Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir şəhərinin bir qrup rəsmi nümayəndəsi Özbəkistanın Namanqan şəhərinə səfər ediblər

Özbəkistanın Namanqan şəhərinin Zəhirəddin Məhəmməd Babur adına parkında “Namangan Flowers-2024” 63-cü beynəlxalq gül festivalı keçirilir.

20.06.2024 tarixində açılış mərasimi keçirilən bayramda Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov, Azərbaycan, Niderland, Türkiyə, Rusiya, Qırğızıstan, Tacikistan, Türkmənistan, Cənubi Koreya və digər ölkələrdən gələn mədəniyyət rəhbərləri, incəsənət nümayəndələri, professional gülçülər, landşaft dizaynerləri, tanınmış şəxsiyyətlər iştirak edirlər.

Hər il ənənəvi olaraq keçirilən gül festivalında Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının müavini Hikmət Kərimov,  şəhər Bələdiyyəsinin sədr müavini Əli Əliyev, Mingəçevir Toxuculuq fabrikinin direktoru Əli Əsədov, Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltan iştirak edir.

Mingəçevir Dövlət Dram Teatrının əlaqələrinin genişləndirilməsi, qastrol səfərlər üçün qarşılıqlı, faydalı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində İntiqam Soltan, Namanqan şəhərində fəaliyyət göstərən Mədəniyyət Evi, Namanqan Dövlət Dram Teatrı, Kukla Teatrının rəhbər heyəti ilə görüş keçirib. Mingəçevir Dövlət Dram Teatrı ilə əməkdaşlıqda maraqlı olan Özbəkistan nümayəndəliyi ilə bir çox prioritet məsələlər müzakirə edilib.

Festival güllərlə bəzədilən 200-dən artıq müxtəlif markalı minik maşınının, retro avtomobillərin, motosikletlərin və kənd təsərrüfatı texnikasının paradı ilə açılıb, maşınlar şəhərin mərkəzi küçələrindən keçib. Nəqliyyat vasitələrinin bəzədilməsinə 30 milyona yaxın müxtəlif gül işlədilib.

Özbəkistanda fəaliyyət göstərən 24 tikinti fabrikinin 15-dən çoxu məhz Namanqan şəhərində yerləşir. Mingəçevir Toxuculuq fabrikinin direktoru Əli Əsədov bu fabriklərin bir çoxuna səfər edib, fabriklərin fəaliyyəti, avadanlıqlarla yerində tanış olmuş, Mingəçevir şəhəri ilə Namanqan şəhərinin mədəni iqtisadi inkişafına yüksək töhfə verən bu fabriklərin birgə inkişafının artırılması istiqamətində müzakirələr aparmışdır.

Özbəkistanın Daşkənddən sonra ikinci ən çox əhalisi olan  Namanqan şəhərində keçirilən festival maşınlarının paradını, şəhər sakinləri və qonaqlar alqışlarla qarşılayıblar. Bildirilib ki, gül bayramında 3 milyon turistin iştirak edəcəyi gözlənilir. Tədbir iyunun 4-dək davam edəcək.

Şərhlər bağlıdır.