Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“İstedadlar sorağında”

290

Oktyabrın  22-də Ziya Səfərbəyovun  “İstedadlar sorağında” layihəsi “Passage” restoranında  “Satel Telecom” şirkətinin dəstəyi ilə baş tutub. Layihəyə qatılan 36 iştirakçıdan hər biri səhnədə 3 dəqiqə ərzində öz şeir və qısa hekayələri ilə çıxış edib. Layihə müsabiqə xarakteri daşıyırdı və iki turdan ibarət idi. Tədbirə 150 nəfərdən çox tamaşaçı izləyici qismində təşrif buyurmuşdu. Qonaqlar və münsiflər sırasında məşhur xeyriyyəçi Ağamusa Nağıyevin nəvəsi və 6 kitab müəllifi Dilarə Nağıyeva,  yazıçı və “Samur”  qəzetinin baş redaktoru  Sədaqət Kərimova,  KVN-dən çox yaxşı tanıdığımız aktyor, gənclərin dostu və bir neçə kitab müəllifi Bəhram Bağırzadə, son zamanlar kütlə tərəfindən xüsusilə tanınan, Azərbaycan, Rusiya və Fransanın birgə ərsəyə gətirdiyi “Generallardan irəli” filminin ssenari müəllifi  Anar Ömərov və bir çox başqa müəllim, jurnalist və ədəbiyyatsevərlər iştirak ediblər. Səsvermə münsiflər heyəti və auditoriya tərəfindən 5 ballıq sistemlə aparılıb.

İlk turdan ikinci tura 7 iştirakçı keçid alıb  və onlardan üçü birinci-üçüncü yerləri bölüşüblər. İlk yerin qalibi Nigar Əzimova qeyri-adi çıxışı ilə hər kəsi heyran edərək, əsas mükafatı –“Samsung Galaxy” mobil telefonunu qazanıb. İkinci yerin qalibi tamaşaçıların qəlbinə səmimiliyi və gözəl ifası ilə yol tapan Fizuli Vaqifoğlu  “Lenovo Tab” ilə mükafatlandırılıb. Emosional çıxışı ilə fərqlənən Rizvan Sadığov üçüncü yerin sahibi kimi  “Power Bank”a layiq görülüb.

RecLife nəşr evinin dəstəyi ilə kitabları Amerikada və Avropada nəşr olunan üç kitab müəllifi Ziya Səfərbəyov qeyd edib ki, “İstedadlar sorağında” belə janrda ilk layihəsidir: “Gələcəkdə də bu tip layihələr keçirməyə çalışacağıq, çünki istedadlarımızı aşkara çıxarmaq və onları bir yerə toplamaq çox önəmlidir. Bu Azərbaycan ədəbiyyatının inkişafı üçün də çox vacibdir. İlk dəfə belə bir tədbiri  Permdə “Gənc yazıçıların görüşündə” və digər Avropa ölkələrində görmüşəm. Elə o vaxtlardan Azərbaycanda da belə unikal bir tədbir keçirmək fikri məni tərk etmirdi. Bütün iştirakçılara və dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm.”

Şərhlər bağlıdır.