Araşdırma

Kredit azarını həkimlər yox, hakimlər “müalicə” edir

Evi yarımçıq qalan Teymur Əzizov: "Hakimə dedim ki, siz də, bank da imkan verin ki, gedib hardasa işləyim, borcu qaytarım"

Bank krediti ilə şirkətə qoyulan “depozitlər”

Əvvəllər gənclər təşkilatında çalışan Teymur Əzizov son il yarımda bankın girovuna düşənlərdəndir. Baxmayaraq ki, o, əksəriyyətdən fərqli olaraq, bank kreditini girovsuz əldə edib, hətta ona zamin duran şirkət də tapılıb, amma bu gün məhkəmə qarşısında o, tək qalıb.

Teymur ötən ilin mart ayında QALA BTX (Beynəlxalq Təhlükəsizlik Xidməti) və NV-LYUKS MMC tikinti şirkətlərinin rəhbəri və qohumu (bu şəxs qəhrəmanımızın xalası qızının əridir) Vüqar Hüseynovdan iş təklifi alıb.  Teymuru hər iki şirkətin regional nümayəndəsi təyin ediblər. Bir şərtlə ki, onun özü və işçiləri şirkətin hesabına müəyyən məbləğdə depozit qoymalıdırlar.

Teymur şirkət rəhbərinin yazılı  zəmanətiylə “Unibank” ASC-dən 5000 ABŞ $ kredit götürüb, özü də girovsuz. Ona 500 AZN olan albalı kartı və bankın etibarlı müştərisi sayıldığına görə  600 AZN olan üzvlük kartı da verilib.

“Əvvəl hər şey yaxşı idi. Ayda 1750 manat alırdım. Banka borclarımı da rahatlıqla qaytarırdım. Amma  bu, cəmi 2 ay çəkdi və şirkət bağlandı. Mənə bu zaman aydın oldu ki, bu şirkətlər insanlardan işlə təmin etmək adıyla çoxlu pullar alıb. 1000, 2000, hətta 3000  manat “depozit” qoyanlar olub. Mən özüm  4000 manat “depozit” qoymuşam. Əvəzində yüksək əmək haqqı vəd edirdilər. Məndən fərqli olaraq, əksəriyyət heç bir ay da əmək haqqı ala bilməyib. İşə ehtiyacı olan adamlar banklardan yüksək faizlə kredit götürüb, bu şirkətlərə ödəməklə, gələcəklərini təmin etmək istəyirdilər” – Teymur belə deyir.

Bank krediti, yoxsa nisyə alqı-satqı?

Bu gün əhalinin banklara 7, mağazalara isə 3 milyarddan çox borcu var. Hüquqşünas Əkrəm Həsənovun fikrincə, bir neçə il əvvəl vətəndaşlar çoxlu istehlak kreditləri götürürdü, banklarda isə daha çox borc alan uğrunda mübarizə gedirdi: “Prosesin sürətli getməsi üçün bank işçilərinə müqavilənin qısa yazılması tələbi qoyulurdu. Plana görə, gün ərzində 2-3 nəfərə kredit verilməliydi. 10 min manatdan çox məbləğə girov tələb olunurdu.  Banklar faizi çox qoyurdular. Lakin indi onlar böhran yaşayırlar. Çünki son hadisələrdən sonra qayıtmayan məbləğ çoxalıb. Əgər indi bankların 20-30%-i borcalanlarla məhkəmə prosesinə başlasa, banklar müflis olacaqlar. Çünki onların o qədər proses aparmağa gücləri yoxdur”.

Ekspert deyir ki, bu gün insanların borcu təkcə banklara deyil, eyni zamanda mağazalardan nisyə alınan məişət və elektron avadanlıqları, mebel və s. zəruri olan əşyalara görə yaranıb: “Elə o borcların özləri də bank sisteminin borclarıdır. Çünki mağazaların özləri də banklardan borc alıblar. Əgər mağazada bank işçisi müştəriylə bank arasında müqavilə tərtib edirsə, bu artıq bank kreditidir. 2013-cü ilin fevral ayından Mərkəzi Bankın tapşırığına görə bank işçilərinin magazada oturması qadağan olunub. Burda başqa problem var. Kimsə mağazadan nisyə mal alanda bunun da adını kredit qoyurlar. Bu termin qanunauygun deyil. Qanunda bunun adı nisyə alqı-satqı kimi göstərilir. Kredit odur ki, yalnız pul verəsən. Mülki Məcəlləyə görə, əgər vətəndaş hansısa əmlakı pərakəndə alqı-satqı müqaviləsinə uyğun olaraq nisyə alırsa, o pulu müddətin axırında qaytara bilər. Əgər müqavilədə nəzərdə tutulubsa ki, məsələn, 2 il müddətində hissə-hissə ödəniş edilsin,  vətəndaş məbləğin hamısını 2 ilin sonunda qaytara bilər. Bu halda məbləğə faiz hesablanmır”.

