Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Kişi güclü, qadın zəif cins deyil”

287

Gənc bir qadın Mark Tvendən soruşur: “Sizə elə gəlmirmi ki, ən yaxşı hakim qadınlar ola bilər?”

-Təkcə hakim yox, -deyə Mark Tven etiraz edir, -həm də ən yaxşı cəllad!

Bir çox Azərbaycan kişiləri alimenti ödəmir

Dörd ilə yaxın evlilik həyatını arxada buraxan Samirə Əhmədova üç ildir ki, məhkəmələrdə qalıb. 20 yaşında aldadılaraq qaçırdılanda və Moskvaya aparılanda, bir il sonra körpəsini dünyaya gətirəndə bir ömür yolunu sona qədər bu yeni ailə ilə gedəcəyini düşünürdü: “Uşağa öz soyadımı verdim, çünki ərim rəsmi nikaha girmədi. O və valideynləri tez-tez məni təhqir edir, hətta döyürdülər. Bir gün məni notariusa gətirdilər, qızım üçün etibarnaməyə imza atmağı tələb etdilər. Sonra da məni anamı görmək adı ilə zorla “bir həftəliyə” Mingəçevirə yola saldılar. Axırda bildim ki, uşağımı əlimdən almaq üçün bunu ediblərmiş…”

Samirə xanımın hüquqi nümayəndəsi İnqilab Həsənovun fikrincə, bir çox hallarda qadınlarımız zorakılığa məruz qalanda səslərini çıxarmır, illər keçəndən sonra isə faktı sübuta yetirmək çətin olur. Onun dediyinə görə, 2012-ci ilin əvvəlində uşaq tələbi ilə bağlı Gəncə şəhərində qeydiyyatda olan Rasim Bəxtiyar oğlu Kazımova və onun valideynlərinə qarşı iddia qaldırılıb: “Proses bir ildən artıq çəkdi, nəhayət balanı anaya qovuşdura bildik. Bundan sonra S.Əhmədovanın əmlak və aliment  tələbləri də təmin olundu. Təəssüf ki, Samirənin keçmiş əri də bir çox Azərbaycan kişiləri kimi alimenti ödəmir. Bununla bağlı soydaşlarımızin daha çox məskunlaşdıqları Rusiya ilə ikitərəfli müqavilənin olmaması problemlər yaradır”.

Milli Məclisdə qadınlar 16% təşkil edir

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı  (NHMT) İctimai Birliyinin hesabatına görə, Azərbaycanda gender bərabərliyi sahəsində nisbətən qənaətbəxş sahə müvafiq hüquqi bazanın mövcudluğundadır, lakin müxtəlif qanunlar, o cümlədən gender bərabərliyi ilə bağlı qanun çox vaxt faktiki olaraq işləmir: “Təəssüf doğuran haldır ki, hətta Azərbaycanın ali qanunverici orqanında belə qadınlar çox az təmsil olunublar. Hazırda Azərbaycan parlamenti üzvlərinin yalnız 16%-i, başqa sözlə desək, 20 nəfəri qadınlardan ibarətdir. Halbuki, BMT üzvü olan dövlətlərin qadınların vəziyyətinə həsr olunmuş 1995-ci il Pekin konfransında qəbul olunmuş sənəddə göstərilir ki, qərarların qəbulunda cinslərdən birinin iştirak payının 30%-dən az olmadığı təqdirdə cəmiyyətin gender problemlərini həll etmək mümkündür”.

Təşkilat gender balansını təmin etmək məqsədilə dövlət (hökumət, parlament) və biznes strukturlarının rəhbər orqanlarında qadınlar üçün xüsusi kvotaların ayrılmasını vacib hesab edir: “Lakin nəzərə alsaq ki, sorğuda iştirak etmiş dövlət qulluqçularının və millət vəkillərinin təxminən 60-70%-i bu və ya başqa səbəbdən qadınlar üçün xüsusi kvotaların müəyyənləşdirilməsi əleyhinə çıxır, belə tədbirlərin Azərbaycanda tətbiqi ehtimalı çox aşağıdır. Respodentlər belə hesab edirlər ki, son illərdə ölkənin əldə etdiyi neft gəlirləri ana və uşaq sağlamlığının mühafizəsində (49,1%),  kişi ilə qadının cəmiyyətdə olduğu kimi, ailədaxili statuslarında (67,5%) ciddi dəyişikliklərə gətirib çıxarmayıb: “Əvvəl olduğu kimi əksər Azərbaycan ailələrində ər ənənəvi hegemon rolunu saxlamaqdadır”.

