxmur, qələbənin ləzzətini çıxarırdı.

Sabah isə gecəkindən betər oldu, əslində, gecə keçən şənlik səhər lap gurultulu keçirildi. Şəhərin mərkəzində nağara çalan, mahnı oxudan, maşını sürətlə sürüb siqnal verən, fitə basan, musiqiyə oynayan, qıraqda durub oynayanlara əl çalan—bunlar hamısı bir-birinə qarışmışdı; insanların ruhundan əylənmək keçirdi, ona görə şadlanmaq üçün əlindən gələni edirdi, həm də onlar səkkiz ay karantində şənliksiz qalmışdılar—bunun da əvəzini çıxmalı idilər. Dünən ağlaya-ağlaya şəhidini dəfn edənlər bu gün gülə-gülə şənliyə gedirdi. Həmin gün həmçinin karantin qaydaları unuduldu: ara məsafəsi yaddan çıxdı,  maska taxmaq heç yada düşmədi də. Çox şey unudulsa da, şəhidlər xiyabanını ziyarət etmək unudulmadı, ora axın-axın insanla doldu. Hələ yaş məzarların ziyarətindən sonra gözlərinin nəmi qurumamış şəhid ailələrinə baş çəkildi.

Günortadan sonra vur çatlasın yenidən başladı, elə bil hamı naharda yaxşıca yedikdən sonra qızışmışdı. İndi şıdırğı oynayanlar ortada, əl çalanlar dövrədə idi. İqbal lap aralıda durub dalğın-dalğın baxırdı. Onun üçün sevinməyin mənası yox idi. Müharibə vaxtı aşılanmış hiss onu rahat buraxmırdı. O, savaşa qıraqdan aludə olmuşdu, indi isə savaşın dayandığını eşitmişdi. O, öz-özünə qəmgin-qəmgin deyirdi: “Bunu yarımçıq saxladıq, bəs yenə başlasa necə olacaq? O zavallılar nəyə sevinirlər? Torpaqların qayıtmasınamı, yoxsa qırğının bitməsinəmi? Amma bayaqdan fikir verirəm: hamı döyüşlərin bitməsindən danışırlar. Ah, insan ölümü! Bəli, ölümdən, ölümün sona çatmasından. Onlar şən yaşayacaqları, səadətə qovuşacaqları üçün sevinirlər, ümid edirlər ki, müharibədən sonra əvvəlki günlərindən qurtulub rifaha çatacaqlar. Amma mən inanmıram,— o, əlini cibinə salıb eşələdi,—Siqaret də yoxa çıxdı, yəqin yolda düşüb. Əşi, cəhənnəm olsun, taparam. Həm də biz nə üçün yürüş edib bərkdən qışqırırıq. Elə müharibə vaxtı da edirdik. Məncə, düşmənə nifrətdən başqa daxilimizdə özümüzə qarşı qəzəb də var. Hansısa unudulmuş mübarizəmiz də bizi yürüşdə çığırdırdı. Ürəyimiz səssiz qalmış çığırtılarla doludur. Nə isə, mən evə gedim…”

Şamil HƏSƏNOV,

25 iyul 2021

                                                                                                    

[1] Лопатка (rus) – (anatomiya) insanın bel, kürək hissəsi. Burda bel aləti kimi işlədilir.

Şərhlər bağlıdır.