Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Media Mingəçevirin həyatını necə işıqlandırır?

202

İyulun 22-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov yerli KİV-də fəaliyyət göstərən əməkdaşları qəbul edib. Jurnalistləri peşə bayramı münasibətilə təbrik edən başçı Azərbaycan mətbuatının keçdiyi 139 illik şərəfli yoldan danışıb. Bildirib ki, dövlət jurnalistlərə həmişə xüsusi qayğı göstərib: “Xahişim odur ki, media şəhərimizdə gedən işləri daha operativ və daha geniş işıqlandırsın”.
Media təmsilçiləri mətbuata göstərilən diqqət və qayğıdan bəhs edərək, yerli mətbu orqanların problemlərini və şəhərdə abadlıq-quruculuq işləri zamanı bəzi xoşagəlməz hallara yol verildiyini diqqətə çatdırıblar.
“22 iyul təkcə mətbuat işçilərinin yox, hamının bayramıdır. Çünki hər kəsin işi mətbuatdan keçir.”-deyən “Mingəçevir İşıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev bildirib ki, elektron hökumətin yarandığı bir zamanda İH-nin normal fəaliyyət göstərməyən saytının olması yaxşı hal deyil.
Mingəçevir Bələdiyyəsinin üzvü, həm də sərbəst jurnalist kimi fəaliyyət göstərən Zahid Qasımlı isə qeyd edib ki, jurnalistlər gələcək nəsil üçün bugünün tarixini yazır: “50-60 il sonra Mingəçevirin tarixini öyrənmək istəyən arxivdən sizin əlinizdən çıxan yazıları oxuyacaq. Bilirsiniz, ilk təəssürat çox önəmlidir. Prinsipimiz bir olmalıdır: dövlətçiliyə sadiq qalmaq. Ona görə də tənqidi də yazanda qərəzli yox, səhvi düzəltmək üçün yazmaq lazımdır”.
MTV-nin nümayəndəsi Ehtiram Muradlı jurnalistləri təbrik etməklə yanaşı, bir sıra təkliflər irəli sürüb: “Şəhərimizdə futbola diqqət zəifdir. Turizm şəhəri olan Mingəçevirə sərnişin qatarı gəlmir”.
Sonda milli mətbuatın inkişafında xidmətlərinə görə Mingəçevir TV-nin prezidenti Vahid Məmmədov, “Zaman Azərbaycan” qəzetinin bölgə müxbiri Esmira Hidayətova, “Mingəçevir İşıqları” qəzetinin şöbə müdiri Yeganə Nəbiyeva, “Mingəçevir” qəzetinin müxbiri İlahə İsmayılova, Aztv-nin operatoru Şahmurad Məmmədov İH-nin fəxri fərmanı ilə təltif olunublar.

Aytən Kosayeva

Şərhlər bağlıdır.