Bizimlə həyatınız həmişə işıqlı olacaq!

KÜP

371

“Qoy prokuror da bilsin ki, bizim əzab-əziyyət bahasına qazandığımız əmək haqqının kartlarını əlimizdən alıb, atıblar küpün içinə. İndi küpü də gizlədiblər, bilmirik hardadır?”
Kapitalbanka çatanda əl atdım pul kisəmə ki, kartımı götürüb, pul çıxardım, baxdım ki, kart yoxdur. Bütün pulum burda, cibimdə bir qara qəpiyim də yox. Ha fikirləşdim ki, hara düşmüş ola, yadıma heç nə düşmədi. Dərd məni götürdü ki, arvadımın səhər işə gələndə pencəyimin sağ cibinə qoyduğu siyahıda yazdıqlarını bu tezliklə ala bilməyəcəyəm. Üstəlik uşaqlarıma pul göndərməliydim ki, həm kirayənişin qaldıqları evin kirayəsini ödəsinlər, həm də bazarlıq edə bilsinlər. Hələ bu pulla su, qaz, enerji, telefon və başqa xidmətlərə görə də ödənişləri aparmalıydım…
Elə bu dəmdə gördüm ki, saqqalı və saqqalsız kişilər, ortüklü və örtüksüz xanımlar Kapitalbankın bir addımlığında yerləşən prokurorluğun şəffaf şüşəli qapısının qabağına düzülüb, “hardadır küp?” deyə qışqırırlar. Orda adam əlindən tərpənmək olmurdu, iynə atsan yerə düşməzdi. Bu mənzərəni görəndə öz dərdimi unutdum və ciddi bir hadisə barədə məqalə yazacağımı düşündüm, maraqlı faktlar toplamaq üçün hadisə yerinə daha yaxın gəlməyə qərar verdim.
Saqqallı kişi içəri girib, prokurorla görüşməyə cəhd göstərirdi, amma qapıda dayanmış polis onu içəri buraxmırdı. Kişi elə hey ucadan deyirdi: “Qoy prokuror da bilsin ki, bizim əzab-əziyyət bahasına qazandığımız əmək haqqının kartlarını əlimizdən alıb, atıblar küpün içinə. İndi küpü də gizlədiblər, bilmirik hardadır?”
Doğrusu, nə baş verdiyini anlamadım. İzdihama qoşulan bir cavan oğlandan soruşdum ki, bu nə söhbətdir, cavabında dedi ki, bəs ay əmi, bizə dedilər ki, kartınızı itirərsiniz, verin saxlayaq, biz də inandıq: “Aparıb yığdılar “Qədim Mingəçevir” abidəsindəki küpün içinə. İndiyə qədər arxayın idik. Polis də küpü qoruyurdu. Amma abidəni söküb, yerində bayraq meydanı tikməyə başlayanda küpü götürüb, hara isə apardılar. Yerini də demirlər. Qorxuruq oğurlayalar, pulumuz bata…”
Polis saqqallının arxısınca gələn saqqalsızları saxlaya bilmirdi. Kiminsə atdığı daş şəffaf şüşəni çilik-çilik eləyəndən sonra bir qışqırıq qopdu ki…
…Səsə ayılanda gözüm saatın əqrəblərinə sataşdı: doqquza az qalmışdı, işə gecikirdim. Əl atdım pul kisəmə və kartımı yerində görüb, əməlli-başlı rahat oldum.

Şərhlər bağlıdır.