Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da elmi-praktik seminar keçirilib

22 noyabr 2024-cü ildə Mingəçevir Dövlət Universiteti (MDU) və Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ailə ənənələrinin möhkəmləndirilməsi, sağlamlığın qorunması, sağlam qidalanmanın təbliği, erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri və insan alverinə qarşı mübarizə istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsi” mövzusunda elmi-praktik seminar keçirilib. Tədbirdə MDU-nun akademik heyət üzvləri və tələbələr iştirak edib.

MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev açılış nitqi ilə çıxış edərək, ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıb. Qeyd edib ki, hər il minlərlə insan, əsasən, qadın və uşaqlar istismar və ya başqa məqsədlərlə insan alverinin qurbanı olurlar. Ona görə də bu istiqamətdə görülən işlərin miqyasını artırmaq, insan alverinin potensial qurbanları arasında maarifləndirmə və təbliğat işini təşkil etmək, onların insan alveri qurbanlarını gözləyən təhlükələr barədə məlumatlandırmaq, həmçinin buna məruz qalan şəxslərin dövlət tərəfindən təmin edilən müdafiə tədbirlərinin, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə biliklərin çatdırılması zəruridir. V.Mustafayev MDU-da mütəmadi olaraq bu yönümdə keçirilən tədbirlərin müsbət təsirlərini də qeyd edib və insan həyatının xilas olunmasının önəmini vurğulayaraq vətəndaş cəmiyyətini daha fəal olmağa səsləyib.

Sonra proqrama uyğun olaraq çıxışlar dinlənilib. MDU-nin müəllimi Nərgiz Niftəliyeva “Ailə ənənələrinin anlayışı və ailənin möhkəmləndirilməsinin psixoloji yolları”, MDU-nun hüquqşünası Polad Atayev  “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri”, Mingəçevir şəhər polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Elvin İbrahimov “İnsan alverinə qarşı mübarizə istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsi”, MDU-nun Fizika və ekologiya kafedrasınım baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Vüsalə Mustafayeva “İnsanların sağlamlığın qorunması, sağlam qidalanmanın təbliği”, Mingəçevir ŞİH-nin ictimai siyası və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbirə Yusifli “Uşaq və yeniyetmələr arasında intihar hallarının, məişət zorakığı hallarının  qarşısının alınması, onların asudə  vaxtlarının səmərəli təşkili istiqamətində  tədbirlərin görülməsi” adlı mövzularda məruzələr söyləyiblər. Daha sonra mövzuya uyğun olaraq videoçarx nümayiş etdirilib. Çıxışlar dinləyicilər tərəfindən maraqla qarşılanıb. Tədbir müzakirələrlə davam edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.