2024-cü il sentyabrın 13-də Mingəçevir Dövlət Universitetinə (MDU) yeni qəbul olmuş tələbə və magistrantlar üçün ənənəvi “Oriyentasiya Günü” keçirilib. Tədbirin əsas məqsədi tələbələri universitet həyatı ilə yaxından tanış etmək, akademik proseslər barədə məlumat vermək və onlara ilk addımlarında dəstək olmaqdır.
Tədbirin açılış mərasimində MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov çıxış edərək, MDU ailəsinə yeni qatılan tələbələri təbrik edib və onlara uğurlar arzulayıb. Professor, universitetin təhsil keyfiyyətindən, elmi və texnoloji yeniliklərindən, həmçinin tələbələrin sosial inkişafı üçün yaradılmış imkanlardan bəhs edib.
Tədbir çərçivəsində universitetin fakültələri və müxtəlif struktur bölmələrinin nümayəndələri tələbələrə universitetin daxili qaydaları, tədris sistemi, kitabxana xidmətləri və digər akademik dəstək strukturları haqqında geniş məlumat veriblər. İştirakçılara tələbə-müəllim münasibətləri, qiymətləndirmə meyarları ilə bağlı təlimatlar da təqdim edilib.
Həmçinin, yeni qəbul olmuş tələbələr üçün yaradılan imkanlar, mütəmadi olaraq təşkil edilən təlim, seminar və digər tədbirlər, sosial fəaliyyətlər və tələbə klubları haqqında danışılıb, onlara bu sahələrdə necə iştirak edə biləcəkləri barədə ətraflı məlumat verilib. Bunun tələbələrin yalnız tədrisdə deyil, həm də sosial və şəxsi inkişaflarına töhfə verəcək təcrübələr əldə etməsi üçün vacib olduğu bildirilib.
Sonra, könüllü tələbələrin təşkilatçılığı ilə yeni qəbulolananlar komandalara bölünərək, universitet həyatı ilə bağlı simulyasiya oyununda iştirak ediblər. Universitetin strukturu, akademik qaydaları, kitabxana və digər resurslardan istifadə yollarını əyləncəli formada öyrətmək üçün nəzərdə tutulmuş oyun vasitəsilə tələbələr praktiki məlumat alaraq MDU-nun müxtəlif bölmələri ilə tanış olublar. Eyni zamanda, canlı musiqi ilə tələbələrin daha da sosiallaşmasına və atmosferin pozitiv şəkildə davam etməsinə şərait yaradılıb.
Tədbirin sonunda tələbələr universitetin hər iki tədris binası ilə yaxından tanış olublar. Hər fakültəyə aid nümayəndələr tələbələri tədris korpusları, laboratoriyalar, kitabxanalar və idman mərkəzləri ilə tanış edib, onları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, yeni tələbələr üçün universitet həyatına ilk addımı atmaqda əhəmiyyətli bir tədbir olan “Oriyentasiya Günü” tələbələrin gələcəkdəki akademik uğurlarına mühüm töhfə verəcəkdir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.