Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da “Elm günü” münasibətilə Pedaqoji fakültədə TEC-in VI elmi konfransı keçirilib

203

Mingəçevir Dövlət Universiteti Pedaqoji fakültədə Tələbə Elmi Cəmiyyətinin “Elm günü”nə həsr olunmuş VI elmi konfransı keçirilib.

Konfransı giriş sözü ilə fakültə dekanı, t.f.d., dosent Nizami Zeynalov açıb. Qeyd edib ki, yeni dünya nizamında elmi-informativ biliklәr inkişafın mühüm katalizatoruna, innovativ yeniliklәrin başlıca tәminatına çevrilmişdir. Elmtutumlu informasiyanın yaradılması, әldә edilmәsi, tәtbiqi sosial-iqtisadi inkişafın, qlobal rәqabәtin, әn başlıcası isә demokratiklәşmә prosesinin mühüm amillәridir.

N.Zeynalov bildirib ki, elmin inkişafı Azərbaycanın ümumi inkişafının əsas prioritetlərindən, milli-strateji hədəflərindən biridir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu ildə imzaladığı Sərəncam ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə görülmüş işlər bütövlükdə Azərbaycan elminin inkişafına böyük təkan vermişdir. Dövlət başçısının 2016-cı il tarixli Fərmanına əsasən, Azərbaycan elminin tarixində ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir.

Nizami Zeynalov bildirib ki, Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 9 aprel 2018-ci il tarixdə cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq hər il martın 27-si Azərbaycan Respublikasında “Elm günü” kimi qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Bu da öz növbəsində ölkə başçısının elmə olan  davamlı diqqət və qayğısının daha bir bariz nümunəsidir. “Elm günü”nün təsis edilməsiylə bağlı verilən Sərəncam elmimizin, ümumən respublikamızın inkişafı naminə alimlər qarşısında qoyulan yeni bir öhdəlikdir.

Sonra məruzələr dinlənilib. Pedaqoji fakültənin T18 saylı qrup tələbəsi Xədicə Elxan qızı Abdullayeva “Erkən orta əsrlərdə Azərbaycanda multimədəni fikrin təkamülü və inkişafı” (elmi rəhbər dosent Esmira Cəfərova), Rİ17 saylı qrup tələbəsi Nuranə Fizuli qızı İbrahimova “İnsen bərabərsizliyi və onun həndəsi çalışmalara tətbiqi” (elmi rəhbər baş müəllim Vaqif Şahismayıl oğlu Abdullayev), XD17 saylı qrup tələbəsi Rauf Gülağa oğlu Nəsibov “Xarici dilin tədrisində motivasiyanın rolu” (elmi rəhbər Xəyalə Rəmyəddin qızı Abdullayeva), MT17.1 saylı qrup tələbəsi Leyla Səbuhi qızı Allahverdiyeva “Tərbiyə işinin təşkili və planlaşdırılması” (elmi rəhbər baş müəllim Səbinə Mürsəl qızı Quliyeva), Rİ17 saylı qrup tələbəsi Leyla Rahib qızı Məmmədova “Sirkulyent determinant və onun 2; 3; 4 dərəcəli cəbri tənliklərin həlli ilə əlaqəsi” (elmi rəhbər baş müəllim Sabir Nəriman oğlu Babuşov) və AƏ18.1 saylı qrup tələbəsi Könül Azad qızı Rəsulova “Şəxsiyyətin inkişafında ünsiyyətin rolu” (elmi rəhbər Nərgiz Nazim qızı Həsənova) mövzularında məruzə ilə çıxış ediblər.

Tələbələrin aktual mövzu seçimləri, müstəqil, səlis çıxışları konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Sonda Mingəçevir Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru, i.e.d., prof. Vesyəl Əyyubov çıxış edərək tələbələrə və onların rəhbərlərinə “Elm günü” münasibətilə təşkil olunan konfransda uğurlu və maraqlı çıxışlarına görə universitet rəhbərliyi rektor Akif Hacıyevin və öz adından təşəkkür edib və fəaliyyətlərində uğurlar diləyib.

Qeyd edək ki, konfransın işində fakültə dekanları, kafedra müdirləri, universitet TEC-in sədri, müəllim və tələbələr iştirak edib.

Şərhlər bağlıdır.