“İslam qaydalarına görə, kişi güclü cins deyil, qadın da zəif cins deyil”-bu fikir isə  İran prezidenti Rohaniyə məxsusdur.  Onun sözlərinə görə, qadınlara bərabər imkanlar, mühafizə və sosial hüquqlar yaradılmalıdır.

Qadın kişinin görəcəyi işi görə bilərmi?

İslamda qadınla kişi arasındakı fərqlilikdən bəhs edən İlqar Kamil yazır ki, qadın fiziki və ruhi baxımdan kişiyə bərabər ola bilmədiyi kimi, kişi də ona bərabər ola bilməz: “Nə kişi qadının bioloji cəhətdən daha inkişaf etmiş bir versiyası (şəkli), nə də qadın kişinin az inkişaf etmiş bir tipidir. Söhbət “fərqlilikdən” gedir, “üstünlük” və ya “əskiklikdən” deyil! Qadına təlqin olunmalıdır ki, sənin ən böyük və ən şərəfli məsuliyyətin məhz analıqdır! İslamın “cənnət anaların ayağı altındadır” dəyərləndirməsi də bu kompleksi yox etmək üçündür.  İslama görə qadın işləyə, pul qazana bilər, sadəcə bu, onun borcu deyil, lütfüdür! İslam təlimlərinə əsasən, evin maddi təminatı kişinin vəzifəsidir, qadınsa evi eşqlə, məhəbbətlə təmin etməlidir. Yer dəyişmələr baş verəndə, məsuliyyətlər qarışanda ailə dağılır, məhvə sürüklənir”.

“Gənclərin Sosial İnkişafına Dəstək”  İctimai Birliyinin sədri Rövşən Bağırov da eyni cür düşünür. O,  cəmiyyətdə kişilərlə qadınların hüquq bərabərliyinin tərəfdarı olsa da, başqa cür bərabərliyi qəbul etmir: “Çünki bu, ən azından fiziki baxımdan ola bilməz. Qadın kişinin görəcəyi işi görə bilməz. Belə olduğu halda hansı bərabərlikdən söhbət gedə bilər? Mən qadınların işləməyinin əleyhinə deyiləm,  sadəcə rəhbər ola bilməz qadın. Qadından idarəedən çıxmaz. Bu, Avropanın ortalığa atdığı bir temadır, bizim cəmiyyət üçün çox təhlükəli bir məsələdir. Ailə institutunu bizdə dağıtmaq istəyirlər”.

“Sonra deyirlər ki, qadınlar bacarmırlar…”

Azərbaycan dövləti öz ailə siyasətini, ölkənin gələcəyini sivil dünyaya, Avropaya inteqrasiyada görür.  Ötən ilin aprelində Xarici İşlər Nazirliyinin rəsmi səhifəsində gender bərabərliyinin təşviqi haqqında məqalə bu barədədir. Yazıda bildirilir  ki, Azərbaycan Respublikası bütün mühüm beynəlxalq sənədlərə-1992-ci ildə BMT-nin “Qadınların siyasi hüquqları” üzrə konvensiyasına, 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə konvensiyaya, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulub, Gender siyasətinin həyata keçirilməsi məqsədilə  ölkədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  yaradılıb, 2006-cı ilin dekabrında Milli Məclis Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında qanunu qəbul edib: “Hazırda gender məsələləri üzrə məsul şəxslər demək olar ki, bütün hökumət strukturlarında və Azərbaycanın bütün rayonlarının icra hakimiyyəti orqanlarında fəaliyyət göstərirlər”.

“Qadınları məhz qadın olduqlarına görə vəzifəyə qoymaq olmaz”. Bu fikri Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova səsləndirib. O, mediainfo.az-a açıqlamasında vurğulayıb ki, bəzən qadın olduğuna görə qadın irəli çəkilir: “Bir çox rayon icra hakimiyyətlərində belə bir proses getdi. Sıravi bir müəlliməni icra hakimiyyətində müavin təyin edirlər. Amma bir şey nəzərə alınmır ki, idarəetmə özü bir elmdir. O pilləyə çatmaq üçün hələ idarəetmənin aşağı pilləsində olmaq lazımdır, öyrənmək lazımdır, sonra yüksək pilləyə çıxıb kiməsə dərs vermək olar. Qadın irəli çəkilir, amma işinin öhdəsindən gələ bilmir, o kənarlaşdırılır, sonra deyirlər ki, qadınları irəli çəkirik, onlar bacarmırlar”.

Psixoloq Azad İsazadə  problemin kökünü kişilərə təklif olunan imkanların qadınlar üçün eyni dərəcədə əlçatan olmamasında görür: “Onların hüquqlarını tələb etmələri çox vaxt uğursuzluqla nəticələnir”.