“Bir qayda olaraq məhkəmə bankın xeyrinə qətnamə çıxarır”

Statistikaya görə, bu ilin ilk 6 ayında Azərbaycanın bank-kredit təşkilatları tərəfindən 13,5 milyard manat həcmində kreditlər təqdim edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,6 faiz çoxdur. Kredit qoyuluşunun 32,9 faizi dövlət, 64,5 faizi özəl bankların, 2,6 faizi isə bank olmayan kredit təşkilatlarının payına düşür.

İstehlak kreditləşməsi artdıqca, müştərilərlə məhkəmə mübahisələri də artır.  Femida.az portalı bildirir ki, keçən həftə paytaxtda müxtəlif instansiyalarda 120 işə baxılıb. Bu müddətdə “DəmirBank” ASC-nin 13, “Unibank”ın 10, “Azərbaycan Beynəlxalq Bankı” və “Bank Technique”nın 9, “Royalbank”ın 8, “Əmrahbank”ın 7, “Kapital Bank” və “Zaminbank”ın 6, “Bank of Baku”nun 5 məhkəmə çəkişməsi olub.

Vəkil Tahir Əliyevin fikrincə,  məhkəmələr əksər hallarda bankların mövqeyini müdafiə edir: “Bu tipli işlərdə bir qayda olaraq məhkəmə bankın xeyrinə qətnamə çıxarır.  Amma bank əgər kredit muqaviləsinin xitam olunduğu vaxtdan 3 il sonra iddia qaldırırsa, adətən məhkəmə iddiani vətəndaşın xeyrinə rədd edir. Əgər vətəndaşın adına heç bir əmlak və ya iş yeri yoxdursa, ona inzibati iş açılır, 30 gunədək həbs verilir. Əgər bundan sonra da borc odənilmirsə, 3 ildən 5 ilə kimi həbsə məruz qalır”.

YAP-çı deputat Siyavuş Novruzov da kreditlərin yaratdığı problemlərdən danışarkən bankları ittiham edib. “Camaat borca düşür, mənzilləri əlindən alınır. Əhali bu pulu ödəmək üçün ya oğruluqla, ya da narkotika alveri ilə məşğul olmalıdır. Ipoteka krediti ilə bağlı da problemlər mövcuddur”,- deyə Siyavuş Novruzov vurğulayıb.

Rusiyada zərəri dövlət, bank və vətəndaş arasında böldülər

Problemin dərinləşməsi məsələnin məhkəmə müstəvisinə çıxarılmasına gətirib çıxarır.  Təbii ki, nə vətəndaş, nə də bank üçün uzun bir müddəti əhatə edən məhkəmə çəkişmələri arzuolunmazdır.   Lakin iqtisadçı Qubad İbadoğlunun sözlərinə görə, vətəndaşların məhkəmələrə müraciət etməsi doğru addımdır: “Manatın devalvasiyasından sonra banklarla müştərilər arasında yaranmış fikir ayrılıqlarının istənilən halda, məhkəmə müstəvisində çözülməsini düzgün yanaşma kimi qiymətləndirirəm. Birincisi, həqiqətən də bu sahədə mövcud qanunvericilikdə boşluqlar var. İkincisi isə banklarla müştərilər arasında olan müqavilələrdəki bəzi normalar qanunvericiliklə əsaslandırılmayıb. Hər iki halda hüquqi qiymət verilməlidir. Məhkəmələrin müstəqilliyinə şübhələr olsa da, şikayətlərə obyektiv baxılması müraciətlərin davamlı və kütləvi olmasından çox asılıdır. Başqa alternativlər qalmayıb. Bankların müştərilərə verdiyi 2-3 faizlik güzəştlər problemi həll etmək iqtidarında olmayacaq”.

Ekspert Natiq Cəfərli isə deyir ki, ölkədə devalvasiyadan əvvəl valyuta ilə 5-6 milyardlıq kredit götürülüb: “Bu il devalvasiya neft ölkəsi Qazaxıstanda da, Rusiyada da getdi. Onlarda dərhal problemli kreditlərlə bağlı komissiyalar quruldu, sivil toplumu, bankları, ekspertləri, hökuməti bir yerə yığaraq çarə axtardılar. Rusiyada konsepsiya budur ki, zərərin üçdə biri dövlət tərəfindən, üçdə biri banklar, üçdə biri də əhali tərəfindən ödəniləcək. Heç olmasa, bu bölüşdürüldü. Ya bankların, ya da təkcə əhalinin üzərində qalmadı. Bundan başqa, Mərkəzi Bank ən çox problemli kreditlərin olduğu «Sberbank»a kredit xətti açdı ki, problemlərini yoluna qoysun”.

