Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Əlvida, ilk müəllimim”

878

Mingəçevirdəki şəhid Noel Ahəngəri adına 13 saylı məktəbdə  IV a sinfinin şagirdləri “Əlvida, ilk müəllimim” adlı buraxılış gecəsi keçirib. Şagirdlərlə yanaşı valideyn və müəllimlərin də qatıldığı gecə Dövlət Himnimizin oxunması ilə başlayıb. Bundan sonra şagirdlər dörd il ərzində ilk müəllimlərindən öyrəndikləri bilik və bacarıqları nümayiş etdiriblər. Mahnı və şeirlər oxunub, rəngarəng rəqslər, kiçik səhnəciklər ifa olunub.

Öz sevimli şagirdlərinə vida sözü ilə müraciət edən 4 a sinifinin rəhbəri Xalidə Şamçıyeva uşaqlara gələcək təhsillərində uğurlar diləyib, 4 il əziyyətini çəkdiyi  sevimli balalarından ayrılmağın onun üçün çox çətin olduğunu dilə gətirib. Məktəbin direktoru Tünzalə Əfəndiyeva bildirib ki, ibtidai sinif müəllimləri bu təhsil ocağının daim sağlam bünövrəsi, möhkəm, dayanıqlı sütunları olublar: “Xalidə xanım 41 ildir ki,  şagirdlərinə ana qayğısı ilə yanaşan, bələdçilik edən müəllimlərimizdəndir. Bu gün onun 12-ci buraxılışıdır”.

Direktor onu da nəzərə çatdırıb ki, bu ildən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yeni məktəb binasının tikintisinə başlanıb: “Bu, ölkə rəhbərliyinin təhsilimizə göstərdiyi diqqət və qayğının nəticəsidir və bizə stimul verir ki, gələcəyimiz olan balalarımıza daha  yaxşı təhsil verək”.

Tədbirdə çıxış edən valideynlər ibtidai təhsil pilləsini başa vurmaları münasibəti ilə şagirdləri təbrik edib, Xalidə müəlliməyə sonsuz minnətdarlıqlarını bildiriblər.

Sonda hər bir şagirdə “Mənim ilk müəllimim”adlı xatirə kiabçası təqdim olunub.

Şərhlər bağlıdır.