 Mülkiyyətə sahib olmayan Azərbaycan qadını

Müstəqillik dövrü Azərbaycan qadınının cəmiyyətdəki sosial statusu və imkanlarına heç də köklü təsir etməyib. Qadınlar arasında işsizlik problemi artıb. Kənd rayonlarında bir çox valideynlər qızlarını erkən yaşlarında ərə verməklə işləməyən ailə üzvlərinin sayını, eləcə də ailənin büdcəsinə düşən gərginliyi  azaltmağa çalışırlar. İşləyən qadınların əksəriyyəti büdcədən maliyyələşən sahələrdə – səhiyyə, təhsil, elm və mədəniyyət müəssisələrində çalışırlar ki, burada da əmək haqqlarının səviyyəsi həddən artıq aşağıdır. Onların əksəriyyətinin mülkiyyətində demək olar ki, heç nə yoxdur.

Bir çox ekspertlər mülkiyyətə sahib olmağı vətəndaş azadlığının, şəxsiyyətin müstəqilliyinin əsas göstəricisi hesab edirlər. Media və Demokratiya İnstitunun direktoru Mehriban Vəzirin qənaətinə görə, bu cəhətdən ötən əsrin əvvəllərində Azərbaycan qadınının vəziyyəti indikindən yaxşı idi. Belə ki, o dövrdə qadın daha çox xüsusi mülkiyyətə sahib idi və bu mülkiyyəti üzərində hüquqları tanınırdı: “Atanın mülkiyyəti övladlar arasında bölünürdü, amma ananın mülkiyyəti toxunulmaz sayılırdı. Heç kimin ona müdaxilə etməyə ixtiyarı çatmırdı,  ana onu oğluna, gəlininə, hətta  kimə istəsə verə bilərdi”.

Mehriban xanımın fikrincə, bu gün Azərbaycanda bütün mülkyyət müəyyən zümrənin əlindədir, onların 96%-i isə kişilərdir, qalan 4%-in də 95 %-i formal olaraq qadınlara məxsusdur, amma reallıqda qadınların ona əli çatmır.

Kişi və qadınlar arasında resurs və imkanların (iqtisadi iştirak və imkanlar, təhsil dərəcəsi, siyasi səlahiyyət, sağlamlıq və həyatdaqalma) necə bölüşdürülməsi Dünya İqtisadi Forumunun hər il Qlobal Gender Bərabərliyi hesabatında əksini tapır. Ötən ilin oktyabrında yayılan hesabatda 136 ölkə arasında İslandiya 1, Finlandiya 2, Norveç 3, İsveç 4-cü yerdə qərarlaşıb:  “Cənubi Qafqaz ölkələri arasında lider Gürcüstandır (86). Sonra Ermənistan (94) və Azərbaycan (99) gəlir”.

Günahkar xəstə və həkim deyil

Bu yax;nlarda mətbuatda iki uşaq anası Pərvanə Qurbanovanın bətnindəki körpə ilə birgə həyatını itirməsi barədə məlumat yayıldı. Mingəçevir Dövlət Dram Teatrının səhnəsində Lalə, Təbəssüm kimi baş rolları ifa edən və ailəsi üçün canından keçməyə hazır olan 31 yaşlı xanımın başına gələnləri araşdırmaq Səhiyyə Nazirliyinin və hüquq-mühafizə orqanlarının işidir. Təkcə bunu demək kifayətdir ki, Azərbaycanda ana və uşaq ölümünün səviyyəsi Avropa ölkələrində olduğundan dəfələrlə çoxdur. Londonda qərarlaşan “Uşaqları qoruyun” yardım təşkilatının məlumatında  Azərbaycan anasının vəziyyəti 178 ölkə arasında 99-cu yerlə qiymətləndirilib: “Azərbaycanda 2010-cu ilin statistikasına görə, hər 1000 doğuşa 1 ana ölümü düşür. Müqayisə üçün, ərazisi və əhalisi Azərbaycan qədər olan Avstriyada vəziyyət Azərbaycandan 18 dəfə yaxşıdır: Avstriyada hər 18000 doğuş 1 ana ölümü ilə nəticələnir”.

Mingəçevir Valideynlər Assosiasiyası Idarə Heyətinin üzvü Yeganə Nəbiyeva medianın etinasız yanaşdığı bu faktı  Azərbaycan səhiyyəsinin hazırki durumunun real göstəricisi hesab edir: “İmkanlılar ən yaxşı klinikalarda, hətta xaricdə müalicə olunur, doğuş əməliyyatlarını rahatlıqla keçirə bilirlər. Neftlə zəngin olan ölkədə maliyyə kasadlığı üzündən kasıb qadınların evlərdə və ya acınacaqlı şəraiti olan  xəstəxanalarda doğmağa məruz qalmalarına isə Azərbaycan mediası lazımınca diqqət ayırmır. Onlar xəstəni və ya həkimi günahkar kimi təqdim edir, amma həmin insanları bu vəziyyətə salan hökuməti pozitiv öhdəliklərini yerinə yetirmədiyinə görə ciddi tənqid etmirlər”.

