Mingəçevir Dövlət Universitetində (MDU) mdu.digitaledu.az saytı üzərindən qurulan “DigitalEdu” elektron universitet platforması ilə bağlı “TIM Consulting” şirkəti ilə növbəti əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu münasibətlə MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov “TIM Consulting” şirkətinin rəhbəri Teymur Hacıyev ilə görüş keçirib. Görüşdə Rəqəmsal İnkişaf və Layihələrin İdarə olunması Şöbəsinin müdiri Elçin Tağıyev də iştirak edib.
Görüş zamanı MDU-da elektron universitet modelinin qurulması, onun istifadəsi və üstünlükləri ilə bağlı müzakirələr aparılıb. Ü. Zeynalov “DigitalEdu” platformasının müasirləşən MDU-nun inkişafında müstəsna rol oynayacağına və “TIM Consulting” ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.
T. Hacıyev göstərilən diqqətə və əməkdaşlıqda maraqlı olduqlarına görə minnətdarlığını ifadə edərək, region universitetinin rəqəmsallaşma yolundakı irəliləyişini yüksək qiymətləndirib.
Sonda elektron universitet modelinin qurulması ilə bağlı prosesin növbəti mərhələsinə keçid üçün yeni müqavilə imzalanıb.
Qeyd edək ki, MDU ilə “TIM Consulting” arasında “DigitalEdu” elektron universitet platformasının qurulması ilə bağlı ilk əməkdaşlıq müqaviləsi 2022-ci ilin 1 dekabr tarixində imzalanmışdır. Bu müqaviləyə əsasən, 2023/2024-cü tədris ilindən etibarən MDU-da elektron universitet modeli tətbiq edilməkdədir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.