Yeri gəlmişkən, son illər Rusiyada banklarla bağlı keçirilən məhkəmə proseslərinin çoxu müştərilərin xeyrinə başa çatıb. Bankların faizləri artırmasından narazı qalan müştərilərin çoxu məhkəmələri udub.

Avropada banklar müştəriyə hər xırda detalı izah edir

Bank məsləhətçisi Elena Frankın fikrincə, bank müştəri ilə eyni dildə danışırsa, onlar uzun illər üçün yaxşı tərəfdaş ola bilər: “Bank yaxşı maliyyə məsləhətçisidir. İnsanlar bank institutları ilə işləməkdən qorxmamalıdırlar. Bank işçiləri onları ətraflı başa salanda müştəridə faizi qaytarmaq yönündə yeni fikir yaranır. Bank müştərisi ilə bağladığı müqavilənin şərtlərini ona sabrlə və ətraflı başa salmalıdır. Müştəri isə həmin müqaviləni oxuyub başa düşəndən sonra imzalamalıdır. Lakin acınacaqlı haldır ki, Azərbaycanda müştəri müqavilə şərtlərini oxumadan imzalayır, öz səlahiyyətlərini başqasına etibar edir. Bundan istifadə edən bank işçisi onu aldada bilir”.

Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun (BƏƏKF) təmsilçisi Eduard Şmittin fikrincə, fəaliyyətini ancaq kredit vermək üzərində quran banklar kredit verərkən müştərini öyrənir, onun resurslarını yoxlayır və onu dərəcəylə qiymətləndirir: “Yəni, bank bununla öz riskini nəzərə alır. Məbləğ nə qədər çox olarsa, müştərinin onu qaytarmaq şansı az ola bilər. Bu halda bank daha çox itirir. Böyük məbləğlə kredit verən bank daha çox riskə məruz qalır. Buna görə də Almaniyada banklar xırda məbləğlərə üstünlük verirlər. Bununla yanaşı universal banklar isə bütün işləri görür və eyni hüquqları həyata keçirir. Azərbaycandakı bankların isə hamısı universaldır”.

“İmkan verin, gedib işləyim, borcu qaytarım”

Teymur Əzizov deyir ki, onu banka borclu salan şirkətlər-QALA BTX obyektlərin, evlərin mühafizəsini təşkil etməli, NV-LYUKS isə 30 faiz ilkin ödənişlə və 36 aylıq kreditlə vətəndaşlara ev, villa, obyekt tikməli,  ya da təmir etməliydi. Elə ilk ödənişi də Teymur özü edib. O, şəxsi mənzilini sataraq, yarımçıq tikilini başa çatdırmaq məqsədilə şirkətin hesabına 6810 manat pul ödəyib: “Şirkət dağıldı, evimiz isə yarımçıq qaldı. İndi valideynlərim  həmin yarımçıq, şəraitsiz evdə yaşayır. Atam göz xəstəsi, anam  yüksək dərəcəli şəkərə tutulub”.

2015-ci ilin yanvar ayında hər iki şirkətin rəhbəri və onunla birgə 5 nəfər firildaqçılıqda ittifam edilərək, həbs olunub. İndi iş yerini itirən və borcu ödəyə bilməyən Teymur Əzizovla yanaşı Mingəçevirdən 150, ətraf bölgələrdən isə 7 mindən çox adam yükləndikləri bank kreditlərinin altından çıxa bilmir. “UniBank”ın iddiası üzrə məhkəməyə çağrılan Teymur  deyir ki, fəhləlik etməklə, evlərdə kompüter sazlamaqla, bağ belləyib, yük daşımaqla və yaxın qohumlarının köməyilə indiyədək 300 manatı ödəyə bilib: “Məhkəmə bütün borcu ödəmək üçün mənə 1 ay vaxt verib. Hakimə dedim ki, siz də, bank da imkan verin ki, gedib hardasa işləyim, borcu qaytarım. Əslində “Unibank” iddianı mənə deyil, şirkətə qarşı qaldırmalıydı. Lakin ümidini itirmirəm. Məsələyə obyektiv baxılacağı günü gözləyirəm”.

Daha çox

Oxşar yazılar

Close