Gender bərabərliyində medianın rolu

Internet səhifələrinə baxış zamanı  müəyyən etdik ki, KİV-lərin əksəriyyəti haqqında söhbət gedən mövzuda araşdırmalara ümumiyyətlə yer ayırmır, ən yaxşı halda hesabatları dərc etmək,  tədbirlər barədə quru xəbərlər verməklə kifayətlənir.  Əslində belə tərzdə təqdim olunan  yazılar geniş oxucu auditoriyası üçün ciddi maraq doğurmur.  Bu, olsa-olsa, ancaq hansısa donora hesabat üçün yarıya bilər. Bəs gender bərabərliyi üçün medianın rolunu necə  artırmaq olar?

Bu sualla bir neçə QHT və media nümayəndəsinə müraciət etdik. “İdeal Gənclər” İctimai Birliyinin sədri Teymur Əzizov bildirdi ki, media rəhbərləri arasında qadınların sayı artmalıdır: “Yəni bu sahədə qərarvermə prosesində  qadınların kişilərdən asılılığı  azalmalıdır.  Qadın və kişi bərabərliyi haqqında vaxtaşırı video və telesüjetlər hazırlamağa ehtiyac var. Məsələn, insanı bir gün belə qadın olmağın nə demək olduğunu düşündürən videoçarx  kimi…”

“Gənc Liderlər” Təhsil, Təlim və İnkişaf İctimai Birliyinin rəhbəri  Səbinə Ələkbərovanın dediyinə görə, qadınların pozitiv imicini təbliğ etmək üçün KİV-lər arasında yarışlar keçirmək, uğur hekayələri yazmaq olar: “Mehriban Zeynalovanın bir təşəbbüsünü çox bəyənmişdim. Tanınmış  qadınlar öz həyatları haqqında hekayələr  yazırdılar. Bu yazılar qadınlara qarşı zorakığın aradan qaldırılmasına həsr olunmuşdu”.

Oksfam təşkilatının Media, Kommunikasiya və Kampaniya üzrə məsul işçisi Ceyran Bayramova gender mövzusunda məqalələrin professional səviyyəsini artırmağı vacib sayır: “Bu məqsədlə  jurnalistlər üçün treninq  və seminarlar, gender mövzusunda məqalə, araşdırma və foto müsabiqələr təşkil eləmək lazımdır”.

Müstəqil jurnalist Vəfa Fərəcova gender bərabərliyinin təmin olunması üçün KİV tərəfindən dövlət strukturlarının fəaliyyətinin monitorinqinin aparılmasını zəruru hesab edir:  “Paytaxtda qadın problemlərinə həsr olunmuş konfranların keçirilməsi heç də bu sahədəki catısmazlıqları aradan qaldırmır. Mobil qruplar yaradılmalıdır.  Xüsusən regionlarda,  qadınların cox sayda hüquqlarının  tapdalandığı bölgələrdə.  Media qurumları hüqüq-muhafizə, icra,  təhsil və səhiyyə orqanları ilə birgə vəziyyəti yerində araşdırmalıdır. Qapalı səraitdə əli, səsi heç yana catmayan qadınlarımız  daim basqıya məruz qalırlar”.

“RUH” Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Əvəz Rüstəmov düşünür ki, Azərbaycan kimi ölkələrdə gender bərabərliyi məsələsi özünü daha çox qadın hüquqlarının qorunmasının vacibliyi müstəvisində göstərir: “Bəzən elementar məsələlərdə qadınların hüquqlarına etinasız yanaşılır və bu, tarixən formalaşmış ailə institutunun tələbi kimi meydana çıxaraq, bir növ, leqallaşır. Məncə, media yanaşmanı xeyli dərəcədə dəyişə bilər. Əvvəla keçmişdəki şərtlərlə indiki şərtlər üzləşdirilə, istehsal və digər sahələrdə qadın əməyinin səmərəliliyinə aydınlıq gətirilə və bu əməyin cəmiyyətin tərəqqisi naminə faydalılığına izah verilə, mövcud sahədəki beynəlxadq təcrübə bölüşülə bilər. Təbii, bütün sadaladıqlarım məsələyə kompleks yanaşma tələb edir. Digər tərəfdən, ictimai sektorda fəallıq artırılmalıdır ki, jurnalistlər də həmin fəallığı işıqlandırmaqla prosesə töhfə vermiş olsunlar”.

Şərhlər bağlıdır.